Emin Əmrullayev: “Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik”
Toy-büsat quruldu, ellər Batabata toplaşdı... İrəvan, Dərələyəz, Qırxbulaq, Göyçə, Sərdarabad, Zəngibasar, Kərbibasar, Şörəyel, Vedibasar, Dilican, Zəngəzur adına çadırlar quruldu, hər mahala məxsus adət-ənənələrdən tutmuş, milli geyim, mətbəx, dekorativ-tətbiqi sənət, məişət əşyaları, quramalar, xalçalar, keçələr, tikmələr, musiqi alətləri, suvenirlərə qədər hər detala fikir verildi. Qərbi Azərbaycanın tarixi abidələrinin maketləri sərgiləndi, xalq oyunları, aşıq mahnıları, rəqslər ifa edildi. Məşhur yaylaq rənglərlə bəzəndi. Məclisə el dədəsi Dədə Qorqud gəldi, Oğuz elinin çaparlarına işarə verdi, Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalanıb el-obaya çağırış edildi. Bu, “Savaş deyil, qayıdış vaxtıdır, tarixi torpaqlarımıza dönürük” çağırışı idi...
“Azərbaycan müəllimi” qəzeti də oradaydı, bu tarixi hadisənin şahidlərindən biri kimi...
Batabata yığışan Qərbi Azərbaycan elləri...
Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” çağırışı səsləndi. Batabatda, sadəcə, çadırlar qurulmadı, igidlər at oynatdı, Şuşayadək döyüş yolu keçən qəhrəmanlar ayaq döyüb yeri-göyü lərzəyə gətirdilər, Zəfər kompozisiyası səsləndirib Zəfər nişanəsi olan - Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Zəfər Bayrağı ilədünyaya mesaj ötürdülər.
O gün zəfər yazan, bayraq ucaldan şəhidlərin ruhları yad edildi, Dövlət Himni səsləndirildi. 2023-cü ilin antiterror tədbirlərində əldə edilən qələbəyə həsr olunmuş “Zəfər marşı” Batabatdan bir havalandı ki, dostun qürurdan sinəsi qabardı, düşmənin bağrı yarıldı. Döyüşçü əlindəki məşəldən düşən od tonqallara elə bir od saldı ki, düşmənin tüstüsü ərşə dayandı.
Tarixi iş bölgüsü
Qərbi Azərbaycanın 11 mahalı Batabatda quruldu, elləri yaylağa toplaşdı. Sadəcə Qərbi Azərbaycan ellərimi?
Qərbi Azərbaycana qayıdış yoluna çıxmadan öncə iş bölgüsü aparılmışdı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə səyinə qol-qanad verən çox oldu. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, həmçinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri, hətta Türkiyədən olan universitetlər... Hər kəs bir işin qulpundan yapışdı. Kimin əlindən nə gəlirsə, hərə üzərinə bir məsuliyyət aldı.
Təhsilimizə düşən pay
Bu məsuliyyətdən təhsilin payına düşən daha böyük idi. Bu yay onlardan - Elm və təhsil naziri Emin Əmrullayevin ifadəsi ilə desək, o “arzu”lardan biri reallaşdı. Ötən il arzu olan olimpiada fikri - gələcək nəslin də bu prosesə qoşulması ideyası düşüncədən əmələ keçdi, uğurla gerçəkləşdi.
Bu da nəticə. Qərbi Azərbaycanın türk yurdu olduğunu bilən, əlavə məlumatlar əldə etmək üçün aylarla araşdırma aparan, axırda bir-biri ilə bilgi yarışdırıb medal uğrunda mübarizəyə qalxan məktəblilər də orada idi. Azərbaycanın ən müxtəlif kəndlərindən, şəhərlərindən gələn 36 məktəbli medal bəhanəsi ilə kimin yurd bilgisi çox, kimin yurd sevdasının böyük olduğunu, kimin tarixi keçmişinə sahib çıxdığını, kimin özünü hamıdan yaxşı tanıdığını göstərməyə çalışdılar və Batabatda bu səylərinə görə mükafatlandırıldılar.
Onlar “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk qalibləridir
Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, toponimləri, tarixi şəxsiyyətləri ilə bağlı biliklərini nümayiş etdirib 10 mindən çox məktəbli arasında fərqlənən 36 şagirdin qatıldığı, Naxçıvan Dövlət Universitetində baş tutan olimpiadanın final mərhələsinin 19 qalibi oldu.
Dünya Məktəbinin X sinif şagirdi Ramal Məmmədov qaliblərdən biridir. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının 3 birincisindən biri oldu: “Qalib olacağımı bilirdim və oldum! Özüm də Qərbi Azərbaycandan olduğuma görə, bu qələbəmə ikiqat sevinir, Qərbi Azərbaycana qayıdış hərəkatında qürurla yer alıram”.
Olimpiadanın daha bir birincisi - Cəlilabad rayon Əli Kərimov adına Gülməmmədli kənd tam orta məktəbin IX sinif şagirdi Kənan Vəliyev hesab edir ki, olimpiadanın qalibləri, sadəcə medal qazanan 10 nəfər deyil, finalda yarışan 36 nəfərin hamısı qalibdir: “10 min iştirakçı arasından 36 nəfər seçilib. Bu da o deməkdir ki, finala çıxan məktəblilərin hamısı qalibdir”.
Aytac Məmmədova Xırdalan şəhər M.Adıgözəlov adına 4 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Olimpiadada III yeri tutaraq bürünc medala layiq görülən Abşeron məktəblisi çox sevinclidir: “Olimpiadada III yeri tutdum və buna görə çox xoşbəxtəm. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının iştirakçısı olmaq özü də mənim üçün böyük sevinc səbəbidir. Burada əziyyətimin nəticəsini görmək məni ikiqat xoşbəxt etdi”.
Elm adamları da öz sözünü dedilər
Alimlər oradaydı...Ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar da bir araya gələrək Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyəti təbliğ etmək, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan konqresdə Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklərə dair fikir mübadiləsi apardılar.
“Dərələyəz” kompozisiyası
Zəngəzur Milli Parkında, Batabat yaylağında keçirilən festival-konqresdə ilk söz sadə qərbi azərbaycanlıya verildi. Onları səhnədə Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası “Dərələyəz” kompozisiyası ilə canlandırdı. Dədə Qorqud, dərələyəzli nənə-baba, arıçı oğlan, sağıcı qız, əlində bel, ayağında uzunboğaz çəkmələrlə suçu, yapıncılı çoban yurd həsrətini, illərlə məruz qaldıqları talanı, vəhşiliyi, təcavüzü, amansızlığı dilə gətirsə də, artıq ümid işığının parladığını xorla dünyaya hayqırdılar: “Bu həsrətim qiyamətə qalmadı, Sənə qovuşacağam, can Dərələyəz”.
“Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da reallaşacaq”
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirildiyini xatırladaraq bu siyasətin acı nəticələrinə toxundu. Onun sözlərinə görə, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və ən dəhşətli mərhələsi olub: “Həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar”.
O, əminliklə ifadə etdi: “Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da reallaşacaq”.
Bu insan hüquqları məsələsidir!
Elm və təhsil naziri Emin Əmrullayev cəmi bir neçə kilometr məsafədə yerləşən Qərbi Azərbaycan kəndlərinə həm ruhən, həm də coğrafi olaraq yaxınlaşdığımıza diqqət çəkdi: “Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Çünki bu, doğma evlərindən, ibadət yerlərindən, mədəniyyət abidələrindən məhrum edilmiş minlərlə həmvətənimizin insan hüquqları məsələsidir”.
Nazir ötən ilki festivalda vəd etdiyi təklifinin reallaşdığını da vurğulayıb: “Keçən il öz çıxışımda uşaqlar və gənclər arasında maarifləndirmə və təbliğat işinin vacibliyini qeyd etmişdim və təklif etmişdim ki, məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış”la bağlı bilik yarışı təşkil edək, onun final mərhələsini və mükafatlandırma mərasimini Naxçıvanda keçirək. Əlbəttə, söz verdik və elədik. Əminəm ki, finalçılarımız - Bakıdan, Göyçaydan, Ucardan, Sumqayıtdan, Ağstafadan, Cəbrayıldan, Ağdamdan, Cəlilabaddan, Qəbələdən, İsmayıllıdan, Naxçıvandan olan məktəblilərimiz bu əlamətdar günü heç vaxt unutmayacaqlar”.
E.Əmrullayev hesab edir ki, ümumi və ali təhsil müəssisələrində, həm təhsilalanlar, həm də təhsilverənlərlə Qərbi Azərbaycan barədə daha çox danışılmalı, araşdırmalı, öyrənməli və öyrətməliyik. O bu məqsədlə nəzərdə tutulan hədəfləri açıqlayıb: “Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasını davam etdirək; Tələbələr arasında silsilə maarifləndirmə tədbirlərini təşviq edək; Gənc müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumunu təşkil edək; Qərbi Azərbaycana həsr edilmiş elmi araşdırmaları təşviq edən qrantların verilməsini nəzərdən keçirək”.
Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 37 ildən sonra 1 trilyon ABŞ dollarına çatır
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulduğunu xatırlatdı. Həmin vaxt 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb və ya qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib: “1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə, 37 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir”.
“Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bütöv Türk dünyasının məsələsidir”
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış yolunda görülən işlərdən danışıb. Bu ideyanın ilk dəfə beynəlxalq müstəviyə çıxarıldığını, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlandığını, 225 bəyanat qəbul edildiyini deyib. Qərbi Azərbaycan İcmasının 7 rəsmi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilərin doğma ocaqlarından qovduğu, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlar bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb. Ölkənin 41 rayonu üzrə nümayəndəlikləri qərargahla təmin olunub: “Bu gün artıq Qərbi Azərbaycana qayıdış tək qərbi azərbaycanlıların və Azərbaycan Respublikasında yaşayan 10 milyon soydaşımızın məsələsi deyil. Bu, 60 milyonluq dünya azərbaycanlılarının və bir çox məqamlarda bütöv Türk dünyasının məsələsidir. Bu, soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır. Bu, Ulu Öndər Heydər Əliyevin bizə vəsiyyəti, Prezident İlham Əliyevin tapşırığı və atalarımız qarşısında övladlıq, övladlarımız qarşısında atalıq borcumuzdur”.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynova Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən danışıb.
“Türk-islam mədəniyyəti tarixinin önəmli bir parçası olan Zəngəzur dəhlizi Avropa və Asiyanı birləşdirən mühüm bir körpü rolunu oynayır”, - deyən Türkiyənin İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma təmsil etdiyi universitetin təşkilatçılığı ilə keçirilən “Zəngəzur dəhlizi” mövzusunda simpoziuma diqqət çəkib, Zəngəzur dəhlizi ilə paralel olaraq Qərbi Azərbaycana qayıdışın da ləyaqətli şəkildə reallaşacağına əminliyini ifadə edib.
Festivaldan çıxan nəticə: Qərbi Azərbaycan elləri evinə-eşiyinə yığışana qədər!!!
Festival Qərbi Azərbaycandan olan iki gəncin toyu ilə davam etdi. Ortaya çıxan nəticə toylu-büsatlı, elmli-kitablı, kiçikdən böyüyə hər kəsin iştirakı ilə bayram əhval-ruhiyyəli festival oldu. 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx, ötən dəfə verilən sözlərin bu dəfə reallaşanları və qısa müddətdə həyata keçirilməsi planlaşdırılan hədəflər göstərir ki, Qərbi Azərbaycana qayıdış festival-konqresi davamlı olacaq, ta Qərbi Azərbaycan elləri evinə-eşiyinə yığışana qədər.
O gün isə uzaq deyil. Festival konqres, sadəcə səslənən çağırışlarla deyil, ssenarisi ilə də bunu dedi: öncə səhnəyə sadə xalqın nümayəndələri çıxdı, həsrətdən, zülmdən, amansızlıqdan ziyan çəkən sadə insanlar. Sonra onların çəkdiyi zülmə son qoyan qəhrəmanlar artıq bu millətin arxasında güclü ordu olduğunu göstərdi. Rəsmi şəxslər xalqın və ordunun gücünü birləşdirən siyasi iradəni təmsil etdi. Alimlər elmin, ağlın gücündən hər zaman istifadə edən bir ölkənin tarixinə sahib çıxacağına, tarixi faktların kölgədə qalmasına imkan verməyəcəklərinə, yeni reallıqların tarixə əsaslanaraq diqtə ediləcəyinə işarə verdilər. Nəhayət, gələcək nəsil - olimpiadaçılar keçmişi öyrənib gələcəyə sahib çıxacaq bir nəsil yetişdiyinə əminlik yaratdılar.
Təcavüz, vəhşilik, zorakılıq qurbanı yurd insanına “Rahat uyu” deyən, bütövlük, müstəqillik şəhidinə “Sən də rahat yat” ismarıcı verən, torpağında bir damla qanı olan qazi balaya “Heç darıxma” təsəllisi olan, həsrət yorğunu yurddaşı “Son bir dəfə də ayaqlarına təpər, qollarına güc ver!” deyə çağıran, sadəcə səbrini, ömrünü azmış kimi, övladlarını vətənə qurban verənlərə “Qisasın yerdə qalmadı” hayqıran festival-konqres başa çatdı.
Bu yay Batabatda qurulan çadırlar kim bilir bir də hansı mövsümdə, harada qurulacaq? Batabatda hər kəsin niyyəti o çadırları gələn dəfə İrəvanda qurmaq idi... Niyyətin hara, mənzilin ora, Azərbaycan!
Ruhiyyə DAŞSALAHLI