Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığı müşahidə edilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı sosial şəbəkə hesabında paylaşım edib.
"Xüsusi olaraq qeyd etmək istəyirəm ki, sizinlə bölüşdüyüm səs yazısında belə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar yer alır:
- - İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri smslə gəlmir. Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.
- - Səs yazısında haqqında danışılan “imtahan komitəsi” adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir “komitə” fəaliyyət göstərmir.
- - Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır" - deyə paylaşımda qeyd olunub.