Dövlət-özəl əməkdaşlığı nəticəsində 2-5 yaşlılar təlimlərə cəlb edilir, valideynlərin məktəbəqədər təhsilə əlçatanlığı artır


2-5 yaşlarında 30-a yaxın uşaqdan ibarət iki - biri Azərbaycandilli, digəri rusdilli olan qrupu hər gün 3 saata yaxın məktəbəqədər olmayan özəl bir müəssisədə - İncəsənət və Bilik Mərkəzində düşünün. Nə işi var onların orada? Öncəliklə qeyd edək ki, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması məqsədilə xeyli vaxtdır özəl-dövlət əməkdaşlığı başlayıb. Bu əməkdaşlığın memarı isə Elm və Təhsil Nazirliyidir. Belə ki, nazirliyin elan etdiyi qrant müsabiqəsinə məhz məktəbəqədər təhsil müəssisələrinin tələbata cavab vermədiyi yerlərdə alternativ variant düşünüb tapan şəxslər qatılır, təklifi uğurlu olarsa, təqdim etdiyi layihə qrant qazanır. Belə əməkdaşlıqlardan birində yuxarıda adıçəkilən mərkəz Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin tərəf müqabilidir.

 

Bir sözlə, məktəb və o məktəbin yaxınlığında yerləşən İncəsənət və Bilik Mərkəzi qüvvələrini birləşdirib 2-5 yaşlı uşaqları təlimə cəlb ediblər. Uşaqlar ana dili ilə, rəqəmlərlə, hətta robototexnika, STEAM-la burada tanış olur, dizayn aplikasiyaları ilə məşğul olur, rəqs edir, 3 saata yaxın keyfiyyətli zaman keçirirlər. “Azərbaycan müəllimi” bu günlərdə həmin mərkəzdə olub, bu əməkdaşlıqdan doğan layihənin uşaqların gələcək həyatına verəcəyi töhfə bir yana, uşaqlıqlarına qatdığı rəng, buraxdığı izi görməyə çalışıb.

 

“Rəqəmlərlə, ana dilimizlə tanışlıqları məhz buradan başlayır”

 

Layihə yanvar ayından icra olunur. İncəsənət və Bilik Mərkəzində 12 uşaq Azərbaycan dilində, 16 nəfər rus dilində təlimə cəlb edilib. Burada təşkil edilən təlimlər öyrənmə komponentini özündə ehtiva edir. Bununla da ənənəvi bağçalardan fərqlənir. Bu fərqi tərbiyəçi müəllim Nigar Məmmədbəyli daha yaxşı görür: “Uşaqlar burada çox şey öyrənirlər. Rəqəmlərlə, ana dilimizlə tanışlıqları məhz buradan başlayır. Maraqlı oyunlar oynayırıq. Oyunların hər biri öyrədici xarakter daşıyır”.

 

N.Məmmədbəyli Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunudur. Məktəbəqədər təhsil ixtisası üzrə təhsilini tamamladıqdan sonra ayrı-ayrı müəssisələrdə çalışıb. Bu layihədə olmasının onun təcrübəsində rolu olacağını düşünür: “2 saat yarım - 3 saat ərzində uşaqlarla məşğul oluruq. Təlimlərimizi cədvəl, plan əsasında təşkil edirik”.

 

Məşğələləri tərbiyəçi müəllim çox vaxt psixoloqla birlikdə keçir.

 

Uşaqlara oyun terapiyası

 

Aysun Əzizbəyli Bakı Qızlar Universitetinin Təhsildə sosial-psixoloji xidmət üzrə 2019-cu il məzunudur. Layihədə aprel ayından çalışmağa başlayıb: “Uşaq qaynar xətt xidmətində, özəl müəssisədə çalışmışam. Amma bu layihədə çalışmaq, uşaqlarla maraqlı proqramlar, oyunlar qurmaq tamamilə fərqlidir. Müəllimlərə kömək edirəm, uşaqlara, onların davranışlarına psixoloji yanaşır, öz ixtisas sahəmlə bağlı özümü inkişaf etdirmək imkanı da qazanıram. Psixokorreksiya ilə - onlarda həyəcan, təşviş olanda, ya da diqqət yayınması olanda oyun terapiyası ilə onlara kömək edirəm”.

 

238 nömrəli məktəbin direktoru Xuraman Osmanova bu layihəyə müraciət etmə səbəblərindən danışıb: “Nizami rayonundakı bu ərazi Bakı kəndlərinə yaxındır. Başqa bir tərəfdən, 2019-cu ilin statistikasına görə, yaşayanların sayına görə Bakının digər inzibati rayonları arasında ikinci yerdədir. Məktəbin yaxınlığında yaşayış binaları çoxdur. Bu da nəticə etibarilə mövcud təhsil və tərbiyə müəssisələrində sıxlığa səbəb olur. Məsələn, yaxınlıqda uşaq bağçasının olmasına baxmayaraq, böyük növbə var, yəni uşaqların məktəbəqədər təhsilə cəlb olunmasında ciddi problemlər var. Bu, bağçaya qəbul üçün yaranan növbədən də aydın görünür. Ona görə biz də belə bir yol düşündük və qrant müsabiqəsinə qatıldıq”.

 

Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəb ETN-nin elan etdiyi “Alternativ məktəbəqədər təhsil pilot qrant layihə” proqramının qalibi olub. İcrasına yanvar ayından start verilən layihə əsasında uşaqlar STEAM-la tanış olur, 3D qələmləri ilə işləyir, rəqəmsal bacarıqlara yiyələnməyə bu yaşdan başlayırlar: “Məktəbimizdə STEAM dərsləri keçilir, bu layihə çərçivəsində balacaların sinfimizə ekskursiyasını da təşkil etdik. Uşaqlar gördüyünü daha yaxşı mənimsəyir, məhz görərək, izləyərək öyrənirlər. Bir də onu düşündük ki, gələcəkdə təhsil alacaqları məktəblə erkən yaşlarda tanış olsunlar. İnanın ki, onlar üçün necə maraqlı oldu. Dronun uçmağını necə maraqla, həyəcanla izlədiklərini, necə sevindiklərini, prosesdən necə zövq aldıqlarını kaş görsəydiniz”.

 

Məktəb direktoru müasir uşaqların texniki bacarıqlarına diqqət çəkib: “Dövrümüz sürətlə inkişaf edən texnologiya dövrüdür. Körpənin əlinə telefon verirsiniz, qurcalayıb özünə lazım olan cizgi filmini tapıb baxır. Onların bu bacarığını inkişaf etdirməli, texnologiyadan daha faydalı istifadə etmələri üçün onları düzgün yönləndirməliyik. Bunu da nə qədər erkən yaşda başlasaq, ömürlük vərdişə çevriləcəyinə şübhə yoxdur”.

 

X.Osmanovanın sözlərinə görə, layihəyə çox böyük maraq müşahidə edirlər: “Ona görə də növbəti addımlarda  uşaqların sayını artırmaq niyyətindəyik. Bu məqsədlə məktəbimizin imkanlarından istifadə etməyi də planlaşdırırıq”.

 

Dövlət-özəl əməkdaşlığı genişlənəcək

 

“Müraciətlərdən də görünür ki, layihə arzuolunandır” - deyən Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri  İlahə Rəsulova “Azərbaycan müəllimi”nə açıqlamasında bunun təcrübə məqsədi ilə həyata keçirilən  layihə olduğunu vurğulayıb: “Layihəyə cəlb olunanların sayı qısa müddətdə 30-a çatıb. Bu da onu deməyə əsas verir ki, ərazidə tələbat var. Biz də  bunu müəyyənləşdirməyə, belə bir layihənin nə qədər uğur qazanıb qazanmayacağını müəyyənləşdirməyə çalışdıq. Sentyabr ayından dövlət-özəl əməkdaşlıq layihələrini genişləndirməyi düşünürük”.

 

İ.Rəsulova ənənəvi bağçalardan fərqli olaraq qısamüdətli proqramlarda təhsil verildiyini deyib: “Ənənəvi bağçalara biz daha çox qayğı mərkəzləri kimi baxırıq. Uşağın daha çox yeməyinə, yatmağına, təmizliyinə diqqət edilir. Qısamüddətli proqramlarda bunlar da var, ancaq burada daha çox öyrənmə məsələsinə fokuslanılır. Bu, bütün qısamüddətli modellərdə belədir. Burada qeyri-formal, yəni daha çox oyun, musiqi əsasında öyrənmədən söhbət gedir. Uşaq üçün lazım olan yaradıcı mühiti təmin etmək üçün olduğumuz mərkəz kifayət qədər resurslara və məktəbəqədər təhsil sahəsində maraqlı və faydalı təcrübəyə malikdir. Burada uşaqlar üçün müsbət öyrənmə mühiti, təcrübəli müəllim kontingenti vardır. Bundan başqa, məktəbəqədər təhsil proqramı ilə yanaşı, layihə çərçivəsində STEAM bilikləri də proqrama inteqrasiya edilir”.

 

Layihə valideynlərin ürəyincə olub

 

Təlimlərə cəlb edilən uşaqlardan birinin atası Fərrux Rzayev 4 oğul atasıdır. Təlimə qatılan Rzadan balaca bir oğlu da var: “Balaca oğlumu da bu layihədə görmək istərdim. Layihənin bir neçə aya bitməsinə çox  təəssüflənirik. Amma ümid edirəm ki, başqa layihələr mütləq olacaq. Bir valideyn olaraq deyirəm, belə layihələrin çox olmağı hamımızın ürəyindən olar”.

 

Ruhiyyə DAŞSALAHLI