İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib və önünə güllər düzüblər.
 
Heydər Əliyev Muzeyinə gələn ziyarətçilərə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə məlumat verilib.
 
Daha sonra Zəngəzur Milli Parkında, Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin rəsmi açılış mərasimi keçirilib.
 
Əvvəlcə Oğuz elinin çaparları Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqal qalayıblar. Sonra “Zəfər” kompozisiyası təqdim olunub, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
 
2023-cü ilin antiterror tədbirlərində qazandığımız qələbəyə həsr olunmuş “Zəfər” marşı ifa edildikdən sonra Naxçıvan Dövlət Universiteti Tələbə Teatr Studiyası tərəfindən “Dərələyəz” kompozisiyası təqdim olunub. 
 
Ardınca 2023-cü ildə keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən yaddaqalan məqamları əks etdirən videoçarx nümayiş olunub.
 
Festival-konqresin plenar iclasında açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlar əsasında ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub və bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Naxçıvanda keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də ölkəmizdə bu sahədə görülən işlərin tərkib hissəsi olmaqla yanaşı, həm də xalqımıza qarşı törədilmiş haqsızlıqlara bir daha nəzər salmaq fürsəti yaradacaq. 
 
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev builki festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunmasının daha bir özünəməxsusluğunu diqqətə çatdırıb. Nazir bildirib ki, festivalın təşkil olunduğu məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndləri yerləşir, yəni builki festival bizi həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırır. Bu mühüm tədbirin Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunmuş sanballı bir ictimai-mədəni müzakirə platforması rolunu oynadığını vurğulayan elm və təhsil naziri qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. Nazir bildirib ki, məktəblilər arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadası davam etdiriləcək, tələbələr arasında silsilə maarifləndirmə tədbirləri, Gənc Müəllimlərin Qərbi Azərbaycana Qayıdış Forumu təşkil olunacaq, həmçinin Qərbi Azərbaycan mövzusunda elmi araşdırmalarla bağlı qrantların verilməsi nəzərdən keçiriləcək. 
 
Elm və təhsil naziri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qaliblərini təbrik edib, festival-konqresin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz növbəsində azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyası barədə rəqəmləri diqqətə çatdırıb. 
 
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli keçən il keçirilən ilk festival-konqresin uğurlu nəticələrindən danışıb, ötən dövrdə qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb. 
 
Digər çıxışçılar həqiqətlərin bəyan olunması üçün Naxçıvanda yaradılan platformaya görə əməyi keçən hər kəsə təşəkkür ediblər. 
 
Tədbirdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlər mükafatlandırılıblar. Olimpiadada 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb. 
 
Qədim yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə formalaşdırdığı və yaşatdığı mədəniyyətin təbliği ilə yanaşı, əzəli yurd yerinə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etmək məqsədi daşıyan festival-konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəliblər. Sabah da davam edəcək konqres çərçivəsində keçirilən panel iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinləniləcək və fikir mübadiləsi aparılacaq.