129 Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, qəbul prosesi “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq həyata keçirilib.

 

Macarıstan tərəfindən verilən yekun qərarın nəticəsinə əsasən, sözügedən Memorandum çərçivəsində 129 nəfərdən 11 nəfər doktorantura, 103 nəfər magistratura, 15 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

 

Təqaüdə layiq görülən tələbələr əsasən “Eötvös Loránd University”, “Budapest University of Technology and Economics”, “Budapest Business University”, “Óbuda University”, “University of Debrecen” və digər ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.