Azərbaycanın da iştirak etdiyi PIRLS 2021 tədqiqatının nəticələri sinifdəki şagird sıxlığı haqqında məlumatı da əhatə edir.
 
"Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan bildirilib ki, nəticələrə əsasən, PIRLS 2021-də iştirak etmiş məktəblər üzrə siniflərdə mövcud olan şagird sıxlığının dəyişməsi həmin siniflərdəki şagirdlərin PIRLS 2021 nəticələri ilə əlaqəlidir. Belə ki, 1-ci və 2-ci qrafikdə göstərildiyi kimi sinifdəki şagirdlərin sıxlığı artdıqca həmin şagirdlərin PIRLS 2021 üzrə orta balları da artır. Bunu məktəblərin PIRLS 2021 üzrə nailiyyət səviyyələri ilə sinif üzrə sıxlıq arasındakı əlaqədən də müşahidə etmək mümkündür. Belə ki, PIRLS 2021 nəticələri üzrə məktəblərin səviyyələrə ayrıldığı 3-cü qrafikə əsasən, məktəblər daha zəif nailiyyət səviyyəsinə endikcə sıxlıq faizi azalır.
 
Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilməklə onların ədəbi təcrübələrini və məlumatları əldə edib, istifadə etmək bacarığını ölçür.