İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında memorandumun imzalanma mərasimi keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib. Tədbirdən öncə qonaqlar Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, tədris auditoriyaları və laboratoriyalarla tanış olublar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov qonaqları salamlayaraq ATU ilə tərəfdaşlıq üçün atılan addımı yüksək qiymətləndirib və əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb.
ADNSU-nun dünya universitetləri arasında yüksək reytinq tutması, eləcə də tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən danışan dosent V.Əskərov beynəlxalq və yerli təhsil müəssisələri ilə əməkdaşlığın, innovasiyaların tətbiqinin hər iki universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib, əməkdaşlığın yeni mərhələsinin uğurlu olacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək birgə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən söz açıb. Memorandumun tələbələr və gənc tədqiqatçılar üçün yeni tədqiqat imkanları açacağını, həmçinin birgə startap ideyalarının, elmi-tədqiqat işlərinin, tədris proqramlarının yerinə yetirilməsinə öz töhfəsini verəcəyini deyib.
Sonra tərəflər arasında memorandum imzalanıb.
Qeyd edək ki, ATU-nun Əczaçılıq fakültəsinin tələbələri xeyli müddətdir ki, ADNSU-nun laboratoriyalarında təcrübə keçirdilər. Bu memarandumun imzalanmasıyla sözügedən fəaliyyət də rəsmiləşmiş olub.