“Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə həyata keçirilən “Techcell” hakatonu başa çatıb. 
 
UFAZ-dan “Azərbaycan müəllimi”nə  bildirilib ki, iştirakçılara bu müddət ərzində informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid 5 fərqli mövzu üzrə həllər təklif etmək tapşırılmışdı.
 
Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi yarışmada 30 komanda final mərhələsinə qatılmaq imkanı əldə edib. 3 nəfərdən ibarət komandalar verilən mövzulardan birinə uyğun kod və proqramlaşdırma tapşırıqlarını icra ediblər. İştirakçıların seçimi zamanı onların kibertəhlükəsizlik, proqramlaşdırma, mobil şəbəkə təhlükəsizliyi kimi sahələrdə bilikləri ilə yanaşı, gender balansının qorunması, yumşaq bacarıqlardan istifadə kimi bacarıqlarına da nəzər yetirilib.
 
2 gün ərzində davam edən müsabiqədə iştirakçılara “Azercell” şirkəti və UFAZ-dan peşəkar mentorlar dəstək veriblər.
 
Qeyd edək ki, hakatonun bağlanış mərasimi mayın  27-də baş tutacaq. Komandalar münsiflər heyəti qarşısında öz nəticələrini təqdim edəcəklər. Ardınca, qaliblər elan olunacaq. Komandalar pul mükafatları və baş sponsor “Azercell”in xüsusi hədiyyələri ilə təltif olunacaqlar.
 
"Azercell" və UFAZ-ın birgə səyləri nəticəsində ərsəyə gələn bu layihə texniki bilikləri və innovativ ideyaları ilə seçilən istedadlı gənclərin üzə çıxarılmasına, onların inkişafına öz töhfəsini verir. “Techcell” hakatonu bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən sayca üçüncü hakatondur.