Yeni yüzilliyin başlanğıcında bir çox ölkələrdə milli təhsil sistemlərinin yenilənməsi və islahatı prosesləri başlandı. Ümumi tendensiya təhsilin keyfiyyətinin artırılması məqsədilə vahid təhsil standartlarının tətbiqi idi. Gələcək müəllimin peşə hazırlığı prosesi təhsil müəssisələrində təhsil aldığı dövrlə bitmir. Bu, məktəbdə ibtidai uyğunlaşma dövründə (induksiya dövrü) və sonrakı peşə fəaliyyətində də  davam edir. Müəllimlərə öz səriştələrini inkişaf etdirmək və genişləndirmək səylərində dəstək sürətlə dəyişən dünyada həyati əhəmiyyət daşıyır. Demək olar ki, bütün ölkələrdə müəllimlərin səriştələrinin inkişaf səviyyəsinin qiymətləndirilməsi zəruriliyi etiraf olunur.
 
"Azərbaycan müəllimi" təhsilverənlərin sertifikatlaşdırılması prosesinin digər ölkələrdə necə aparıldığını öyrənib. Beynəlxalq təcrübəni təqdim etməzdən öncə bu qaçılmaz zərurətin təhsil sistemlərinə və təhsilverənlərə nə qazandırdığına baxaq:
 
- müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edir;
- pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərir;
- yeni səriştələrin formalaşmasına imkan verir;
- tədrisin nəticələrinə nəzarətin təmin edilməsində mühüm rol oynayır ki, bu da onların təkmilləşdirilməsinə kömək edir;
- bu, müəllimə steykholderlər (maraqlı şəxslər və ya qurumlar) tərəfindən etimad dərəcəsini artırır.
 
Bu hədəflərə çatmaq üçün ayrı-ayrı ölkələrdə təhsil işçilərinin sertifikatlaşdırılması həyata keçirilir. 
 
ABŞ təcrübəsi
 
ABŞ-də 2000-ci illərin əvvəllərindən başlayaraq müəllim hazırlığı və onların peşəkarlıq səviyyəsi ciddi mövzulardan biridir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin 2012-ci ildə Konqresə ünvanladığı "ABŞ-də təhsil islahatı  və milli təhlükəsizlik " adlı məruzədə qoyulan başlıca sual "Nəyə görə təhsil milli təhlükəsizlik məsələsidir?" idi. Tərtibçilər iddia edirdilər ki, təhsil sahəsindəki uğursuzluqlar ölkənin milli təhlükəsizliyinə aşağıdakı beş təhdidi törədir:
 
1. İqtisadi artım və rəqabət qabiliyyəti üçün təhlükə;
2. Hərbi təhlükəsizlik üçün təhdid;
3. Əqli mülkiyyət üçün təhdid;
4. ABŞ-ın qlobal maraqları üçün təhlükə;
5. Milli birliyə təhlükə.
 
Məruzədə vurğulanırdı ki, “hərbi güc artıq ölkənin təhlükəsizliyini təmin etmək üçün kifayətedici şərt deyil. Milli təhlükəsizlik bu gün insan kapitalı ilə sıx bağlıdır. Bir millətin insan kapitalı nə qədər güclüdürsə, təhsili də bir o qədər güclüdür". 
 
Bu baxımdan da ölkədə tez bir vaxtda müasir səriştə və bacarıqlara sahib təhsilverənlərin hazırlanması başlıca vəzifəyə çevrilib. Bu məqsədlə də müəllimlərin peşə səriştələrinin, o cümlədən sertifikatlaşdırma vasitəsilə qiymətləndirilməsinə başlandı. İki aparıcı təşkilat - Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards - NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC) birgə səylərlə müəllimlərin milli standartlarını hazırlayıb. Pedaqoqların bu yüksək standartlara uyğunluğu  “çərçivə”, yəni, tövsiyə xarakteri daşıyır. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin sayı fərqlidir.  Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə giriş üçün lazım olan dövlət sertifikatının əvəzi deyil (tam təhsil kursunu bitirdikdən sonra pedaqoji kolleclərin bütün məzunları bunu alır). Beləliklə, NBPTS sertifikatı - peşədə yüksək nailiyyətlərin sübutudur. Məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər bu sənədi əldə edə bilərlər. Milli Şura tərəfindən təşkil olunan sertifikatlaşdırma - peşəkar pedaqoji ictimaiyyətin iştirakı ilə aparılan, könüllü, praktikaya yönəldilmiş, müəllim əməyinin mürəkkəb, çoxşaxəli xarakterini nəzərə alan prosesdir. Milli Şura müstəqil, qeyri-kommersiya təşkilatıdır və qərarların qəbulunda məktəb müəllimləri bütün mərhələlərdə birbaşa iştirak edirlər. Milli Şura təhsil keyfiyyətinin artırılmasında maraqlı olan tərəfdaşlarla - dövlət və regional hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, universitetlər və digər tərəflərlə sıx əməkdaşlıqda çalışır.
 
Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş kateqoriyası üzrə aparılır. Sertifikat 5-10 il müddətində qüvvədədir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onu yeniləmək olar. Bunun üçün bir qayda olaraq, sertifikatlaşdırma dövrünün bütün mərhələlərini təkrar keçmək tələb olunmur.
 
Avstraliya təcrübəsi
 
Avstraliyada 4 ixtisas səviyyəsi var: təhsil kursunu bitirmiş ali təhsil müəssisəsinin məzunları, mütəxəssislər, yüksəkixtisaslı pedaqoqlar və aparıcı pedaqoqlar. Üstəlik, pedaqoq adına iddia edən namizədlərin seçilməsi universitetlərə qəbul olunmazdan əvvəl keçirilir. Pedaqoji təhsil aldıqdan sonra isə yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına  iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər. 
 
Avstraliyada sertifikatlaşdırmanın vəzifələri aşağıdakılardır:
 
- müəllimin təmin etdiyi tədrisin keyfiyyətini müəyyənləşdirmək;
- müəllimlərə peşə fəaliyyətində özünürefleksiya (özünü təqdimetmə) imkanı vermək;
- nəticələrinin tanınması və ya təhsil müəssisələrinin yüksəkixtisaslı, aparıcı əməkdaşlarının mükafatlandırılması/təşviqi ilə keyfiyyətli tədris sisteminin təmin edilməsi.
 
Yaponiya təcrübəsi
 
Yaponiyada sertifikasiya prosesində “üç səviyyəli sınaq” tətbiq olunur:
1) pedaqoji nəzəriyyə üzrə test;
2) konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr;
3) namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır.
 
Almaniya təcrübəsi
 
Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara  belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir:
* nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək;
* praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.
 
Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).
 
Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı  xidməti qiymətləndirmə ilə müəyyən edilir.
 
Avropa ölkələrində sertifikatlaşdırma
 
Avropa ölkələrində, ABŞ-da, Avstraliyada pedaqoqların peşə fəaliyyətinin qiymətləndirilməsində aşağıdakı oxşar meyillər aşkar edilir:
- bu gün təhsilin modernləşdirilməsi prosesinin mərkəzi fiquru müəllimdir, təhsilin keyfiyyəti məhz ondan asılıdır;
- müəllimlər tərəfindən peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif maddi və qeyri-maddi stimullardan, həmçinin normativlərdə əksini tapmış, praktik fəaliyyətə başlamaq üçün  pedaqoji ixtisas səviyyəsinin icbari  qiymətləndirilməsindən istifadə olunur.
 
Ukrayna təcrübəsi
 
Ukraynada ilk dəfə 2019-cu ildə ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması proseduru tətbiq olunub. İlkin pilot mərhələdə 857 müəllim qeydiyyatdan keçib, onlardan 705 nəfər uğur qazanıb. 2020-ci ildə könüllü sertifikatlaşdırma üçün 2000 kvota  üzrə 1591 nəfər qeydiyyata alınıb. 902 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosedurundan uğurla keçib. 2021-ci ilin fevralından başlanan sertifikatlaşdırmada isə 2000-dən çox pedaqoq iştirak edib. 2023-cü ildə riyaziyyat, Ukrayna dili və ədəbiyyatı müəllimləri sertifikatlaşdırmadan keçiblər. Rəqəmlər ukraynalı müəllimlərin sertifikatlaşmaya artan  marağını əks etdirir. Qeyd olunur ki, sertifikatlaşdırma müəllimlərin peşəkar səlahiyyətlərinin xarici qiymətləndirilməsidir. Onun məqsədi bacarıqlı, tədris metodlarını və yeni təhsil texnologiyalarını bilən, onların yayılmasına kömək edən yüksək səviyyəli müəllimləri müəyyənləşdirmək və təşviq etməkdir. Ukraynanın Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, sertifikatlaşdırmanı uğurla başa vuran müəllimlər sertifikatın qüvvədə olduğu 3 il ərzində vəzifə maaşlarına 20% əlavə ödəniş alacaqlar.
 
Rusiya təcrübəsi
 
Rusiya Federasiyasında pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Xarici təcrübənin təhlili deməyə əsas verir ki, müəllimlərin peşə ixtisaslarının və səriştələrinin  sertifikatlaşdırılması təhsilin yüksək keyfiyyətini təmin etmək üçün səmərəli ictimai-dövlət tədbiri ola bilər. Sertifikatlaşdırmanın əsas vəzifələri aşağıdakı kimi müəyyən olunub:
 
- pedaqoji işçilərin ixtisas səviyyəsinin, onların metodoloji mədəniyyətinin, şəxsi peşə inkişafının məqsədyönlü, fasiləsiz yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi;
- pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması;
- pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi;
- təhsil müəssisələrinin kadr heyətinin formalaşdırılması zamanı dövlət təhsil standartlarının tələblərinin nəzərə alınması;
- pedaqoji işçilərin ixtisasının artırılması zərurətinin müəyyənləşdirilməsi;
- Pedaqoji işçilərin əməkhaqqı səviyyəsinin fərqləndirilməsini təmin etmək.
 
Qazaxıstan təcrübəsi
 
Qazaxıstanda isə normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərə müvafiq olaraq ötən ildən pedaqoji ali məktəblərin məzunlarının sertifikasiyasına başlanılıb. Dəyişikliklərə əsasən, artıq pedaqoji istiqamətlərin məzunları sertifikatlaşdırmadan keçəcəklər. Yəni, bu peşəyə ilk dəfə başlayanlar milli ixtisas testinin sertifikatına sahib olmalıdırlar. Onlar məktəbə qəbul edildikdən sonra pedaqoji bacarıqlarını praktikada göstərməli, sertifikat almalı, pedaqoji ixtisas dərəcəsi əldə etməli və yalnız bundan sonra müəllim kimi işləyə bilərlər.
 
Beləliklə, müasir çağırışlar dövründə yeni müəllimin hazırlanması dünyanın fərqli ölkələrində həyata keçirilən sertifikasiya proseslərinın əsas hədəfi olmaqla,  xüsusi aktuallıq kəsb etməkdədir. Bu məsələ  həm də 2030-cu ilədək BMT-nin əsas hədəflərindən olan IV Dayanıqlı  İnkişaf Məqsədlərinə (Keyfiyyətli təhsil) nail olunmasını nəzərdə tutur ki, məqsəd yaxın illərdə ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir.
 
Oruc MUSTAFAYEV