İyulun 4-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Üsküdar Universiteti arasında anlaşma memorandumu imzalanıb.
 
Bu barədə ADU-dan "Azərbaycan müəllimi"nə xəbər verilib.
 
Bildirilib ki, memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Üsküdar Universitetinin rektoru Nazife Güngör tərəfindən imzalanıb. Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, tələbə və müəllim mübadiləsi, birgə akademik konfransların keçirilməsi və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
 
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Üsküdar Universitetinin nümayəndə heyətini səmimi salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor vurğulayıb ki, universitetlər arasında imzalanan bu müqavilə geniş əməkdaşlıq üçün böyük imkanlar açacaq, iki qardaş dövlət arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcək.
 
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən rektor Nazife Güngör müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib. ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən qonaq iki universitet arasında elmi əməkdaşlığın qurulması və inkişafının perspektivlərini vurğulayıb.
 
Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf etməkdədir. Azərbaycan Dillər Universiteti ilə Türkiyənin Üsküdar Universiteti arasında imzalanan anlaşma memorandumu ölkələr arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.