Bu gün Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsi diqqətdə olub.
Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar jurnalistlərlə tədbirdə müzakirə olunan mühüm məsələlər və təkliflər barədə ətraflı məlumat verib.
Türk dövlətlərinin akademik məlumat bankı yaradılacaq
Erol Özvar qeyd edib ki, toplantıda konkret təkliflərə baxılıb: “Bunlar, bütün üzv dövlətlərin dəstəklədiyi, onların da gündəmə gətirdiyi təkliflərdir. Bu təkliflərın başında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin akademik məlumatlar bankının qurulması durur. Bu təklifimiz türk dünyasına aid ali təhsil qurumlarının məlumatlarının ortaq sahədə toplanmasını nəzərdə tutur. Beləliklə də üzv ölkələr universitetlər haqqında konkret, dürüst məlumatlar əldə edə biləcəklər. İkincisi, biz Ali Təhsil Şurası və digər ölkələrin təhsil nazirləri olaraq universitetlərin balanslı və tanıma prosedurları da daxil olmaqla tənzimləyici bir qurumunun və ya şöbənin fəaliyyətə keçməsini də təklif edirik. Bildiyiniz kimi, türk dünyasında universitetlər arasında fövqəladə iş birlikləri, tələbə hərəkətliliyi mövcuddur. Tələbə hərəkətliliyində ən çox qarşılaşdığımız problemlərin başında isə tanınma və uyğunluq problemi gəlir. Bu məsələləri həll edəcək bir qurumun yaradılmasını hörmətli nazirlərlə birlikdə dəyərləndirdik. Gerçəkdən təklif bütün üzv ölkələrdən gəldiyinə görə bu məsələyə birlikdə müsbət baxdığmızı ifadə etmək istəyirəm”.
Türk dövlətlərinin akademik tələbə hərəkətliliyini artırmaq üçün Fond qurulacaq
Erol Özvar Türk dünyası ölkələrinin əməkdaşlığının dərinləşdirilməsinə xidmət edəcək daha bir təklifi səsləndirib:
“Bundan əlavə, Türk Dövlətləri Təşkilatına üzv ölkələri arasında akademik tələbə hərəkətliliyini artırmaq üzrə bir Fondun qurulması, bir vəqfin inşa edilməsini üzv ölkələri olaraq təklif etdik. Bu məsələdə də bütün üzv ölkələr bu təklifə müsbət yanaşır. Bu təklif təkcə Türkiyənin deyil, hamının təklifi olduğu üçün bu məsələdə də müsbət ümumi baxışımız olduğunu da ifadə etmək istəyirəm”.
Türk dövlətlərinin ortaq təhsildə keyfiyyət təminatı Agentliyi yaradılacaq
YÖK sədri ali təhsil sahəsində keyfiyyətin təminatı üzrə birgə səylərlə bağlı təkliflər bardədə də danışıb: “Ən önəmli təkliflərimizdən biri də yenə də Türk Dövlətləri Təşkilatı nəzdində bütün üzv ölkələrin qəbul edə biləcəyi bir keyfiyyət təminatı Agentliyinin qurulmasıdır, bu da çox önəmli mövzulardan biridir. Bütün dünyada ali təhsilə dair proqramlar arasında mühüm yeri olan bu iş qurumlar və agentliklər tərəfindən həyata keçirilməkdədir. Avropada, Şimalı Amerikada, Avstraliyada, Afrikada, Uzaq Şərqdə keyfiyyət təminatına dair çox sayda beynəlxalq təşkilatlar var. Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələr olaraq keyfiyyət təminatını ümumi standartlara uyğunlaşdırmaq üçün belə bir agentliyin hamımızla birlikdə, işbirliyi içərisində qurula biləcəyi məsələsində də həmfikir olduq. Əlbəttə, bütün bu təkliflər mütəxəssislərin bir araya gələrək həyata keçirə biləcəyi təkliflərdir. Bu səbəbdən də aldığımız qərara görə, inşallah, bu məsələ ilə bağlı təklifləri dəyərləndirmək üçün komissiyalar təşkil ediləcək. Komitələr və komissiyalar bu təklifləri əsaslandıracaq, konkretləşdirəcək, sonra isə ölkə başçıları səviyyəsində bu məsələlər qərarlarla öz həllini tapacaq. Burada ali təhsil üzrə qurum rəhbərləri, təhsil nazirləri olaraq bizim üçün ən önəmli məsələ bunları konkretləşdirmək və dövlət başçılarına təqdim etməkdir. Bu təkliflər, vurğulamaq istərdim ki, türk dünyası ali təhsil sisteminin inşası üçün gərəkli olan konkret addımlar kimi qəbul edilməlidir”.
Oruc MUSTAFAYEV