Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ötən il oktyabrın 1-dən başlanan tədris prosesi mayın 31-də başa çatır.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.
 
Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
 
Qeyd edək ki, 2023-2024-cü tədris ilində Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minədək uşaq aprelin 30-da avtomatik olaraq 1-ci sinfə qəbul edilib.