Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda elmi konfrans keçirilib.
 
Naxçıvan Dövlət Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, təşkil edilən konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bildirib ki, məlum olduğu kimi, 30 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. Həmin Sərəncamda Naxçıvanın keçdiyi tarixi inkişaf yolu göstərilməklə bərabər, ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında oynadığı rol da geniş təhlil olunmuşdu. Sərəncamda qeyd olunduğu kimi, tarixin müxtəlif mərhələlərində ölkəmizin qeyd olunan inkişaf sahələrində Naxçıvan özünəməxsus mövqeyə və əhəmiyyətə malik olmuşdur.
 
İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın inkişafında Ulu Öndərin mühüm xidmətləri olmuşdur. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Naxçıvanın hərtərəfli inkişafına diqqət yetirilmiş və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına Naxçıvandan başlanmışdır. Məhz Ulu Öndərin həyat fəaliyyətinin Naxçıvan dövrü, bütövlükdə, müstəqil Azərbaycanın taleyüklü dövrünü əhatə edir. Dahi rəhbərin həmin illərdə qəbul etdiyi tarixi qərarlar Azərbaycanın gələcək inkişafına, mədəni-tarixi dəyərlərimizin yaşadılmasına, daha da möhkəmləndirilməsinə hesablanmış mühüm addımlar idi.
 
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov konfransda iştirak edən qonaqları salamlamış, elm adamlarını doğma Naxçıvanda gördüyündən məmnunluğunu ifadə etmişdir. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Məhz bu gün keçirilən konfrans da həmin silsilənin davamıdır. Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası barədə danışarkən hər kəsin ağlına ilk öncə Ulu Öndərin misilsiz xidmətləri gəlir. Ötən ilin ortalarından  Naxçıvanın yeni inkişaf mərhələsi ilə bağlı çox ciddi prioritet istiqamətlər müəyyən edilib. Belə ki, cənab Prezidentin muxtar respublikanın inkişafı istiqamətində həyata keçirdiyi işlər Naxçıvanın aqrar sənaye inkişafı, logistik potensialının yerli səviyyədən regional səviyyəyə qaldırılması, “yaşıl enerji” potensialının yüksəldilməsi və turizm potensialının inkişaf etdirilməsidir. Naxçıvanın logistik potensialının inkişafı Naxçıvanın yalnız yerli yox, o cümlədən Zəngəzur dəhlizinin açılması Şərq-Qərb dəhlizinin və ümumilikdə, kontinentin logistik marşrutlarının yenidən formalaşdırılması olduqca əhəmiyyətlidir. Tranzit dəhlizlərin ölkəmizdən keçməsi, o cümlədən perspektivdə Naxçıvan Muxtar Respublikasından keçməsi yalnız iqtisadi səmərə yox, gələcəyin təhlükəsizliyi və əhalinin rifahı ilə nəticələnəcəkdir. Ceyhun Cəlilov onu da diqqətə çatdırmışdır ki, cənab Prezidentin Naxçıvanın perspektivi barədə müəyyən etdiyi digər istiqamət isə “yaşıl enerji” ilə bağlı potensialıdır. Artıq ötən bir il ərzində bir çox anlaşma memorandumları imzalanmış, Naxçıvanın günəş və külək enerjisi resurslarının ixrac potensialı ilə bağlı bir çox məsələlər müəyyən edilmişdir. Yaxın günlərdə ölkə və Naxçıvan ictimayyəti mühüm tədbirlərin şahidi olacaqdır. Sözsüz ki, qeyd olunan istiqamətlər, ümumilikdə, Naxçıvanın yaxın və uzaq gələcəyinin perspektivlərini müəyyən edir. Baş nazir bir məqamı da vurğulamışdır ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” 11 prioritet istiqaməti müəyyən edir. Bu perspektiv üzrə konkret tədbirlər və nəzərdə tutulan layihələrlə bağlı tapşırıqlar artıq müəyyən edilib. Həmin prioritetlərə nəzər salsaq birinci məqam Naxçıvanda əlverişli biznes mühitinin formalaşdırılması, institusional inkişafın həyata keçirilməsi, infrastrukturla bağlı məsələlər, o cümlədən vacib məqam olan kadr potensialının gücləndirilməsi, turizm, səhiyyə, sosial, kənd təsərrüfatı və digər sahələrlə bağlı geniş tədbirlərin həyata keçirilməsidir.
 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 ilinin yarıdan çoxu Ulu Öndərimizin fəaliyyəti ilə bağlıdır. Bu gün Naxçıvan, sözün əsl mənasında, yeni mərhələdə özünün fərqli inkişaf dövrünü yaşayır. Bu inkişaf dövrünün şahidləri isə bizlərik. Ulu Öndərimizin Azərbaycan haqqında, Naxçıvan haqqında arzuları, planları onun layiqli davamçısı, dövlət başçısı tərəfindən uğurla reallaşdırılır. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda mühüm qərarlarından biri də muxtar respublikada müasir idarəetmə sisteminin tətbiq olunmasıdır. Xalqın iftixarına çevrilən ölkə Prezidentinin gündəlik diqqət və qayğısı ilə əhatə olunan qədim Naxçıvan diyarında bu gün yeni bir həyat çağlayır, dövlət başçısının Naxçıvanın kiçik problemlərinə belə böyük həssaslıqla yanaşması hər birimizi sevindirir.
 
Konfransda AMEA-nın prezidenti İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının inkişafı: tarix və müasirlik” mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamı Naxçıvan Muxtar Respublikasına göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir. Bu gün keçirilən elmi konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyən akademik İsa Həbibbəyli özünün yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.
 
Akademik  müvafiq  sərəncamın Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsində mühüm  önəm daşıdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Naxçıvan tarixin müxtəlif mərhələlərində üzərinə düşən vəzifələri uğurla yerinə yetirmiş, böyük dövlətlərin bölgə ilə bağlı maraqlarına rəğmən Naxçıvan əhalisi bölgənin müdafiəsini təmin etmişdir. Müasir dövrdə də Naxçıvan mühüm Dövlət proqramlarının yerinə yetirilməsində fəal iştirak edir, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.
 
Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru Famil Mustafayevin “Naxçıvan Muxtar Respublikasının elmi müəssisə, təşkilat, ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması: uğurlar, nailiyyətlər” mövzusunda  çıxışı dinlənilib. Bildirilib ki, son illər muxtariyyətdə sosial-iqtisadi sahədə şəffaflığın təmin edilməsi və real inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü kimi qiymətləndirilməlidir. Naxçıvan Muxtar Respublikası bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Famil Mustafayev Naxçıvanın beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardan olduğunu vurğulamışdır. Qeyd olunub ki, Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika “yaşıl enerji zonası” elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində davamlı işlərin aparılmasının şahidiyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da elm və təhsil sahələrinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz ki, muxtar respublikanın qarşıdakı illərdə sürətli inkişafında çox mühüm rol oynayacaqdır.
 
Sonra Türkiyə Cumhuriyyəti Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı, tarix elmləri doktoru, professor İbrahim Ethem Atnurun “Naxçıvan Muxtar Respublikası yetirmələrinin fizika sahəsində əldə etdiyi nailiyyətlər”, Qars Qafqaz Universiteti, tarix elmləri doktoru, professor Selçuk Uralın “Azərbaycanın bağımsızlık sürəcində Naxçıvandakı gəlişmələr” mövzularında çıxışları dinlənilib.
 
Konfransın bədii hissəsində “Naxçıvan Muxtar Respublikası-100” sənədli televiziya filminə baxış olub, Naxçıvan Dövlət Universitetinin  Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin konserti nümayiş etdirilib və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir qrup elm adamına Ali Attestasiya Komissiyasının sədri tərəfindən diplomlar təqdim edilib.
 
Konfrans bölmə iclasları ilə davam edib.