“Atılan hər addımın bir məqsədi var, o da müəllim üçün münbit şəraitin yaradılmasıdır”
 
2024-cü il üçün sertifikatlaşdırma prosesi başlayır və bu proses müəllimlər qədər ictimaiyyət nümayəndələri üçün də maraqlıdır.
 
Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nə danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, prosesi sadəcə izləmir, qanuni bazanın hazırlanmasında iştirak edənlərdən biri olaraq atılan hər addımın nəticəsi ilə də maraqlanır. Milli Məclisin deputatı sertifikatlaşdırmanı belə dəyərləndirir:
 
“Olduqca vacib məsələdir. Prosesin iki tərəfi var. Bir tərəfdən müəllimlərin hazırlıq səviyyəsini müəyyənləşdiririk. Yəni, bu proses müəllimlərin nəyə qadir olduğunu müəyyənləşdirmək qədər nəyə ehtiyacları olduğunu da üzə çıxarır. Bacarığını, potensialını müəyyənləşdirdiyimiz kadrlar nəticəsindən asılı olaraq dəyərləndirilir. Kimsə “bacarıqsız” deyilib kənara itələnmir, əksinə nəyə ehtiyacı olduğu müəyyənləşdirilərək bu istiqamətdə tədbirlər görülür. Belə də olmalıdır, hazırlıq kursları, yaxud əlavə vəsaitlər hazırlayıb onlara çatdırmaq lazımdır ki, müəllimlər daim yeni bilik və bacarıqlara yiyələnsinlər, zamanla ayaqlaşa bilsinlər. İkinci tərəfdən, sertifikatlaşdırma müəllimlərin əməyinə qiymət verildiyini göstərməyin yollarından biridir. Müəllimlər üçün bu, çox güclü motivasiyadır. Onların maaşı onsuz da artırılır, amma sertifikatlaşdırma prosesinin nəticəsi olaraq yüksək bilik, bacarıq və səriştə göstərənlərin maaşlarına əlavələrin verilməsi onların fərqləndirilməsi deməkdir. Aldıqları əlavələr hər bir müəllim üçün bu baxımdan çox dəyərlidir”.
 
B.Əliyevin fikrincə, sertifikatlaşdırma dövlətin hədəflərinə uyğundur: "Bununla dövlət 2 əsas hədəfinə çatır. Beləliklə, sertifikatlaşdırma bir tərəfdən müəllimlərin sosial müdafiəsini gücləndirməyə, digər tərəfdən daim hazırlıqlı kadrların yetişməsinə xidmət edir".
 
Bəs, qanunverici orqanda sertifikatlaşdırma ilə bağlı hər hansı dəyişiklik gündəmdədirmi?
 
B.Əliyev son dəyişikliyi xatırladıb: “2023-cü ildə Elm və Təhsil Nazirliyi və Elm və Təhsil Komitəsinin birgə təşkilatçılığı ilə geniş dinləmələr keçirildi. Bütün komitələrdən, Milli Məclisdə təmsil olunan siyasi partiyalardan nümayəndələrin də qatıldığı müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayevin verdiyi geniş məlumatdan və deputatların səsləndirdikləri təkliflər təhlil edildikdən sonra bəzi qərarlar alındı. Məhz həmin müzakirələrin nəticəsi olaraq, qanunda bəzi dəyişikliklər edildi. İlk növbədə 60 yaşından yuxarı müəllimlərə qanunun münasibəti aydınlaşdı. Onlara sertifikatlaşdırma prosesində könüllü iştirak hüququ tanındı. Bundan başqa, 3 dəfə sertifikatlaşdırmaya qatılan və uğurlu nəticə göstərən müəllimlər sonrakı dövrlərdə bu prosesdə iştirak etməyə bilərlər.
 
Uğurlu hesab etdiyimiz başqa bir dəyişiklik ilk dəfə müəllim vəzifəsinə işə qəbul edilənlərə prosesə qatılmaq üçün qoyulan 5 illik staj tələbini 3 ilə endirməyimizdir. Diqqətinizi burada müəllimlərin sosial müdafiəsi məsələsinə çəkmək istəyirəm. 5 il kifayət qədər böyük vaxtdır. Bu müddətdən tez yeni işə girən müəllimlər öz bilik, bacarıq və səriştələrini nümayiş etdirərək maaşlarına əlavələr edilməsi imkanına malik deyildilər. Onlar da bu imkandan yararlansınlar deyə, bu dəyişiklik zəruri idi. Bunların hər biri çox yaxşı nəticə, uğurlu geridönüşlər verdi. Ötən il müəllimlərin bu dəyişikliyi nə qədər ruh yüksəkliyi ilə qarşıladıqlarının şahidi olduq. Digər yenilik ondan ibarətdir ki, sertifikatlaşdırmada uğursuz olanlara vəzifəsində qalmaq şərti ilə bir il hazırlaşmaq imkanı yaradılır, bunun üçün də hər cür dəstək göstərilir, ödənişsiz xüsusi treninqlər təşkil edilir və ikinci dəfə bu prosesdə iştirak edirlər. Müsbət nəticə göstərənlər növbəti 5 ildə öz fəaliyyətlərini davam etdirirlər. Daha bir yenilik də ondan ibarətdir ki, məktəb direktorları və müavinləri sözügedən prosesdən uğurla keçən müəllimlərdən seçilir”.
 
B.Əliyev müəllimlərdən alınan geridönüşlərə dövlətin, Elm və Təhsil Nazirliyinin biganə qalmadığını da vurğulayıb: “Elm və Təhsil Nazirliyi ilk təcrübədən sonra həm sualların hazırlanmasına, məzmununa, həm də imtahanlar üçün ayrılan vaxta dəyişiklik etdi. Bununla öz bacarıqlarını nümayiş etdirmələri baxımından müəllimlər üçün nə lazımdırsa etməyə hazır olduğunu göstərdi. Təbii ki, bu istiqamətdə atılan hər addımın bir məqsədi var, o da müəllim üçün münbit şəraitin yaradılmasıdır. Hər birimizin istəyidir ki, müəllimlərimiz dövlətin verdiyi imkanlardan yararlanıb yüksək keyfiyyətli tədris fəaliyyəti ilə məşğul olsunlar”.
 
Ruhiyyə DAŞSALAHLI