Xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı imtahanın nəticəsi elan edilib. 
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. 
 
İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
 
4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib. İxtisaslar üzrə iştirak edən və keçid balını toplayan namizədlərlə bağlı statistikanı təqdim edirik (Statistika ilə keçiddən tanış ola bilərsiniz).
 
İmtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 3 ixtisasın ölkələr üzrə təhlili aparılıb. 
 
 
Peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 11 nəfər iştirak edib, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə edən diplom sahibləri Rusiya Federasiyasında fəaliyyət göstərən ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyaların payına düşür. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə adı keçən ölkənin ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90%-i müvafiq imtahanda uğursuz olub. Tümen Dövlət Universiteti ilə Moskva Dövlət Pedaqoji Universiteti qeyd edilən ixtisas sahəsi üzrə ən çox imtina alıb.
 
Peşə tanınması imtahanında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 73 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə etmiş diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə Belarus Respublikasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət edən namizədlərin 65%-i, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 100%-i müvafiq imtahanda uğursuz olub. Belarus Respublikası üzrə ən çox imtinanı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti ilə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Komanda-Mühəndis İnstitutu”, Ukrayna üzrə ən çox imtinanı isə Ukrayna Milli Mülki Müdafiə Universiteti alıb.
 
 
Peşə tanınması imtahanında “Hüquqşünaslıq” ixtisası üzrə 173 nəfər iştirak edib, onlardan yalnız 59 nəfəri uğurlu nəticə əldə edib. Uğursuz nəticə əldə edən diplom sahibləri 2 ölkənin ali təhsil müəssisələrinin payına düşür. Belə ki, “Hüquqşünaslıq” ixtisası üzrə Rusiya Federasiyasının ali təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar üzrə peşə tanınması üçün müraciət edən namizədlərin 70%-i, Ukrayna ali təhsil müəssisələrindən olan namizədlərin isə 69%-i müvafiq imtahanda uğursuz olub. Rusiya Federasiyası üzrə ən çox imtinanı Dağıstan Dövlət Universiteti, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti alıb.