Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin yekun hesabat konfransı keçirilib.
 
"Azərbaycan müəllimi"nə AzTU-dan xəbər verilib ki, tədbirdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Böyük Britaniyanın Middlesex Universitetinin əməkdaşı George Dafoulas,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov çıxış edərək layihənin Azərbaycan və Avropa ali təhsil müəssisələri arasında əlaqələri daha da gücləndirdiyini və Avropa təcrübəsinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyini qeyd ediblər.
 
Bakı Biznes Universitetinin nümayəndələri öz hesabat-təqdimatlarında ECAR layihəsinin yazılması zərurəti, mövcud olan ehtiyaclar, layihənin əsas məqsədi və hədəfləri, layihənin icra mərhələləri, o cümlədən layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında geniş məlumat veriblər.
 
Hesabat-təqimatdan sonra layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi keçirilib.
 
Yekunda layihənin Avropadan olan tərəfdaşları çıxış edərək öz təəssüratlarını bölüşüblər. Onlar layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını söyləyiblər.
 
Xatırladaq ki, layihə 2020-ci ildə 16 yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlayıb, 2024-cü ilə qədər isə iştirakçı təşkilatların sayı 21-ə çatıb. Layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub.