Bakı şəhəri 90 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Saida Bayramova bu gün keçirilən sertifikatlaşdırma imtahanında maksimum (60 bal) toplayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, o, imtahan təəssüratlarını jurnalistlərlə bölüşüb.
 
O bildirib ki, suallar çox rahat olub: "1 saata sualları artıq bitirmişdim. Təkrar baxdım ki, texniki səhvlərim olmasın. Suallar çox rahat idi. Metodikada bir sualda tərəddüdüm oldu. Amma görünür ki, son qərarım düz çıxıb. Diaqnostik qiymətləndirmədə 59 bal toplamışdım. Bir sualda səhv etmişdim. Düşündüm ki, indi o səhvi də etməməliyəm. Maksimum nəticə toplamaq çox gözəl hissdir".
 
Saida Bayramova bildirib ki, müəllim daim özünü inkişaf etdirməlidir:
 
"Əgər müəllim özünü inkişaf etdirməsə, dövrün tələbinə cavab verə bilməyəcək. Uşaqları gələcəyə yaxşı hazırlamaq üçün bilik və bacarıqlarımızı daim təkmilləşdirməliyik. Sertifikatlaşdırmaya hazırlıq mərhələsində müəllimlər bir çox şeylər öyrəndi. Açığı bunun mənfi yox, müsbətləri çox oldu. Hesab edirəm ki, bu prosesdən ən çox xeyir görənlər şagirdlər olacaq".