Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın da əsas hədəfi elm və təhsil sahəsindəki qabaqcıl nailiyyətlərdən yararlanaraq, ölkəmizdə müasir bilik və səriştələrə, tədqiqatçılıq bacarıqlarına malik yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır. 
 
“Azərbaycan müəllimi”nin növbəti müsahibi hazırda adıçəkilən proqram çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Queen Mary University of London” (QMUL) ali təhsil müəssisəsində bakalavr təhsili alan Müjgan Bayramovadır. Əvvəlcə müsahibimizlə yaxından tanış olaq. 
 
Tanıtım: Müjgan Kənan qızı Bayramova 2004-cü ildə anadan olub. 2014-cü ildən 2018-ci ilədək “Gənc istedadlar” liseyində ümumi orta təhsil alıb. Tam orta təhsilini 2018-2022-ci illərdə Bakı Türk Anadolu liseyində “Üstün başarı”, “Onur” və “Takdir” sertifikatları ilə tamamlayıb. Beynəlxalq Gənclər Riyaziyyat Olimpiadasında (International Youth Math Challange, IYMC) dünya üzrə ikinci yeri tutaraq “Gümüş medal”a (Silver honour), Azərbaycan üzrə birinci yer tutaraq “Milli şərəf” mükafatına (National Award) layiq görülüb. 
 
 
2022-ci ildə “2022-2026 Dövlət Proqramı” çərçivəsində “Queen Mary University of London” ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Hazırda universitetin “İqtisadiyyat, maliyyə və idarəetmə” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alır. 2023-2024 tədris ilinin ikinci semestrində Managerial Accounting (BUS022) (İdarətmə uçotu) modulu üzrə “Ayın tələbəsi” adına layiq görülüb, sertifikatla təltif edilib. 
 
- "2022-2026 Dövlət Proqramı" sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, hər birimizin qarşısına bir dəfə həyatımızın dönüş nöqtəsi olacaq şans çıxır. Əgər bu şansı düzgün dəyərləndirməyi bacara bilsək, həyatımızı tamamən dəyişdirmiş oluruq. Məhz buna görə də “2022-2026 Dövlət Proqramı”nın mənim və yüzlərlə tələbənin həyatında dönüş nöqtəsi olduğunu düşünürəm. Bu proqram sayəsində biz gənclər indi bir zamanlar xəyalını qurduğumuz universitetlərdə təhsil ala bilirik. Dövlət Proqramı ölkəmizin gəncləri üçün əvəzedilməz bir fürsətdir. Fikrimcə, azərbaycanlı tələbələr xarici tələbələrlə müqayisədə daha çalışqan və məsuliyyətlidir. Lakin dünyanın top reytinqli universitetlərində oxumaq çətin və bahalı olduğu üçün məhz həmin universitetlərdə təhsil alma bacarığına malik tələbələrin bir çoxu xaricdə təhsil alma arzularından vazkeçməli olurdu. İndi isə Dövlət Proqramı sayəsində bir çox tələbənin arzusu həyata keçməklə qalmır, belə bir şansının olduğunu bilən hər bir tələbə dünyanın nüfuzlu universitetlərində oxumaq üçün ölkəmizdə nailiyyətlər əldə etməyə can atır. 
 
Öz təcrübələrimdən yola çıxaraq onu deyə bilərəm ki, Dövlət Proqramı bizə dünyanın top universitetlərində təhsil almaqla yanaşı, bizləri gənc yaşlarda fərqli mədəniyyətlərlə tanış edərək dünyagörüşümüzü artırmağa imkan yaradır. Yeni təcrübələrimizi bizdən fərqli düşüncələrə, bilik və bacarıqlara malik olan tələbələrlə və insanlarla birgə yaşamağın gələcəkdə əldə edəcəyimiz böyük nailiyyətlərin pillələri olduğunu düşünürəm. Bu gün dünyanın top universitetlərində təhsil alan hər bir azərbaycanlı tələbə ölkəmizi təmsil edir. Onlar mədəniyyətimizi tanıtmaqla yanaşı, ölkəmizin elm və təhsilə nə qədər əhəmiyyət verib dəstəklədiyini göstərirlər. 
 
 
- Təhsil aldığınız ali təhsil müəssisəsi və seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Xaricdə təhsil sizi qane edirmi?  
- Təhsil aldığım ali təhsil müəssisəsi “Queen Mary University of London” Böyük Britaniyanın nüfuzlu “Russell Group” universitetlər qrupuna daxil olan məşhur tədqiqat universitetidir. QMUL tələbə heyətinin müxtəlifliyi ilə tanınır. Belə ki, 170-dən çox millətdən olan 32000-dən çox tələbəsi ilə Birləşmiş Krallıqda ən inklüziv universitetlərdən biridir. Universitet 2024-cü ilin “Times Higher Education World University Rankings” sıralamasına görə, tədqiqat keyfiyyətinə görə dünya üzrə 14-cü, Birləşmiş Krallıqda isə 5-ci yeri tutur. Mənim də təhsil aldığım Mile End kampusu Londonun ən böyük kampuslu universiteti hesab edilir. 
 
Seçdiyim ixtisas olan iqtisadiyyat, maliyyə və idarəetmə özlüyündə üç ayrı sahədən ibarətdir. Dünyanın bir çox universitetində bu sahələr ayrı-ayrı tədris edilsə də, təhsil aldığım Queen Mary Universiteti üçünü də eyni anda tədris edən yeganə universitet olaraq tanınır. Məhz bu səbəbdən universitet seçimi edərkən mənim üçün ən mühüm nüans bu oldu. Bununla yanaşı, ixtisasım üzrə Birləşmiş Krallıq qlobal səviyyədə mükəmməlliyi ilə tanınan prestijli universitetlərə ev sahibliyi edir. Tədris proqramları biznes qanunu, oyunlar və strategiyaları, marketinq, ticarətin prinsipləri və kapital bazarları kimi müxtəlif kursları əhatə edir və bizlərə ən çox yönəlmək istədiyimiz sahələrə uyğun dərs seçimi şansı verilir ki, bu da hərtərəfli təhsil təmin edir.
 
QMUL-də təhsil almaq məni multikultural mühitlə təmin edir və bu da qlobal perspektivimi genişləndirir. İqtisadiyyat və menecment kimi sahələrdə müxtəlif bazarları və beynəlxalq iqtisadi siyasətləri başa düşmək çox vacibdir və düşünürəm ki aldığım təhsil mənə kifayət qədər bu biliyi verir.
 
 
- Siz universitetdə “Ayın tələbəsi” adına layiq görüldünüz. Kimlər və hansı uğurlara görə bu ada layiq görülürlər? Bu tələbəyə hansısa üstünlük qazandırırmı?
- Ayın tələbəsi seçildiyim “Managerial Accounting” (İdarəetmənin uçotu) modulunda 250-yə yaxın tələbə var və bu tələbələrdən sadəcə 8 nəfər “Ayın tələbəsi” adını almağa haqq qazanır. Bu 8 tələbə mühazirələrdən sonra keçirilən 8 seminar qrupundan modulu tədris edən əsas professor və onun köməkçi repetitoru tərəfindən seçilir. Bu tələbələr dərslərdə aktiv iştirak, seminarlar və müzakirələrdə fəal olmaq, qrup işlərində göstərilən iştirak və digər tələbələrlə əməkdaşlıq etmə bacarığı, dərslərə davamlı və vaxtında hazır gəlmək, yeni və yaradıcı fikirlər irəli sürmək əsasında təyin edilir. 
 
Bu cür nailiyyətlər akademik etibarımızı artırır, professorlar, dekanlıq və digər tələbələr tərəfindən tanınmağımıza kömək edir. Eyni zamanda sertifikat və hədiyyə təqdim edilərkən professorumuz hansı ölkədən olduğumuzu və o ölkə haqqında bəzi suallar soruşurdu ki, bunun da ölkəmizi təmsil edib tanıtmaq üçün gözəl bir şans olduğunu düşünürəm. 
 
Bundan əlavə, bu nailiyyəti CV-mizə əlavə edərək işə müraciət etdiyimiz zaman üstünlük əldə edə bilərik. Ən əsası da bu cür nailiyyətlər biz tələbələri daha çox motivasiya edir və özünə inamımızı artırır. Düşünürəm ki, bu da təhsilimizdə və gələcək karyeramızda daha yaxşı performans göstərməyimiz üçün çox faydalıdır.
 
- Universitet müəllimləriniz, professorlarınız və ümumiyyətlə akademik mühit barədə nə deyə bilərdiniz? Tədris proqramları və dərsliklər nə dərəcədə yeni və innovativdir?
- İngiltərədə təhsil almağımıza baxmayaraq, nadirən ingilis müəllimlərlə qarşılaşırıq. Dünyanın müxtəlif ölkələrindən və müxtəlif universitetlərindən müəllimlərimiz var. Bəzi müəllimlərimiz bizim universitetlə yanaşı digər universitetlərdə dərs verirlər ki, bunlar arasında dünyanın ən yaxşı universitetlərindən sayılan Oksford və Kembric universitetləri də yer alır. Bu da bizlərə digər nüfuzlu universitetlərdə dərslərin necə tədris olunduğu ilə bağlı fikir qazandırır, magistr və ya doktorantura ilə təhsilinə davam etmək istəyənlər üçün çox faydalı olur. 
 
Müəllimlərimiz tələbələrin suallarını cavablandırmağa, onların akademik mühitdə inkişafına yardım etməyə açıqdırlar. Tələbələrin həm dərs müddətində, həm də dərsdənkənar fəaliyyətlərdə müəllimləri ilə çəkinmədən məsləhətləşə bilməsi üçün çox imkan yaradılır. 
 
Ümumi olaraq, Queen Mary Universiteti elmi və texnologiya mərkəzli proqramları ilə tanınır. Tələbələrinə müasir tədqiqat mərkəzləri, laboratoriyalar və öyrənmə mühitləri təqdim edir. Müəllimlərimizin bəziləri dərsi hər il yenilədikləri slaydlar və dəstəkləyici kitablarla tədris edərkən, bəziləri isə öz yazdıqları dərsliklərlə icra edirlər. Tədris proqramlarının yeniliyi ilə bağlı onu deyə bilərəm ki, QMUL hər zaman dünyanın top reytinqli universitetlərində yeni tədris olunmağa başlayan dərsləri Britaniyada ilk tədris edən universitet olmağa çalışır. 
 
 
- Universitetdə tələbələrin tədqiqatçılıq fəaliyyətinə cəlb olunması səviyyəsi necədir? Hansısa stimullaşdırma və ya təşviq mexanizmləri varmı? 
- Universitetdə müəllimlərimiz, tələbələri müstəqil düşünməyə, kritik analiz etməyə və öz araşdırmalarını aparmağa təşviq edərək, onların tədqiqat bacarıqlarını inkişaf etdirmələrinə dəstək olurlar. Hər bir modulda imtahanla yanaşı, bizdən tədqiqat aparmağımızı tələb edən bir tapşırıq da olur. Britaniyada məktəblərdə və universitetlərdə Turnitin proqramından istifadə edilir və bu proqram elektron şəkildə təqdim edilmiş sənədləri akademik nəşrlər, internet və əvvəllər təqdim edilmiş sənədlər bazası ilə yoxlayaraq istifadə edilən materialı müəyyən edir. Bu səbəblə də tələbələr tədqiqat tələb edən tapşırıqları hazırlayarkən internet resurslardan istifadə etmək qadağan olduğu üçün elmi məqalələrdən və kitablardan istifadə etməyə təşviq edilir. Əks halda universitet xəbərdarlıq edərək həmin tapşırıqdan bal vermir. 
 
Bununla yanaşı, il ərzində tələbələrin tədqiqat və sorğu aparmaq qabiliyyətini inkişaf etdirmək və işçilərə tədqiqatlarını həyata keçirməkdə dəstək vermək üçün onlara universitet tərəfindən təkliflər edilir. Bu təkliflərə görə tələbələr həftədə 5 saat olmaqla 1 aydan 3 aya qədər tədqiqata cəlb olunurlar və stimullaşdırıcı olaraq onlara bunun qarşılığında müəyyən ödəniş təklif edilir. Bununla birlikdə tələbələr həm universitetin professor-müəllim heyəti ilə birlikdə işləyərkən akademik tədqiqatları birinci əldən təcrübədən keçirmə və əvəzolunmaz tədqiqat bacarıqları əldə edir, həm də bunun qarşılığında pul qazanırlar. 
 
- "Queen Mary University of London" ali təhsil müəssisəsindən hansı müsbət təcrübələri qeyd edə bilərsiniz? 
- Düşünürəm ki, QMUL-un tədris imkanlarını nümunə götürmək faydalı ola bilər. Onu deyə bilərəm ki, universitetimizdə “Peer Assisted Study Support” (PASS) deyilən bir proqram var. PASS kiçik qruplar şəklində bakalavr tələbələrinə müzakirə və öyrənmə yolu ilə akademik səriştənin formalaşmasına kömək etmək məqsədi daşıyır.
 
Sessiyalar universitet tərəfindən mentorluq üçün təlim görmüş ikinci və ya üçüncü kurs tələbələri tərəfindən semestr boyu həftəlik şəkildə həm fiziki, həm də onlayn olaraq keçirilir. PASS Mentorları tələbələrə cavab vermək üçün deyil, onlara öz cavablarını tapmaqda yardımçı olaraq təhsillərində uğur qazanmaq üçün tələb olunan prosesləri və əlaqəli öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün fəaliyyət göstərirlər. Düşünürəm ki, belə bir sistem hər bir universitetdə olmalıdır, çünki bəzən dərslərdə bizlərə qaranlıq qalan məqamlar ola bilir. Bunları bizlərlə eyni yoldan keçmiş tələbələrdən öyrənmək və eyni şəkildə öz təcrübələrimizi yeni gələn tələbələrlə bölüşmək akademik uğurlar əldə etmək üçün çox faydalı olur. 
 
Bununla yanaşı, təhsil aldığımız 3 il boyunca “Şəxsi və Karyera İnkişafı Planı” (Personal and Career Development Plan) modulu keçirik. Bu modul universitet zamanı iş təcrübəsi qazanmağın vacibliyini, eləcə də mövcud müxtəlif imkanları vurğulamaqla tələbələrin karyera həyatına atılmasına kömək məqsədi daşıyır. 
 
Bütün tələbələr yüksək səviyyəli CV yaratmaq üçün karyera komandası ilə təkbətək görüşdürülür və universitetin yaratdığı karyera platformasında psixometrik testdən keçirilir. Nəticələrə əsasən, hər bir tələbənin öz maraqlarına uyğun hər gün universitet daxilində və xaricində olan iş təklifləri göndərilir. Bu pullu təcrübə proqramları həm iş həyatında təcrübə qazanmaq, həm də təhsil alarkən öyrənilən bilikləri praktika ilə birləşdirmək üçün əvəzedilməz fürsətlər yaradır. Düşünürəm ki, Azərbaycandaki ali təhsil müəssisələrində də belə platformalar yaradıb bunların dərsini keçmək, tələbələrin gələcək hədəflərini düzgün bir şəkildə təyin etmək çox faydalı olar. 
 
- Hazırda Azərbaycanda “yaşıl iqtisadiyyat” konsepsiyası gündəmdədir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı. “Yaşıl iqtisadiyyat” bizə nə verir?
- İlk başda onu deyim ki, COP29-un ölkəmizdə keçirilməsi çox qürurverici bir hissdir. Yerli və beynəlxalq ekspertlər tərəfindən ölkəmizin COP29-a ev sahibliyi bu ilin ən mühüm tarixi hadisəsi və respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. 28 may 2024-cü il tarixində “London School of Economics and Political Science” ali təhsil müəssisəsində LSESU Azərbaycan Cəmiyyətinin təşkil etdiyi “Azərbaycan COP29: yaşıl gələcək üzrə strategiyalar” adlı tədbirinə qatılmaq şansım oldu. Tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri cənab Elin Süleymanov Azərbaycanın COP29 prezidentliyi çərçivəsində qlobal yaşıl iqtisadiyyata keçidin əhəmiyyətini vurğuladı, LSE Dövlət İdarəetməsi Fakültəsinin proqram direktoru Dr. Lloyd Gruber birlikdə Coventry Universitetinin professoru Dr. Çağatay Pişkin ilə apardığı fikir mübadiləsini dinlədik.
 
Yaşıl iqtisadiyyat, təbii resursların qorunmasını və ətraf mühitin mühafizəsini ön plana çıxarır. Azərbaycanda qurulmuş təkrar emal prosesi “yaşıl iqtisadiyyat”ın inkişafına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına, sənaye məhsullarının istehsalının genişləndirilməsinə xidmət edir. Günümüz iqtisadiyyatında “təkrar emal” mühüm rol oynayır. Bunun sayəsində təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını alınması hədəflənir. “Yaşıl iqtisadiyyat”ın əsas komponentlərindən biri enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Bu həm enerji xərclərinin azalmasına, həm də fosil yanacaqlarından asılılığın azaldılmasına kömək edir. 
 
 
Dünyada ətraf mühitin çirklənməsi, təbii ehtiyatların azalması, iqlim dəyişiklikləri və artan tələbat şəraitində dayanıqlı inkişafa nail olmaq üçün “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi və müasir tələblərə uyğun inkişaf etdirilməsi çox böyük əhəmiyyətə malikdir. 
 
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində 5-ci prioritet “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adını daşıyır. Bu, eyni zamanda Azərbaycan Prezidentinin “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etmişəm” çağırışına bir dəstəkdir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, habelə iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir və bu istiqamətdə nəzərdə tutulmuş strateji hədəflərdən biri də bu bölgələrdə yaşıl enerji zonasının yaradılmasıdır. 
Nəticə etibarilə, “yaşıl iqtisadiyyat” Azərbaycana həm iqtisadi inkişaf, həm də ətraf mühitin qorunması baxımından böyük imkanlar təklif edir. Bu istiqamətdə atılan addımlar ölkənin dayanıqlı inkişafına və gələcək nəsillərə daha yaxşı yaşayış şəraiti təmin etməyə kömək edəcəkdir.
 
- Bilirsiniz ki, artıq Qarabağda yeni ali təhsil müəssisələri yaradılır. Gələcəkdə yeni universitetlərdə işləmək və öz töhfənizi vermək istərdinizmi?
- Bəli, Qarabağda yeni ali təhsil müəssisələrinin yaradılması çox sevindirici bir hadisədir və gələcəkdə bu universitetlərdə işləmək və öz töhfəmi vermək çox maraqlı olardı. Bu həm mənim peşəkar inkişafım, həm də regionun təhsil səviyyəsinin yüksəlməsinə dəstək olmaq üçün böyük bir fürsət ola bilər. Gələcək nəsillərin keyfiyyətli təhsil alması və regionun inkişafına töhfə verməsi üçün belə bir layihədə iştirak etmək məmnuniyyət verici olardı.
 
- Universitetlərimizdə tələbələrin elmə, elmi-tədqiqatlara daha geniş cəlb olunması üçün nə kimi işlər görə bilərik?
- Düşünürəm ki, tələbələrə tədqiqat mentorluğu təmin etmək onları elmi-tədqiqatlara daha geniş cəlb etmək üçün faydalı ola bilər. Akademik kadrlar tələbələrə mentorluq edərək onların tədqiqat layihələrini dəstəkləyə bilər. 
 
Bununla yanaşı, tələbələr üçün elmi konfranslar, sərgilər və simpoziumlar təşkil etmək, onların tədqiqatlarını daha geniş auditoriyaya təqdim etməyə və onların öz məqalələrini, fəaliyyətlərini digər tədqiqatçılarla paylaşmağa imkan yaradar. 
 
Həmçinin tələbələrə elmi-tədqiqatlar üçün maliyyə dəstəyi təmin etmək, onların fəaliyyətlərini müstəqil şəkildə həyata keçirə biləcəyi şərait yaratmağa kömək edər.
Bu tədbirlər tələbələrin elmə və elmi-tədqiqatlara cəlb olunmasında vacib rol oynaya bilər. Həmçinin tələbələr arasında əlaqələrin qurulmasına, tədqiqat mədəniyyətinin formalaşmasına və onların akademik inkişafına dəstək verər.
 
- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?
- Gələcək hədəfim bakalavrı bitirdikdən sonra eyni şəkildə İngiltərədə magistr təhsilimə davam edib, həmin müddət ərzində isə ölkəmizin keçmişdən bu günə qədər gələn zəngin mədəniyyətini və ənənələrini fərqli millətlərə tanıtmağa çalışmaqdır. Məqsədim iqtisadiyyat və maliyyə sahəsində qazandığım bilikləri, ölkəmizə və cəmiyyətimizə faydalı olacaq yöndə tətbiq etməkdir. Bundan sonra atdığım hər addımda daha böyük uğurlar və nailiyyətlər əldə edərək ölkəmizi ən gözəl şəkildə təmsil etmək ən böyük arzumdur. 
 
Oruc MUSTAFAYEV