İyunun 11-də Bakıda Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu işinə başlayıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində keçirilən forumda əmirliklərin müxtəlif sahələr üzrə 30-a yaxın rəsmisi, o cümlədən ölkəmizin yüksək vəzifəli şəxsləri iştirak edirlər.
Forumun keçirilməsində məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiya və texnologiyaları təşviq etmək, iqtisadi dirçəlişi sürətləndirmək üçün müvafiq çərçivə və siyasətləri müəyyənləşdirməkdir. Bununla yanaşı, təhsil və sosial rifah sahəsində əldə olunmuş yeni nailiyyətlərin, habelə ölkəmizin COP29 tədbirinə ev sahibliyi ilə əlaqədar ətraf mühit və yaşıl enerji kimi mövzularla bağlı tendensiyaların müzakirəsi əsas hədəflər sırasındadır.
Forumda əvvəlcə Azərbaycan–BƏƏ əməkdaşlığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ardınca Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BƏƏ-nin hökumətin inkişafı və gələcək üzrə dövlət naziri Ohud Əl Rumi açılış nitqi ilə çıxış ediblər.
Sonra Azərbaycan və BƏƏ hökumətlərinin müxtəlif sahələr üzrə rəsmilərinin çıxış və təqdimatları olub. Bu çərçivədə hər iki ölkənin müvafiq sahələr üzrə əldə etdiyi qabaqcıl təcrübələr təqdim olunub.
Qeyd edək ki, forumun ikinci günündə bir sıra mövzular üzrə sessiyaların təşkili nəzərdə tutulur.