“Sertifikatlaşdırma təhsilverənlərin keyfiyyət göstəricilərini artırmaq məqsədilə həyata keçirilir. Müəllimin bu prosesə hazırlığı sertifikatlaşdırmada göstəricilərini yüksəltdiyi kimi, peşə hazırlığını da təkmilləşdirir”. 
 
Bunu Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Sehran Səfərov "Azərbaycan müəllimi”nə açıqlamasında deyib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin sertifikatlaşdırma ilə əlaqədar həyata keçirdiyi məqsədyönlü tədbirlər də qiymətləndirilməlidir:
 
“Bu tədbirlər təhsilverənləri təlim strategiyası və metodikası sahəsində zəruri bilik və bacarıqlara yiyələnməyə sövq edir”.
 
S.Səfərov hazırlıqlı təhsilverənlərin, istiqamətverici müəllimlərin dövrün tələbinə uyğun nəslin yetişməsindəki roluna diqqət çəkib:
 
“Uzun illərin təcrübəsi olan ənənədən aydındır ki, müəllimin dərsə hazırlığı, ilk növbədə, metodik ədəbiyyatın öyrənilməsindən başlayır. XXI əsr insanı müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdə hazırkı təhsil modellərinin yetişdirdiyi insandır. Müasir təhsil elmi və texniki biliklərin gündəlik həyatda tətbiqini praktik məşğələlər vasitəsilə şagirdlərə göstərməyə əsaslanır. Təhsil pedaqoji prosesin mühüm tərkib hissəsi olub, cəmiyyət üçün ixtisaslı kadrlar hazırlamaq məqsədinə xidmət edir. Dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən qüdrətli ölkələr sürətli inkişafa yalnız təhsil səviyyəsini yüksəltmək, insan kapitalını inkişaf etdirmək yolu ilə nail olur”. 
 
S.Səfərovun fikrincə, təcrübə göstərir ki, sertifikatlaşdırma cəmiyyətdə bir keyfiyyət göstəricisinə çevrilib:
 
“Müəllimin peşə hazırlığının yüksək səviyyədə olması onun sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə göstərməsi deməkdir. Uğurlu nəticə göstərən müəllimlərin şagirdlərinin nəticələri yüksəlir. Qeyd etməliyəm ki, valideynlərin ən çox seçdiyi müəllimlər də məhz sertifikatlaşdırmada uğur qazananlardır”.