İyulun 6-da Qəbələ şəhərində “Gənc xilasedici” X beynəlxalq, eləcə də “Gənc xilasedici və yanğınsöndürən” XI respublika yarışları qaliblərinin mükafatlandırılması mərasimi olub. Yarışlar Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, mükafatlandırma mərasimində təşkilatçı qurumlar və Qəbələ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin övladları, həmçinin ailə üzvləri iştirak ediblər.
 
Respublika yarışının final mərhələsində 18 komanda, beynəlxalq yarışda isə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və Özbəkistan komandaları iştirak ediblər.
 
Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika birinciliyində ilk yerə Bakı şəhəri 53 nömrəli tam orta məktəb, ikinci yerə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi, üçüncü yerə isə Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
 
Qalib komandalara təşkilatçılar tərəfindən kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
 
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsini yüksəltmək, məktəblilərə sağlam həyat tərzini, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətlə yanaşma hissini aşılamaq, həmçinin müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq, əməkdaşlıq əlaqələrini formalaşdırmaq olub.