İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadaları barədə təqdimatla çıxış edib. Olimpiadaların məqsədindən söz açan Fuad Qarayev bildirib ki, şagirdlər arasında iştiraka maraq bu il daha da artıb.
Məktəblilərimizin beynəlxalq olimpiadalardakı uğurlarına toxunan Fuad Qarayev qeyd edib ki, şagirdlərimiz 2014–2024-cü illər ərzində bu yarışlardan 470 medal qazanıblar.
Direktor müavini qeyd edib ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən fənn olimpiadalarında 244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini bu qürurverici uğur münasibətilə təbrik edib. Nazir bildirib ki, sözügedən olimpiadanın qalibi olmaq gələcəkdə həmin məktəblilərə düzgün qərar verməkdə köməklik edəcək. Nazirin sözlərinə görə, olimpiada qalibi olmaq çətin olsa da, şagirdlərimiz üçün gələcəyə açılan bir qapıdır.
Şagirdlərin uğurlarında əməyi keçən müəllimlərinə və münsiflər heyətinə xüsusi təşəkkürünü bildirən Emin Əmrullayev olimpiada qaliblərini bir daha təbrik edib və onlara uğurlar arzulayıb.
Ardınca Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçıya – “Birincilərin birincisi”nə və bütün qaliblərə diplom, həmçinin mükafatlar təqdim olunub.
Daha sonra Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində musiqi nömrələri də səsləndirilib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.