Artıq 10 il olacaqdı ki, təhsil müəssisələrində etik davranışla bağlı köhnə qaydalar tətbiq edilir, lazım gəldikdə nazirlik tərəfindən bu qaydalara uyğun tədbir görülürdü. Bəs, yeni qaydaların qəbulu hansı zərurətdən irəli gəlib və bunun köhnə qaydalardan fərqi nədir?
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu "Azərbaycan müəllimi"nə danışıb.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin məsuliyyət dairəsinin genişləndirilməsi, ölkəmizin təhsil həyatında baş verənlər qaydaların dəyişməsini zəruri edirdi.
“2014-cü ildə Nazirliyin Kollegiyası tərəfindən qəbul edilən “Müəllimlərin etik davranış Qaydaları” yeni, daha təkmil “Təhsilverənlərin etik davranış Qaydaları” ilə əvəz edildi. Yeni Qaydalar, adından göründüyü kimi, yalnız ümumi təhsil müəssisələrində çalışan müəllimlərə deyil, bütün təhsilverənlərə şamil olunur. Buraya ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri, ali məktəb müəllimləri, peşə məktəblərində çalışan istehsalat təlimi ustaları da daxildir", - deyə o qeyd edib.
Vəfa Yaqublunun sözlərinə görə, yeni qaydalarda ən mühüm maddələrdən biri “Loyallıq” maddəsidir.
"Əvvəlki qaydada nüfuza xələl gətirməməklə bağlı ictimai çıxışlardan çəkinmək və s. məqamlar qeyd olunsa da, indi bu məsələ əlavələrlə daha dəqiq redaksiyada verilib. Maddədə qeyd olunur ki, "...təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir". Burada media və sosial şəbəkə anlayışlarının əlavə edilməsi məsələnin gündəmə və ehtiyaca uyğun müsbət həlli kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, yeni qaydada “Təhsilverənlərin xidməti davranışı” adlı bölmə var. Bu bölməyə aid olan bəzi məqamlar əvvəlki qaydada müxtəlif maddələrə paylanmış şəkildə göstərilirdi. İndi isə daha kompakt şəkildə göstərilir. Onlardan biri təhsilverənin xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməsi ilə bağlıdır. Vəfa Yaqublu bildirib ki, bu bənd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinadən əlavə edilmişdir. Həmin Qanunda siqaret çəkilməsi qadagan olunan yerlər arasında təhsil və tərbiyə müəssisələri, habelə onların əraziləri göstərilir.
Gələk istər mediada, istərsə də sosial şəbəkələrdə ən çox müzakirəyə səbəb olan məqama. Qaydaların 4.3. bəndində göstərilir ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Bunu müəllimlərin fikir və söz azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirirlər. Diqqət etsək, bu hissə həm də “Loyallıq” prinsipi ilə uyğunluq təşkil edir. Yeni Qaydada bu məqam “Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı” bölməsində verilib.
"Burada əsas məqam ondan ibarətdir ki, təhsil müəssisəsində doğrudan da nüfuzu aşağı salan hərəkətlər baş verirsə, təhsilverən bunu çəkib paylaşmaq əvəzinə hadisənin konstruktiv çözülməsinə çalışmalıdır. O bu məsələni müəssisə daxilində həll etməyə çalışmalı, həll olunmadığı təqdirdə yuxarı quruma müraciət etməlidir. İşlədiyi müəssisənin təəssübünü çəkmək loyal olmaq deməkdir. Ona görə də məsələyə loyallıq baxımından yanaşılmalıdır və sözügedən maddə azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Ümid edək, yeni qaydalar daha çox nizam-intizam, məsuliyyət gətirəcək, daha sağlam mühitin formalaşmasına xidmət edəcək", - deyə V.Yaqublu əlavə edib.
“Təhsilverənlərin etik davranış Qaydaları”nın “Müəllimlərin etik davranış Qaydaları”ndan fərqlərini bir daha qeyd edək:
1. Yeni qaydalar yalnız müəllimlərə deyil, bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə aid edilir.
2. Bütün təhsilverənlərə aid edildiyi üçün yeni qaydalarda “Müəllim andı” əks olunmayıb.
3. Təhsilverənlər və təhsilalanların hüquq və vəzifələri “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda əks olunub. Təkrara yol verilməməsi üçün yeni layihədə həmin müddəalar çıxarılıb.
Əlavə edilən müddəalar:
Təhsilverənlərin xidməti davranışı:
- Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir;
- Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir;
- Təhsilverən nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməlidir;
- Təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir;
- Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.
Qeyd: Bu bənd “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10-cu maddəsinə istinaddır:
“10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;”
Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışı:
- Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir;
- Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.