"Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün ikinci dəfə imtahan təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, 9-15 iyul tarixlərində "Rəqəmsal bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul olmaq üçün şagirdlərə ikinci dəfə imtahanda iştirak şansı yaradılacaq.
İmtahanda iştirak edib təmayül siniflərə qəbul ola bilməyən şagirdlərə qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Onlar təkrar imtahanda iştirak etmək üçün dəvət olunacaq.
İmtahanda ilk dəfə iştirak etmək istəyən şagirdlər isə mütləq qeydiyyatdan (https://digitalskills.edu.az/az) keçməlidir.
Məlumat üçün bildirək ki, "Rəqəmsal bacarıqlar" layihəsinin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.
Layihə informatika fənninin tədrisini təkmilləşdirməklə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir.