Elm və təhsil nazirinin əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və 12 regional təhsil idarəsi tabeliyində komissiyalar yaradılıb. İyunun 10-dan fəaliyyət göstərən komissiyalara artıq 2000-ə yaxın müraciət daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, təkrar sertifikatlaşdırmada uğur qazana bilməyən müəllimlərin müraciətlərinin dinlənilməsi, onların ailə üzvləri, sosial durumları ilə bağlı olan məlumatların araşdırılması və təhlil edilməsi məqsədi ilə təşkil edilən komissiyalar iyulun 30-a qədər fəaliyyət göstərəcək.
Hazırda 2000-ə yaxın müraciət olduğunu deyən N.İsmayılbəyli qeyd edib ki, komissiyalar müəllimlərin verdiyi məlumatları kateqoriyalaşdırıb. Müraciət edənlərin növbəti mərhələdə sosial həssaslığı, rifah səviyəsi nəzərə alınaraq alternativ işlərlə təmin olunmaları istiqamətində addımlar atılacaq: “İstər təhsil qanunvericiliyi, istərsə də, əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq əmək müqaviləsinə xitam veriləcək müəllimlərin qarşısında öhdəliklərimiz var. Onların məzuniyyəti, son hesablarının ödənilməsi ilə bağlı məsələlər də həll ediləcək”.