Xəbər verildiyi kimi, Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar. 11-17 may tarixlərində Kaliforniya şəhərində keçirilən bu yarışmada Xəzər Universitetinin Dünya Məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov isə “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər. Biz də “Azərbaycan müəllimi” qəzeti olaraq həmin şagirdləri oxucularımıza təqdim edirik və təhsil illərində onlara yeni-yeni uğurlar arzulayırıq.
“Yüksək nailiyyətlər əldə etmək üçün daha çox çalışdıq”
Səid Aslanov, Xəzər Universiteti Dünya Məktəbinin 10-cu sinif şagirdi: “Məktəbin ilk illərindən tarix fənninə daha çox maraq göstərirdim. 7-ci sinifdə oxuyarkən məktəbimizdə keçirilən Beynəlxalq Tarix Olimpiadasının (İHBB) ilk turunda iştirak edərək 1-ci yeri qazandım. İsveçrədə keçirilən Beynəlxalq yarışın final turunda 4-cü yerin qalibi oldum. 8-ci sinifdə oxuyarkən, yenidən Beynəlxalq Tarix Olimpiadasında (İHBB) iştirak edərək komandamla birlikdə birinci yerə layiq görüldüm. 9-cu sinifdə “Sabahın alimləri” STEM olimpiadasında iştirak etmək üçün müraciət etdim. İdeyasını verdiyim layihə 2022-ci ildə Tibb və Sağlamlıq kateqoriyasında birinci yerə layiq görüldü. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Biologiya Olimpiadasında iştirak etsəm də final mərhələsinə yüksələ bilmədim. Çətinliklər məni qorxutmadı və mən WSEEC və Greenwich kimi digər beynəlxalq STEM olimpiadalarına qatılaraq müvafiq olaraq 3-cü və 2-ci yerləri əldə etdim.
2023-2024-cü tədris ilinin əvvəlində “Sabahın alimləri” müsabiqəsinə qatılmaq üçün sinif yoldaşım İbrahim Allahverdiyevlə birgə müraciət etdim. Azərbaycan Kimyəvi Əlavələr İnstitutunda “Sabahın alimləri” yarışına təqdim etdiyimiz layihə üzərində professor Əfsun Sucayevlə işləməyə başladıq. Layihəmiz “Biotibb və sağlamlıq elmləri” kateqoriyasında birinci yerə layiq görüldü. Biz layihəmizi qlobal arenada təqdim etmək şansı əldə etdik. Dünyanın ən böyük elm sərgisi olan İSEF-də layihəmizi təqdim etmək və yüksək nailiyyət əldə etmək üçün daha çox çalışdıq və zəhmətimizin bəhrəsi olaraq Beynəlxalq Elm və Mühəndislik Müsabiqəsində 3-cü yerə layiq görüldük”.
“2024-cü il mənim üçün uğurlu il oldu”
İbrahim Allahverdiyev, Xəzər Universiteti Dünya Məktəbinin 10-cu sinif şagirdi: “Uşaqlıq illərindən təbiət elmləri ilə yaxından maraqlanmışam. Hər dərs ilinin sonunda riyaziyyat, təbiət elmləri üzrə fərqlənmə sertifikatı ilə təltif edilmişəm. Ədəbiyyata və incəsənətə də marağım olub. 2021-ci ildə Beynəlxalq Elm və Mühəndislik Sərgisində gümüş medala layiq görüldüm. 2022-ci ildə isə Dubayda keçirilən EXPO sərgisində 20 min ABŞ dollarına qədər investisiya təklifi aldım. 2022-ci ildə Frankfurtda keçirilən STEM olimpiadasında həm riyaziyyat, həm də təbiət elmləri üzrə ən çox bal toplayan qızıl medalçı oldum. 2023-cü ildə Dünya Məktəbində keçirilən Elm Sərgisində (Science Fair) layihəm 1-ci yerə layiq görüldü və məktəb tərəfindən mükafat aldım. Ötən ildə Azərbaycanda ilk dəfə robototexnika sahəsi üzrə yaradılan Mexanika komandasının kapitanı kimi dünyanın ən böyük Birinci Robototexnika Yarışmasında (FRC) iştirak edərək mükafat əldə etdim. 2024-cü ildə Birinci Robototexnika Yarışmasına (FRC) təkrar qatılaraq yeni bir təcrübə əldə etdim. Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Respublika fənn olimpiadalarında informatika fənni üzrə müsabiqəyə qoşularaq 3-cü yeri qazandım.
2024-cü il mənim üçün çox uğurlu il oldu. 2023-2024-cü tədris ilinin əvvəlində “Sabahın alimləri” müsabiqəsinə qatılmaq üçün sinif yoldaşım Səid Aslanovla birgə müraciət etdim. Azərbaycan Kimyəvi Əlavələr İnstitutunda “Sabahın alimləri” yarışına təqdim etdiyimiz layihə üzərində Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi altında işləməyə başladıq. Layihəmiz “Biotibb və sağlamlıq elmləri” kateqoriyasında birinci yerə layiq görüldü. Biz Beynəlxalq Mühəndislik və Elm sərgisində (İSEF) də layihəmizi təqdim etmək üçün daha çox çalışdıq və 3-cü yerə layiq görüldük.
“Vətənimizi qlobal arenada yüksək səviyyədə təmsil etmək çox böyük qürur idi”
Nicat Tağızadə, Xəzər Universiteti Dünya Məktəbinin 10-cu sinif şagirdi: “Kiçik yaşlarımdan elmə olan marağım məni dərin araşdırmalar aparmağa həvəsləndirirdi. Zaman keçdikcə, ətrafda baş verənlər və gündəlik təcrübə etdiyimiz hadisələrin arxasındakı nəzəri və praktiki bilikləri öyrənmək istəyim artırdı. Bu səbəblə, dərslərimlə yanaşı, elm və mühəndislik sahəsində məktəbdənkənar fəaliyyətlərlə də məşğul olmağa başladım və müsabiqələrə qatıldım. EXPO 2022-dən IFEST 2023-ə qədər bir neçə elm sərgisində iştirak etdim. Bu elm yarmarkalarında təcrübə və medallar qazandıqdan sonra “First Robotics” müsabiqəsi çərçivəsində Azərbaycanın ilk robototexnika komandasına qoşuldum. Müsabiqə hər il Amerika Birləşmiş Ştatlarında keçirilən ən böyük yarışmalardan biridir. İlk ilimizdə həm regional mərhələdə, həm də dünya çempionatında bir neçə mükafat qazana bildik.
2023-2024-cü tədris ilinin əvvəlində, “Sabahın alimləri” müsabiqəsinin baş tutacağını eşitdim. Komanda yoldaşım Xəzər Hüseynovla birlikdə süni intellekt sahəsində üzərində işlədiyimiz layihə ilə müsabiqəyə qoşulduq. Yarışmada “Robototexnika” kateqoriyasında birinci yeri tutaraq 2024-cü il Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasına (ISEF) vəsiqə qazandıq. Layihəmizin məqsədini yerinə yetirərkən göstərdiyimiz yenilik və effektiv yanaşmaya görə komanda yoldaşımla birlikdə xüsusi mükafata layiq görüldük. Vətənimizi qlobal arenada yüksək səviyyədə təmsil etmək mənim və komanda yoldaşım üçün çox böyük qürur idi. Əminliklə deyə bilərəm ki, bu uğur, yalnız başlanğıcdır və mənim elmə və mühəndisliyə olan marağımı daha da artırdı”.
“Hər zaman birinci olmaq istəmişəm”
Xəzər Hüseynov, Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinif şagirdi: “İdman, musiqi, elm, təhsil həyatımın ayrılmaz parçasıdır. Yaş yarımdan gimnastika ilə məşğul olmuşam və idmana olan həvəsim bu günə qədər də davam edir. Bu sahədə əhəmiyyətli uğurlar əldə edə bilmişəm. Su polosu ilə məşğul oluram - müxtəlif illərdə şəhər çempionatlarında 1-ci yerə layiq görülmüşəm. Şahmatı çox sevirəm. Birinci dərəcəli şahmatçı kimi müxtəlif səviyyəli yarışlarda 1-ci yerləri qazanmışam. İdman məndə yarışma ruhunu inkişaf etdirib. Hər zaman birinci olmaq, qələbə qazanmaq istəmişəm.
12 yaşımdan beynəlxalq elm müsabiqələrində, festivallarda (Tunis, Türkiyə, Bosniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə) Azərbaycanı təmsil edib, Vətənimə qızıl, gümüş və bürünc medallar gətirmişəm. Ən böyük uğurum “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində qazandığım qələbədir. Bu qələbəni dostum Nicat Tağızadə ilə bölüşdük. Bizim birgə çalışdığımız “Elektrik sistemlərdə və paylayıcı transformatorlarda olan nasazlıqları maşın alqoritmlərindən istifadə edərək proqnozlaşdırmaq” adlı layihəmiz 1-ci yerə layiq görüldü. Həmin layihə ilə Elm və Təhsil Nazirliyi bizi ABŞ-nin Kaliforniya ştatında keçirilən Beynəlxalq Elm və Mühəndislik Yarışmasına (İSEF) göndərdi. Mən çox şadam ki, həmin yarışmada “Robototexnika” kateqoriyası üzrə xüsusi mükafata layiq görüldüm. Bu, mənim üçün böyük uğurdur və bu uğura görə daim mənə dəstək olan valideynlərimə, müəllimlərimə, dövlətimə borcluyam. Öz sahəmdə nailiyyətlər əldə etməklə, xalqıma fayda gətirmək, Vətənə layiqincə xidmət etmək qarşıma qoyduğum ən böyük məqsədimdir”.
Şakir CƏFƏROV