"Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Report"a müsahibəsində deyib.
Nazir bildirib ki, çünki hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir:
"Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni "Təbiət" fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. "Həyat bilgisi" fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan dili" (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə "Azərbaycan tarixi" fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir".