"İşçi qrupunun tərkibində təhsilin inkişafı üzrə Dövlət Strategiyasının layihəsini hazırlayarkən biz “Məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması”nı ayrıca bənd kimi həmin sənədə daxil etmişik. İnamla deməliyəm ki, sertifikatlaşdırma prosesi ümumi təhsilin keyfiyyətinin artırılması üçün çox mühüm zərurətlərdən biridir”.
 
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov deyib.
 
O bildirib ki, 1995-ci ildən sonra müəllimlər heç bir attestasiyadan keçmirdi və onların fəaliyyətinin dəyərləndirilməsi üçün heç bir işlək mexanizm yox idi. Müəllimlərin əməkhaqqısının artırılması yalnız onların iş stajı ilə əlaqələndirilirdi. Bu isə qabaqcıl, fədakar müəllimlərimizin haqlı narazılığına səbəb olur, onların peşəkarlıq motivasiyasını zəiflədirdi:  
 
"Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı baxımından bizim pedaqoji heyətin fəaliyyətinin obyektiv şəkildə qiymətləndirilməsi, yüksək peşəkarlıq nümayiş etdirənlərin əmək fəaliyyətinin layiqincə mükafatlandırılması əlbəttə ki, vacib strateji məsələdir". 
 
A.Cahangirovun dediyinə görə, beynəlxalq təcrübədə müəllim fəaliyyətinin dəyərləndirilməsində müxtəlif yanaşmalar mövcuddur. “Dövlət tərəfindən müəyyən standartlara uyğun olaraq, sertifikatlaşdırma prosesi mərkəzləşdirilmiş qaydada, həmçinin ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən aparılır. 
 
"Azərbaycan reallıqlarını nəzərə alaraq, prosesin mərkəzləşdirilmiş qaydada aparılması və bunu Elm və Təhsil Nazirliyinin öhdəsinə götürməsi tam anlaşılandır. Məktəblərimizdə pedaqoji fəaliyyətin müasirləşdirilməsi, təhsilverənlərin peşəkar inkişafa sövq edilməsi, qabaqcıl müəllimlərin maddi stimullaşdırılması, sertifikatlaşdırma mexanizmləri və alətlərinin maksimum dərəcədə optimallaşdırılması və digər zəruri təşkilati, pedaqoji tədbirləri ilkin mərhələdə daha səmərəli məhz nazirlik həyata keçirə bilər. Sonradan isə sertifikatlaşdırma prosesinin təşkilində qazanılmış və beynəlxalq təcrübələrdən bəhrələnərək bu işlərə kənar qurumları cəlb etmək faydalı olardı". 
 
Ekspert qeyd edib ki, xaricdə sertifikatlaşdırmanın nəticələri müəllimlərin işə qəbulu prosesində əsas götürülür: 
 
"Məsələn, əgər ABŞ-də hansısa təhsilverən Müəllimlərin Peşə Standartları üzrə Milli Şuranın (National Board for Professional Teaching Standards - NBPTS ) sertifikatına layiq bilinibsə, bu, onun yüksək pedaqoji səriştələrə malik olduğuna dəlalət edir. 2012-ci ildən Avstraliyada müəllimlərin peşə standartları (Professional Standards for Teachers) əsasında təşkil olunan sertifikatlaşdırmanın iştirakçıları əldə etdikləri nəticəyə görə mütəxəssis (Proficient), yüksəkixtisaslı müəllim (Highly Ac-complished), lider müəllim (Lead) dərəcələrini əldə edə bilərlər və bu, onların əməkhaqqılarının artırılmasına əhəmiyyətli dərəcədə təsir edir. Postsovet məkanında mərkəzləşdirilmiş sertifikatlaşdırma Gürcüstanda 2011-ci, Ukraynada isə 2019-cu ildən həyata keçirilir. Onu da deyim ki, yerli təhsili idarəetmə orqanları və hətta məktəblərin özləri də sertifikatlaşdırmanı həyata keçirirlər". 
 
Asif Cahangirov bildirib ki, çox təqdirəlayiqdir ki, Elm və Təhsil Nazirliyi ölkəmizin 45 məktəbində ən yüksək nəticə göstərmiş müəllimlərə ödənişli əsaslarla “Mentor müəllim” statusu verib və onlar hazırda həmkarlarına metodik xidmət göstərirlər. 
 
"Əminəm ki, yaxın vaxtlarda bu təcrübə xeyli genişləndiriləcək. Sertifikatlaşdırma nəticəsində 50 baldan yuxarı uğurlu nəticə əldə etmiş müəllimlərin aylıq maaşının 35 faiz artırılması da çox  təqdirəlayiq haldır. Nazirlik tərəfindən hər il sertifikatlaşdırma ilə bağlı aparılan müzakirələr, ictimaiyyətə açıqlanan hesabatlar, təhlillər həmin prosesin ümumi təhsilin keyfiyyətinə müsbət təsir edir və bu tendensiyanın davamlılığını göstərir". 
 
Asif Cahangirov sertifikatlaşdırma ilə bağlı ən mühüm institusional addımlardan biri kimi məktəblərimizin zəif müəllimlərdən qurtulmasını xüsusi vurğulayıb. O, 8 iyun tarixində təşkil olunmuş təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsində 3,9 minə yaxın iddiaçının qeyri-qənaətbəxş nəticə əldə etdiyininə görə onların böyük hissəsinin pedaqoji prosesdən kənarlaşdırılacağını müsbət hal kimi dəyərləndirib. Eyni zamanda Əməkdar müəllim bir sıra problemlərə də toxunub:
 
“Təhsilin inkişafı üzrə Dövlət Təhsil Strategiyasının həyata keçirilməsinə dair fəaliyyət planında sertifikatlaşdırmanın 2016-cı ildən həyata keçirilməsi nəzərdə tutulmuşdu, 2022-ci ildən başladıq. 2027-ci ildə növbəti 5 illik sertifikatlaşdırma mərhələsinə start veriləcək. Bununla əlaqədar bir neçə təklif vermək istərdim.
 
1. Mövcud qaydalara görə, sertifikatlaşdırmada iştirak edən ibtidai sinif müəllimləri cəmi 60 sualı cavablandırmalıdırlar. Bunlardan 25-i Azərbaycan dili, 25-i riyaziyyat fənlərinə və yalnız 10 sual tədris metodikası və təlim strategiyalarına aiddir. Belə çıxır ki, şagirdlərin sosial-emosional intellektinin və səriştəliliyinin inkişafında çox böyük əhəmiyyət kəsb edən həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərinin tədrisində ibtidai sinif müəllimləri tam sərbəstdirlər? Onlardan heç bir peşəkarlıq tələb olunmur? Hələ onu demirəm ki, xüsusilə rayon kəndlərində o qədər məktəb var ki, musiqi və fiziki tərbiyə dərslərini də ibtidai sinif müəllimləri özləri aparır. 
 
2. Qəti əminəm ki, növbəti mərhələdə tədris etdikləri fəndən asılı olmayaraq, müəllimlərin biliyini və metodik hazırlığını daha obyektiv şəkildə üzə çıxarmaq üçün onlar 60 deyil, 120-180, hətta 240 sualı cavablandırmalıdırlar. Sualları formalaşdırarkən onların fənn kurikulumunun bütün sahələrini əhatə etməsinə, şagirdlərdə zəruri səriştələrin aşılanması üzrə peşəkarlıq hazırlığına xüsusi diqqət yetirilməlidir. 
 
3. Sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərlə fərdi müsahibələr aparılır. Şəxsi müşahidələrim bu müsahibələrin formal xarakter daşıdığını, onun səmərəliliyinin aşağı səviyyədə olduğunu göstərir. 
 
Hamıya bəllidir ki, müəllimin real peşəkarlığını tam obyektiv şəkildə üzə çıxaran onun dərsi ola bilər. Düşünürəm ki, ikinci mərhələdə iştirakçı müəllimlərin qiymətləndirilməsi məhz sınaq dərsinin nəticəsi əsasında aparılmalıdır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi regional təhsil qurumlarını cəlb etməklə və hər bir belə dərsin müəyyənləşdirilmiş standarta uyğun videoçəkilişini aparmaqla təşkil edə bilər. Əgər hansısa müəllimin etirazı olarsa, apellyasiyaya əvvəlcə yerlərdə, son mərhələdə isə Agentlikdə baxıla bilər. Bu prosesə elə həmin o müsahibəni aparan təhsil işçilərini cəlb etmək mümkün olardı. 
 
4. Təəssüf hissi ilə qeyd edim ki, “Təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda bir sıra hallarda məhz müəllim bacarıqları haqqında bəhs edilir. 
 
Konseptual baxımdan müəllimin peşəkarlığı onun səriştəlilik səviyyəsi ilə dəyərləndirilməli və qiymətləndirilməlidir. Bircə xarakterik misal gətirim. Qaydalarda müəllimlərin “ünsiyyət bacarığı”nın qiymətləndirilməsi qeyd olunur. Əslində bacarıq cümlə qurmaq, sözləri aydın tələffüz etmək, vurğuları düzgün qoymaq və sair deməkdir. Ünsiyyət isə fikirləri aydın və yığcam şəkildə ifadə etmək, tərəf müqabilini səbrlə dinləmək, onun mövqeyinə əsaslandırılmış rəy bildirmək, diskussiya mədəniyyətinə riayət etməkdir və s. Bunlar yuxarıdakı bacarıqlar aşılanmaqla bərabər hər hansı bir subyektə öyrədilməli, ona zəruri biliklər verilməli, təcrübə toplamaqla inkişaf etdirilməlidir. Bir sözlə, bacarıq səriştə anlayışına daxildir və özünda habelə, bilik, dəyər, təcrübəni də ehtiva edir. 
  
5. Qaydalarda qeyd olunur ki, üç dəfə sertifikatlaşmadan keçmiş müəllimlər sertifikatlaşdırmadan azad olunurlar. 3 dəfə 50 baldan çox nailiyyət əldə etmiş müəllim üçün bu imtiyazla razılaşmaq olar. Amma üç dəfə sertifikatlaşdırmadan keçən və cəmi 31-35, hətta 49 bal toplayan müəllimin sertifikatlaşdırmadan azad olunması ilə razılaşa bilmərəm. Bizim marağımız bütün müəllimlərimizin peşəkarlıq səviyyəsinin daim artırılması olmalıdır.
    
6. Nəhayət, növbəti sertifikatlaşdırma mərhələsi üçün çox vacib saydığım “Müəllim peşə standartı”nın hazırlanması və geniş müzakirələrdən sonra təsdiqi məsələsi haqqında. “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabında mən müəyyən dərəcədə müasir müəllimə dair bir çox mülahizələr irəli sürmüşəm. Əlbəttə, ölkəmizin hazırkı inkişaf mərhələsində onlarla yanaşı daha təkmil peşə standartına ehtiyac duyulur. Bu, həm mövcud müəllimlərimiz, həm də ali pedaqoji təhsil verən universitetlərimiz üçün mütləq lazımdır”.  
 
Yekunda mütəxəssis Elm və Təhsil Nazirliyi tərəfindən sertifikatlaşdırmanın təkmilləşdirilməsinə böyük maraq göstərildiyini, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma QAYDASI”nda müvafiq dəyişikliklər edildiyini xüsusi vurğulayıb və irəli sürdüyü tövsiyələrin, təkliflərin növbəti mərhələdə nəzərə alınacağına inandığını bildirib.
 
Sifai SƏFƏROVA