“Mən tariximi yaxşı bilirəm və qürur duyuram”
19 iyun. Bakı. Heydər Əliyev adına hava limanı. “Qərbi Azərbaycana qayıdış”ın başlanğıc ünvanı. Tezliklə başlanğıc ünvanları dəyişəcək bu yolun. Böyük İpək Yolundan daha böyük, daha müqəddəs yol olacaq Qərbi Azərbaycana qayıdış yolu, daha böyük qazanc, iqtisadi güc, mədəniyyət, inkişaf yoluna çevriləcək.
Hava limanında
Başında “Qərbi Azərbaycana qayıdış” olimpiadası yazılan papaqları, düşüncələrində Qərbi Azərbaycana qayıtmaq hədəfi, məqsədində qalib olub medal qazanmaq olan bir qrup yeniyetmə, daha dəqiq desək, Azərbaycanın ayrı-ayrı məktəblərindən, hətta ən müxtəlif rayonlarından gələn 36 məktəbli hava limanındadır. Bir azdan təyyarəyə minik başlayacaq və onlar qeydiyyatdan keçəcəklər. Onların yolu Naxçıvanadır, burada keçiriləcək “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsinə qatılacaqlar.
Sanki hamısı biri-birinə bənzəyir onların. Hər birinin ürəyində vətəninə sevgi, keçmişinə hörmət, gələcəyinə sahiblənmə duyğusu, hər birinin hədəfində qalib olmaq arzusu var. Ancaq onlardan yalnız 18-i qalib olacaq...
Hələlik hər biri qalibdir. Qərbi Azərbaycana qayıdış yolunun ilk qalibləridirlər. Onlardan biri Ayxan Salmanov Göyçay rayonundan finala çıxaraq Naxçıvana gələn 6 məktəblidən biri, Mübariz Məmmədov adına Potu kənd tam orta məktəbin IX sinif şagirdidir: “Çox maraqlı suallarla qarşılaşdıq. Fikirləşmək tələb edən suallar olsa da, gözümüzün önündə olan hadisələr olduğundan cavablandırmaq çətin olmadı”.
“Gözümüzün önündə” dediyi əsas maraq dairəsi olduğu anlamına gəlir. Demək istəyir ki, tarixi prosesləri maraqla öyrənir, diqqətlə izləyir: “Əvvəl çox olimpiadalarda iştirak etmişəm. Daha çox dəqiq elmlərə həvəsim böyükdür. Ancaq tariximizlə bağlı bir olimpiadaya qatılmaq da çətin olmamalıdır. Hərbçi ailəsində böyüdüyüm üçün vətənimiz, onun tarixinə həssas münasibət formalaşıb məndə. Hesab edirəm ki, keçmişini bilməyən gələcəyinə sahib çıxa bilməz. Mən də tariximi yaxşı bilirəm və bununla qürur duyuram. Ona görə ilk mərhələlərdən uğurla keçdim. Özgüvənim finala yaxınlaşdıqca daha da artdı. İndi finalda qızıl medal qazanacağıma daha çox inanıram”.
Aytac Baxşəliyeva Cəbrayıl rayon Tatarkənd tam orta məktəbinin X sinif şagirdidir, çox həyəcanlıdır: “İlk dəfə belə bir şey yaşayıram. Respublika fənn olimpiadalarının iştirakçısı olmuşam. Tarix üzrə ölkə üçüncüsüyəm. Nə qədər çətin olsa da, o qədər əyləncəli keçir”.
İlk dəfə Naxçıvanda olacaq və Azərbaycanın bu dilbər guşəsi onun üçün memarlıq abidələri deməkdir. “Gün o gün olsun, biz Naxçıvana təyyarə ilə deyil, quru yolu ilə gedək”, - deyir. Naxçıvana ayağı yerdən kəsilmədən qovuşmaq istəyir Azərbaycan məktəblisi və bu istəyinə çatmaq üçün o da bir addım atdığını düşünür bu olimpiada ilə. Batabat yaylasından “Qarabağ kimi Qərbi Azərbaycan da bir Azərbaycan torpağıdır!” deməyə gedir. Bunu öz qələbəsi ilə deyəcəyinə əmindir.
Saat 21.30. Olimpiadaçıların təyyarəsi havaya qalxdı. Onları yola salmağa gələn valideynlərin gözlərindəki həyəcan, səslərindəki, ürəklərindəki qürur uzaqdan hiss olunur.
Aytacın atası Şahin Baxşəliyev qızının uğuruna ondan çox sevinir: “Əslən Laçındanıq. Biz indiyədək “məcburi köçkün” adı ilə yaşamışıq. Bu olimpiadanın adının bizim üçün necə böyük anlam ifadə etdiyini təsəvvür edirsinizmi, bilmirəm. Olimpiadadakı uğur Aytacın ilk uğuru da deyil, son uğuru da. O, tarixi sevir. Bu gün qızımı yola salarkən bayaqdan onu düşünürəm ki, onun bu dəfəki uğurunun təməlini şəhidlərimiz öz qanı ilə qoyub. Onlar Qarabağın Azərbaycan olduğunu qanı ilə yazmasaydı, bizim uşaqlarımız bu gün biliyi ilə “Qərbi Azərbaycana qayıdışdan danışa bilməzdi”.
Bir sözlə, hava limanındakı vətənpərvərlik hissləri o qədər yüksəkdir ki, elə bil valideynlər öz övladlarını “Qərbi Azərbaycana qayıdış” olimpiadasına yox, ər meydanına göndərirlər. Bir də ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadası da bir mübarizə meydanı deyilmi?
Finalda
İyunun 20-si... Naxçıvan Dövlət Universitetinin korpuslarından biri. Burada “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilir.
İştirakçılar Azərbaycanın müxtəlif regionlarından qatılıb. Aralarında Ağstafadan və Bakıdan hər birindən 8 nəfər, Göyçaydan 5, Cəbrayıldan 4, Sumqayıtdan 3, Naxçıvandan 3, İsmayıllı, Cəlilabad, Qəbələ, Ağdam və Ucardan hər birindən 1 nəfər olmaqla cəmi 36 məktəbli qatılıb.
Qaliblər bu gün bəlli olacaq
3 saat davam edən olimpiadanın 18 qalibi olacaq. 3 nəfər I, 6 nəfər II, 9 nəfər III yeri tutacaq. Qaliblər bu gün Batabat yaylasında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalında elan ediləcək və mükafatlandırılacaqlar.
Finalda uğuruna inananlar
Həmin qaliblərdən biri olacağına əmin olanlardan biri ilə söhbətləşirik. İmtahandan lap tez çıxıb. Olimpiadaya Ağstafadan qatılan iştirakçılardan biri, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Elcan Zeynalov hesab edir ki, çətin sualların öhdəsindən məharətlə gəlib: “Final bir az çətin idi. Amma onların öhdəsindən gəldiyimi düşünürəm. Bildiklərimi yazdım. İmtahanda çox qalmağın bir faydası yoxdur, məncə. Ondansa, çıxıb daha çox şey öyrənə biləcəyimə inanıram. Olimpiadalarda iştirak etməyi sevirik, olimpiadaya müəllimimizin təklifi ilə qatıldıq. Yarışda iştirak etdik və bu mərhələyədək gəldik”.
Olimpiada onun üçün, sadəcə bilik meydanı yox, həm də dostlar qazandıran imkandır: “Öz rayonumuzdan olan məktəblilərin hamısını tanısam da, burada əhatəmi genişləndirdim. Çox maraqlı uşaqlarla tanış oldum. Təyyarəyə də ilk dəfə mindim. Amma nəinki qorxdum, əksinə yanımda olan məktəblilərə tövsiyələr belə verdim, təyyarəyə minmək təcrübəsi olanlar üçün belə maraqlı olacaq məlumatlar paylaşdım”.
Gələcək hədəflərinə çatmaq üçün isə universitet yox, alacağı təhsilə önəm verir Ağstafa məktəblisi: “Böyük hədəflərə çatmaq üçün kiçik hədəflərin olmalıdır. Mənim əsas hədəfim böyük, uğurlu biznesə sahib olmaqdır. Hələ qərar verməmişəm ki, hansı universiteti seçəcəyəm. Hədəfimə gedən yolda mənim üçün universitet deyil, alacağım təhsil maraqlıdır”.
“3 medaldan biri mənimdir”
Bakı məktəblisi 10 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nasir Hüseynzadə də finalda uğur qazanacağına inananlardandır: “Məktəbimizin direktor müavininin təşəbbüsü ilə qatıldıq olimpiadaya, 2 mərhələni uğurla tamamladıq. Bu mərhələdə də uğur qazanacağımı düşünürəm. Tarix ən çox sevdiyim fəndir. Ona görə də açıq suallardan ibarət olan bu mərhələni də uğurla tamamladım. 3 medaldan biri mənimdir”.
Olimpiada bu gün yekunlaşacaq və “Qərbi Azərbaycana qayıdış” olimpiadası yeni bir yolun başlanğıcı olacaq.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Ruhiyyə DAŞSALAHLI