Müasir dövrdə hadisələrin sürətlə cərəyan etməsi, rəqabətqabiliyyətinin vacibliyi, ilk növbədə, elmi nailiyyətlərə əsaslandığından, təhsil daim prioritet məsələ kimi ön sıradadır. Əlbəttə ki, təhsilsiz inkişaf yoxdur.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.
O bildirib ki, sürətlə dəyişən dünyamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də rəqabətqabiliyyətliliyi qorumaq üçün, ilk növbədə, müəllimlərimizin öz üzərlərində daim çalışmaları, bilik və bacarıqlarını təkmilləşdirmələri vacibdir: “Biz sağlam və bilikli gənclər yetişdirməliyik. Bunun üçün müəllimlərimizin bilik səviyyələrinin artırılması və nəzarət mexanizimi kimi bu səviyyənin ölçülməsi, yəni sertifikatlaşdırma prosesindən keçirilmələri mütləqdir”.
Afət Həsənova əlavə edib ki, müəllimin hazırlıq səviyyəsi nə qədər yüksəkdirsə, təhsilimiz də bir o qədər güclü olacaq. Bu məsələdə, eyni zamanda stimul kimi onların əməkhaqqılarının artırılması da nəzərə alınıb:
"Bildiyiniz kimi, sertifikatlaşdırmadan keçən müəllimlərin əməkhaqqılarına müəyyən əlavələr olunur. Yəni, sertifikatlaşdırma prosesi müəllimlərimizin, eyni zamanda sosial-maddi vəziyyətlərinin həm də yaxşılaşdırılması deməkdir. Builki sertifikatlaşdırma prosesində daha çox müəllimimizin uğur qazanacağına inanıram. Cəmiyyətimizin bir üzvü kimi onu da qeyd edim ki, müəllimlərimizin sertifikatlaşdırma prosesinə necə məsuliyyətlə hazırlaşdıqlarının əyani şahidiyəm. Bu isə təbii ki, öz növbəsində dövlətimizin gələcəyinin etibarlı əllərdə olacağı deməkdir. Necə ki, haqlı olaraq Ulu Öndərimiz demişdir: “Təhsil millətin gələcəyidir””.
Samirə KƏRİMOVA