Türkiyədə təşkil edilən Birinci Beynəlxalq İstanbul Türk Riyaziyyat və 28-ci Beynəlxalq Antalya Riyaziyyat olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə, eləcə də final mərhələsində iştirak edən ölkələrin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən İstanbul Universitetinin professoru Cemal Çiçek və 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasının qurucusu, əslən azərbaycanlı olan Akdeniz Universitetinin professoru İlham Əliyev olimpiadalar haqqında geniş məlumat veriblər. Gənclərin gələcəyimizin təminatı olduğunu vurğulayaraq onlara uğurlar arzulayıblar.
 
Sonra müxtəlif ölkələrdən 5-11-ci sinif şagirdlərinin mübarizə apardığı 28-ci Beynəlxalq Antalya Riyaziyyat Olimpiadasının qaliblərinə mükafatlar təqdim edilib. Onlardan 75-i qızıl, 75-i gümüş və 75-i bürünc medala layiq görülüb. Birinci Beynəlxalq İstanbul Türk Riyaziyyat Olimpiadasında isə 3-11-ci siniflərin şagirdləri yarışıb. Onlardan 90-ı bürünc, 70-dən çoxu gümüş, 50-dən çoxu isə qızıl medal alıb.
 
Olimpiadalarda iştirak edən azərbaycanlı şagirdlərdən 8-i qızıl, 16-sı gümüş, 34-ü isə bürünc medal qazanıb.
 
Mərasimdə hər sinif səviyyəsində dünya birincisi, ikinci və üçüncüsü seçilən şagirdlərə xüsusi mükafatlar təqdim edilib.
 
Qeyd edək ki, seçim turunda 19 ölkədən 21 min 189 şagirdin iştirak etdiyi olimpiadaların final mərhələsində Türkiyə ilə yanaşı, Azərbaycan, Bolqarıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Şri-Lanka və İndoneziyadan 700-dən çox şagird mübarizə aparıb. Növbəti il bu olimpiadalarda ümumilikdə 30-dan çox ölkənin iştirakı nəzərdə tutulur.