Böyük Qayıdışın ilk məktəbi olan Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova işdən ayrılması ilə bağlı açıqlama verib.
 
"Azərbaycan müəllimi"nin məlumatına görə, o, qeyd edib ki, Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq, həqiqətən, qürurverici hissdir.
 
"Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq. Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm. Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq" - deyə o bildirib.
 
Xatırladaq ki, Nərmin Həsənova səhhəti ilə əlaqədar öz ərizəsi əsasında ötən gün vəzifəsindən azad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Həsənova Nərmin işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb və öhdəliklərini layiqincə yerinə yetirib.