Qarabağ Universitetinin Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) sədri Fərid Şəfiyev ilə görüş keçirib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, görüş zamanı beynəlxalq münasibətlər proqramının tədris planı və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Qarabağ Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
Mərkəzin bilik və təcrübələrinin Qarabağ Universitetinin inkişafında mühüm rol oynayacağını diqqətə çatdıran E.Mustafayev sədr F.Şəfiyev olmaqla, onun komandasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Qarabağ Universitetində tədris planlarının hazırlanmasında müvafiq xarici tərəfdaşların, o cümlədən əməkdaşlıq edilən universitetlər, işəgötürənlər, sənaye müəssisələri, tədqiqat və araşdırma mərkəzləri, özəl və dövlət qurumlarının iştirakı təmin olunur. Burada məqsəd proqramların yalnız akademik cəhətdən yüksək səviyyəli olmasına deyil, eyni zamanda müasir tələblərə cavab verən, cəmiyyətin ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların formalaşmasına dəstək göstərməkdir.