"Müəllimlərin sertifikatlaşdırılması prosesi, ilk növbədə, pedaqoji kadr potensialı haqqında doğru və düzgün fikrin formalaşdırılması ilə seçilir, cəmiyyətdə konkret olaraq təhsil sahəsindəki kadrların keyfiyyəti haqqında əsaslı bir qənaətə gəlməyə imkan verir".
  
Bu fikirləri "Azərbaycan müəllimi"nə Bakı Slavyan Universitetinin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov deyib.
 
O bildirib ki, müəllimlik arzusunda olanlar bilməlidirlər ki, zahirən daha kütləvi xarakter almış və cəmiyyətin formalaşmasında əvəzsiz rolu olan bir peşə barəsində düşünürlər.
 
"Onlar bu yolda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq kimi çox məsul bir fəaliyyəti yerinə yetirirlər. Bu mənada belə bir peşə sahibinin dəyərləndirilməsi, sertifikatlaşdırılması da son dərəcə diqqət və həssaslıq bir yanaşma tərzi, qiymətləndirmə fəaliyyəti tələb edir. Həm də bu tələblər çərçivəsində yumşaq bacarıqlara söykənən bir yanaşma tərzinin olmasını zəruri tələb kimi qarşıya qoyur". 
 
Prorektorun sözlərinə görə, bu həm də o deməkdir ki, sertifikatlaşdırma prosesi nə qədər sərt görünsə də, əslində  müəllimin rahat və sərbəst fəaliyyət mühitinə çevrilməklə onu uğurlu fəaliyyətə sövq edir: 
 
"Artıq üç ilə yaxın müddət ərzində respublikamızda belə bir sertifikatlaşdırma mühitinin formalaşdığı aydın şəkildə görünür. Müəllimlərimiz bu prosesdə məqsədli iştirak edərək öz nəticələrinin yüksək olması üçün mübarizə aparırlar. Onlar, həmçinin özlərinin uğurlu nəticələrindən fəxrlə danışır, cəmiyyət qarşısında hesabat verirlər. Digərləri isə öz nəticələrinin yüksək olması üçün hazırlıq fəaliyyətlərini davam etdirirlər".
 
Ənvər Abbasov onu da qeyd edib ki, sertifikatlaşdırma həm də kadrların keyfiyyət potensialını meydana çıxarmaqla onlarda daha səmərəli iş görmək, təhsil sahəsindəki uğurlarımızı artırmaq üçün əminlik yaradır.
 
"Hər şeydən əlavə, Azərbaycan təhsilində olan nailliyyətlərin fonunda uğurlarımız dəstəklənir. Onun necə, hansı istiqamətlərdə inkişaf etdirilməsi qənaətləri barədə praktik əhəmiyyət daşıyan fikirlər formalaşır. Həmçinin əvvəlcədən müəyyən olunmuş proqnozlar əsasında fəaliyyətləri müəyyən etmək olur. Bu prosesin, eyni zamanda pedaqoji kadrların inkişafını ardıcıl və sistemli olaraq izləmək, dəstəkləyici fəaliyyətlərlə təmin etmək imkanı yaradır. Nəyə görə bizə müəllimlərin sertifikatlaşdırılması lazımdır? - sualını belə cavablandırmaq istərdim. Pedaqoji kadrların inkişafında keyfiyyət təminatı xüsusi parametrdir. Bunun üçün səviyyələrin müəyyən edilməsində sertifikatlaşdırma bir vasitə olaraq özünün əhəmiyyətini saxlayır. Pedaqoji kadrların inkişaf dinamikasının müəyyənləşdirilməsinə imkan yaradır. 3-cü ildir ki, müəllimlərin sertifikatlaşdırılması prosesi gedir. Müşahidələr və əldə olunan nəticələr də onu göstərir ki, sertifikatlaşdırma artıq özünün stimullaşdırıcı xarakterinə görə müasir təhsilə təkan verən, onu simvolizə edən mühüm atributa çevrilib. Və belə bir mühüm prosesi təkmilləşdirərək, daha da inkişaf etdirmək lazımdır".
 
 
Samirə KƏRİMOVA