Mayın 22-də elm və təhsil nazirinin müavini İdris İsayev Gədəbəy rayonuna səfər edib. 
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  
 
Sonra nazir müavini Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta məktəb, İslam Əliyev adına 3 nömrəli ümumi orta məktəb, eləcə də Gədəbəy peşə liseyinin inzibati binaları ilə tanış olub, müəssisələrin pedaqoji və şagird kollektivi ilə görüşüb. 
 
Nazir müavini, həmçinin Gədəbəy şəhəri 12 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasına baxış keçirib. 
 
Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. 
 
Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
 
İdris İsayev səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.  
 
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.