"Hazırda Füzuli peşə liseyinin tikintisi davam edir. Növbəti tədris ilində artıq orada tələbə qəbulu planlaşdırırıq". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, eyni zamanda Ağdam, Zəngilan, Cəbrayıl və Qubadlıda peşə təhsili müəssisələrinin layihələndirmə işləri aparılır. Həmçinin həmin ərazilərdə tədris ediləcək ixtisaslar üzrə təhsil proqramlarının hazırlanmasına da başlamışıq. 
 
"Azad olunmuş ərazilərə qayıdan 6000 vətəndaşın qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunması istiqamətində işlərə başlamışıq. Artıq 120 nəfər bu təlimlərə cəlb edilib".
 
Ceyhun Kərəmov əlavə edib ki, Füzuli peşə liseyində alternativ enerji, həm külək, həm günəş, həmçinin hibrid və elektrik avtomobillərin təmiri də tədris aparılacaq  ixtisaslar sırasındadır:
 
"Hazırda Füzuli peşə liseyində bu istiqamətdə emalatxanaların qurulması planlaşdırılır. Bundan sonra layihələndirilən bütün təhsil müəssisələrində biz bunu nəzərə alacağıq. Çünki bu ərazilər yaşıl enerji zonasıdır. Gələcəyin ixtisasları yeni yaşıl bacarıqları tələb edir".
 
O, həmçinin qeyd edib ki, növbəti ildən bütün peşə təhsil müəssisələrində bütün ixtisaslar üzrə iqlim ilə bağlı modul əlavə ediləcək.
 
Vaqif FƏTULLAYEV