Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilir.
"Azərbaycan müəllimi"nin Naxçıvana ezam olunan əməkdaşının verdiyi məlumata görə, ölkənin müxtəlif regionlarından, Ağstafadan və Bakıdan hər birindən 8 nəfər, Göyçaydan 5, Cəbrayıldan 4, Sumqayıtdan 3, Naxçıvandan 3, İsmayıllı, Cəlilabad, Qəbələ, Ağdam və Ucardan hər birindən 1 nəfər olmaqla cəmi 36 məktəbli qatılıb.
İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edəcək. Olimpiadanın 18 qalibi olacaq. 3 nəfər I, 6 nəfər II, 9 nəfər III yeri tutacaq. Qaliblər sabah “Qərbi Azərbaycana qayıdış” festivalında mükafatlandırılacaq.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.