İşğaldan azad olunmuş ərazilərdə peşə təhsilinə tələbə qəbulu ilk olaraq 2025-2026-cı tədris ilində Füzuli Peşə Liseyində aparılacaq.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin infrastrukturunun bərpa olunması ilə bağlı Prezident İlham Əliyevin Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində konkret hədəflər müəyyən edilib.
 
“Hazırda Füzuli şəhərində 850 nəfərlik peşə təhsili müəssisəsi tikilir. Ağdam, Zəngilan, Qubadlı və Cəbrayılda peşə təhsili müəssisələrinin layihələndirmə işləri gedir. Şuşada peşə təhsili müəssisəsinin layihələndirmə işi demək olar ki, yekunlaşıb”, - deyə Ceyhun Kərəmov qeyd edib.
 
Agentlik direktoru Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşların peşə hazırlığına cəlb edilməsi istiqamətində ötən ildən təlimlərə başlanıldığını söyləyib: “Məqsəd işğaldan azad olunmuş ərazilərə köçürüləcək əhalinin əvvəlcədən peşə əldə etməsidir. Bu günə qədər 100-dən artıq vətəndaş Gəncə, Mingəçevir və Qəbələdə peşə təhsili müəssisələrində təlimlərə cəlb edilib. İlin sonunadək yüzlərlə vətəndaş təlimlərə cəlb olunacaq. Amma Qarabağ ətrafında olan digər peşə təhsili müəssisələri var. Məsələn, Bərdə peşə təhsili müəssisəsində məcburi köçkünlərin sayı çoxdur. Füzulidə, Ağdamda iki peşə təhsili müəssisəsi var. Bunlar köhnə müəssisələrdir. Yeni peşə təhsili müəssisələri 2025-ci ildən başlayaraq istifadəyə veriləcək”.