Mayın 21-də Nobel qardaşlarının Ev Muzeyində keçirilən mərasim bu tədbirdə iştirak edənlərin hafizəsində hələ uzun müddət qalacaq. Tədbir təhsil sahəsində çalışan bütün insanlara yaddaqalan, xoş xatirələr bəxş etdi… 
 
Təhsilin təntənəsini qeyd edən mərasim Bakı şəhəri 56 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunmuşdu. Tədbirdən əvvəl qonaqlar Nobel Muzeyinə baxış keçirdilər. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki,  Milli Məclis üzvləri, Elm və Təhsil Nazirliyi, Bakı şəhəri üzrəTəhsil İdarəsi, bəzi dövlət qurumları rəsmilərinin, Nobel İrsi Fondunun, İsveç səfirliyi əməkdaşlarının, bir sıra ali təhsil müəssisələrinin rəhbələri, təhsil ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Dövlət Himninin oxunması, Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. 
 
Yubileyinə toplaşdığımız məktəbin şagirdlərinin ifasında Rudolf və Lüdviq Nobel qardaşlarının Bakıya gəlişi, neft axtarışı, bilik və texnologiyaları, xaricdən mühəndisləri Bakıya gətirmələri, məktəb tikintisinə diqqət və qayğılarını əks etdirən səhnələşdirilmiş proqram da mükəmməlliyi ilə seçilirdi. 
 
Daha sonra təhsil ocağının formalaşmasının ilk illərindən, keçdiyi yoldan, Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə məktəbi ziyarət etməsindən, 2014-cü ildə məktəbin əsaslı təmir və yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyevin iştirak etməsi və müəllim-şagird kollektivinin uğurlarından, Nobel İrsi Fondu ilə əməkdaşlığından bəhs edən videoçarx nümayiş olundu.
 
Müəllim və şagirdlərinin uğurlarında yaşayan təhsil ocağı 
 
Nobel qardaşlarının Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevlə görüşünü əks etdirən videokadr isə 56 nömrəli məktəbin əsasını qoymuş Nobel qardaşlarının neftlə yanaşı, təhsilə diqqətini də bədii şəkildə əks etdirirdi. Z.Tağıyevin onlara xitabən söylədiyi “Qoyduğunuz sərmayələr 100 ildən sonra da öz bəhrələrini verəcək”- fikirləri bu gün də yubileyinə yığışdığımız məktəbin, onun şagird və məzunlarının  saysız-hesabsız uğurlarında yaşayır. Bu uğurları mərasimdə iştirak edən şagirdlərin uğur hekayələrində də görmək olardı.
 
Məktəbin direktoru Könül Hüseynova tədbiri açaraq 140 illik yubiley mərasiminin təşkilinə görə Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,  Nobel İrsi Fondunun rəhbərliyinə minnətdarlığını bildirdi. 
Nobel İrsi Fondunun sədri Sevinc Bağırova Fondun yaradılmasında Prezident İlham Əliyevin xüsusi rolu olduğunu qeyd etdi. S.Bağırova 2003-cü ildə Nobel Fondunun yaradılması, “Villa Petrolea”  binasının yenidən qurulması və bərpası layihələrinin həyata keçirilməsindən danışdı. 
 
Çıxışlarda uzun illər təhsil ocağının direktoru olmuş Nana Kələntərlinin fəaliyyəti, idarəçilik və pedaqoji məharətinə, təcrübəsinə yüksək minnətdarlıq duyğuları ifadə olundu. 
 
Tədbirə qatılan Nara Kələntərlinin doğma kollektivə, onun müəllimlərinə müraciətlə səsləndirdiyi “Uşaqları sevin!”- sözləri təhsilin fəlsəfəsini dolğun ifadə edirdi. 
 
“İnanırıq ki, yubilyar məktəb öz ənənəsinə bundan sonra da sadiq qalacaq”
 
 
Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova təbrik çıxışında qeyd etdi ki, qədim paytaxtımızın zəngin tarixi olduğu kimi, bu tarixə şahidlik edən qədim, zəngin ənənələri ilə məşhur olan təhsil ocaqlarımız var: "Belə təhsil ocaqlarından biri də bu gün toplaşdığımız bir əsr yarıma yaxın yaşı olan 56 nömrəli məktəbdir. Məktəb Bakı Nobel İrsi Fondu ilə sıx əməkdaşlıq edir, burada göstərdiyi bütün kompozisiyalar və videoçarxlarda siz bu əməkdaşlığın tarixçəsini izlədiniz. Amma bu, yubiley mərasiminin keçirilməsində göstərdiyi dəstəyə görə Bakı Nobel İrsi Fonduna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarına, məktəbin kollektivinə təşəkkürümü bildirmək istəyirəm. Biz inanırıq ki, yubilyar məktəb öz ənənəsinə bundan sonra da sadiq qalacaq, uğurlarının sırasını daha da genişləndirəcək. Bir daha məktəbin rəhbərliyini, müəllimləri, şagirdləri, onların valideynlərini təbrik edirəm.  Hər zaman doğma məktəbinizlə qürur duyasınız".
 
Tədbirdə Bakı Nobel İrsi Fondunun icraçı direktoru Fuad Qasımovun Nobel qardaşlarının Azərbaycanda fəaliyyətini əks etdirən tarixi sənədlərin tapılmasında, məktəblə, müəllim, şagird və valideynlərlə qurduğu çoxşaxəli əməkdaşlığa verdiyi töhfələr yüksək qiymətləndirilib. 
 
N. Hüseynova Nobel İrsi Fondunun sədri Sevinc Bağırovanı və Nobel Muzeyinin direktoru Fuad Qasımovu məktəbin inkişafında göstərdikləri xidmətə görə təşəkkürnamə ilə təltif edib.
 
“Nobel qardaşları sənaye dövrünə uyğun müasir bir məktəb yaratdılar”
 
Yubilyar məktəblə sıx əlaqələrini davam etdirən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı təbrik çıxışında qeyd etdi ki, sənayeləşmə dövründə yaradılan ilk məktəblər sənayenin ehtiyaclarını nəzərə alırdı: “Sənayeləşmə təhsilə tamam başqa bir tələbat olduğunu ortaya qoydu. Bu səbəbə görə sənayeləşmə ilə bərabər elm də, təhsil də inkişaf etdi. Azərbaycanda da sənayeləşmə, yüngül sənaye olub. Amma Azərbaycanda ağır sənayenin əsasını Nobel qardaşları qoyub. Məhz buna görə də Nobel qardaşları sənaye dövrünə uyğun müasir bir məktəb yaratdılar. Bu baxımdan Nobel qardaşlarının yaratdığı 56 yaşlı məktəb Azərbaycanda təhsilin başlanması tarixi kimi qeyd oluna bilər. 56 nömrəli məktəb uzunömürlü bir məktəbdir. 140 il! İnsan  bu qədər yaşamır. Lakin böyük abidələr, məktəblər, universitetlər, yəni ideyalar yaşayır. Amma o ideyaları daşıyanları və insanları, bax bu gün görürük”.
 
Yubilyar məktəbin kollektivini təbrik edən H.İsaxanlı təhsil müəssisəsi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirdi. 
 
“İnanıram ki, 56 nömrəli məktəb öz tarixini davam etdirəcək”
 
Məktəbin məzunlarından Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov isə bildirdi ki, 140 yaşını qeyd edən məktəbin yubileyi bu təhsil ocağı ilə bağlı insanları bir araya gətirib: “Çox əlamətdar bir gündür. Amma qeyd etmək istərdim ki, bu, təkcə bizim üçün, məktəbə bağlılığı olan insanlar üçün deyil, həm də ümumiyyətlə, Azərbaycan təhsil sistemi, Azərbaycan təhsil tarixi üçün çox əlamətdar bir gündür. Azərbaycanda yaşı 100-dən yuxarı olan məktəblərin sayı çox deyil. Mən bilirəm ki,  bir ildən sonra Cəbrayıl məktəbinin 150 yaşı tamam olacaq. Bu gün məzunları üçün bu bir qədər duyğusal və mənəvi önəm daşıyan bir gündür. Çünki hər bir insan üçün məktəb illəri unudulmazdır, əzizdir; ən gözəl xatirələr hər bir insanda məktəblə bağlıdır. Sözsüz ki, məktəbdə verilən bilik, öyrədilən mənəvi dəyərlər insanı  ömürboyu müşayiət edir. İnanıram ki, 56 nömrəli məktəb öz tarixini davam etdirəcək. Həmişə necə qabaqcıl, öndə gedən məktəb olubsa, gələcəkdə də  belə davam edəcək”. 
 
“Bu məktəbdə ilk dəfə Məzun Assosiasiyası yaradılıb”
Mərasimə qatılan təhsil eksperti Asif Cahangirov təbrik çıxışında qeyd etdi ki, 140 illik yubileyi keçirilən məktəblə onu 47 illik təcrübə bağlayır: "47 il az deyil. O vaxtdan bu məktəbin adını həmişə fəxrlə səsləndirmişəm. Həmişə məktəb haqqında gözəl fikirlər, yaxşı rəylər eşitmişəm və çox şadam ki, son iki-üç ildə məktəbdə yeni bir canlanma var. Yeni tədris mühiti yaranır, yeni yaradıcılıq tətbiq olunur, yeni modellər qurulur. Bu məktəbdə ilk dəfə Məzun Assosiasiyası yaradılıb. Çox maraqlı bir təcrübədir. Çox istərdim ki, hər bir məktəbin, bax, belə bir Məzunlar Assosiasiyası olsun. İkincisi də budur ki, hər bir məktəbin ənənəsi olmalıdır. Bu 140 ildə məktəbin çox rəhbərləri olub, ancaq məktəbin ənənələri yaşayır. Məktəblərdə belə ənənələrin formalaşmasına nail olmalıyıq. Çox şadam ki, bu gün məktəb kollektivi ilə birlikdəyəm". 
 
56 nömrəli məktəb İsveç-Azərbaycan dostluğuna öz töhfəsini verəcək
 
Tədbirə onlayn qatılan Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov  dəvət üçün Bakı Nobel İrsi Fondunun və  56 nömrəli məktəbin rəhbərliyinə təşəkkürünü çatdırdı: "Bu gün XIX  əsrin sonlarında Nobel qardaşları tərəfindən Bakıda əsası qoyulmuş 56 nömrəli  məktəbin 140-cı ildönümünü birlikdə qeyd edirik və bu mühüm əlamətdar hadisə İsveç və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyi bir dövrə təsadüf edir. Ötən il biz Azərbaycanda Nobel irsinin 150 illiyini birlikdə qeyd etmişik. Bu xüsusda, keçirdiyimiz birgə silsilə tədbirlərin əsas elementi olaraq İsveç şirkəti tərəfindən Nobel qardaşlarının həyat və fəaliyyətinə həsr olunmuş sənədli film bu yaxınlarda İctimai Televiziyada nümayiş etdirilib. Bu filmin yayılması Azərbaycanla bağlı həqiqətlərin, Nobel qardaşlarının Azərbaycandakı irsinin daha geniş tanınmasına şərait yaradacaq.  Azərbaycan və İsveç cəmiyyəti arasında əlaqələr, xüsusilə təhsil sahəsində əməkdaşlıq inkişaf edir, çiçəklənir”. 
 
Səfir əmin olduğunu bildirdi ki, qarşıdakı dövrdə 56 nömrəli məktəb öz inkişafına davam edəcək, İsveç və Azərbaycan arasında dostluğa öz töhfəsini verəcək: "Bundan sonra da iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqlara töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim. Bu fürsətdən istifadə edərək 56 nömrəli məktəbin rəhbər heyətini, eləcə də bütün şagirdləri ürəkdən təbrik edirəm. Gələcək fəaliyyətlərində və təhsillərində bol uğurlar arzulayıram”.
 
“56 nömrəli məktəb Nobel qardaşlarının Azərbaycanda irsini yaşadır” 
 
İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson 56 nömrəli məktəbin 140 illik yubileyinin keçirilməsinə görə Nobel İrsi Fonduna və məktəb rəhbərliyinə minnətdarlığını bildirdi: “Əlbəttə ki, ən böyük təşəkkürüm inanılmaz istedadlı şagirdlərinizədir. 56 nömrəli məktəb, həmçinin Nobel qardaşlarının Azərbaycanda irsini yaşadır. Mən İsveç səfiri olaraq 56 nömrəli məktəbə, həm də Nobel İrsi Fonduna təşəkkürümü bildirmək istəyirəm. Bugünkü tədbirə görə vurğulayım ki,  İsveç – Azərbaycan əməkdaşlığı 140 il bundan əvvəlki tarixə söykənir. Biz ötən il Nobel qardaşlarının Azərbaycana gəlişini qeyd etdik. Azərbaycan dilində kitab dərc etdik, həmçinin Azərbaycan dilində film hazırladıq. İnanıram ki, gələcəkdə də ikitərəfli münasibətlərdə qeyd edəcəyimiz əlamətdar hadisələr olacaq”. 
 
Qeyd edək ki, 1884-cü ildə “Branobel” şirkətinin yaradıcısı Robert Nobel öz ailə iqamətgahı ilə yanaşı, şirkət işçilərinin övladları üçün məktəb inşa edir. 1904-cü ildə isə Emanuel Nobel əmisi Robertin xatirəsinə yeni, ikimərtəbəli bina inşa etdirməklə neftçi uşaqları üçün daha geniş təhsil imkanları yaradır. Bu gün Nobel qardaşlarının Azərbaycandakı mənəvi mirası hesab olunan 56 nömrəli məktəb Bakı Nobel İrsi Fondu ilə sıx əməkdaşlıq şəraitində öz fəaliyyətini davam etdirir.
 
Oruc MUSTAFAYEV