Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Mustafa Muradov, Qönçə Eyvazova, Sevinc Məmmədyarova və Nanomaterialların kimyəvi fizikası kafedrasının I kurs doktorantı Məhəmməd Bağır Bağırovun “Buxar fazalı sulfidləşmə prosesi ilə anizotrop AgNWs/PVA/Ag2S nanokompozitlərinin hazırlanması” (“Preparation of anisotropic AgNWs/PVA/Ag2S nanocomposites via a vapor-phase sulfidation process”) adlı məqaləsi Q2 kvartillı “RSC Advances” (IF:3.9) jurnalında dərc olunub.
Bu barədə BDU-dan "Azərbaycan müəllimi"nə xəəbər verilib.
https://doi.org/10.1039/D4RA01585A
İşdə AgNWs/PVA-nın səthinin H2S qazının təsirinə məruz qoyulması ilə AgNWs/PVA/Ag2S anizotrop nanokompozitləri hazırlanıb. H2S qazının təsiri ilə nümunələrin struktur, morfoloji və optik xassələrində baş verən dəyişikliklər tədqiq edilib. Nanokompozitlərin struktur xassələri rentgen şüalarının difraksiyası (XRD), optik xassələri ultrabənövşəyi-görünən spektrometriya (UV-Vis), səth morfologiyası isə transmision elektron mikroskopiyası (TEM) əsasında öyrənilib. Struktur tədqiqatlarından alınmış nəticələrin təhlili əsasında Ag2S nanohissəciklərinin formalaşması səbəbinin polimer matrisdə paylanmış AgNWs-in bir istiqamətdə sulfidləşməyə məruz qalması ilə əlaqədar olduğu müəyyən edilib. TEM nəticələri göstərib ki, H2S qazının təsir etdiyi istiqamətdə gümüş nanonaqilləri parçalanıb və Ag2S nanoklasterləri əmələ gətirib. Kompozitin hava ilə təmasda olan tərəfində isə AgNWs öz strukturunu saxlayıb.