Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq tədbirdə türk dövlətlərindən 60-dan çox universitetin rektoru iştirak edir.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin TÜRKÜNİB-ə sədrliyi dövründə görülən işlər barədə təqdimatla çıxış edib. Rektor 2024-2025-ci illər üçün elm, təhsil və sosial sahələr üzrə bir çox tədbir və layihələri əhatə edən yol xəritəsi layihəsinin hazırlanaraq TÜRKÜNİB-in Baş Assambleyasına təqdim edildiyini diqqətə çatdırıb. Ədalət Muradov TÜRKÜNİB-in əsas məqsəd və hədəfləri, Türk Dövlətləri Təşkilatı (TDT) qarşısındakı statusu, iki qurum arasındakı münasibətlər, mübadilə proqramlarının maliyyələşdirilməsi, TÜRKÜNİB-ə üzvlüyün meyarları, daimi fəaliyyət göstərən strukturun olması, eləcə də yeni texnologiyaların elm və təhsildə yaratdığı fürsətlərdən faydalanmaq, təhdidlərdən isə qorunmaq məqsədilə birgə fəaliyyət mexanizmlərinə ehtiyacın olub-olmaması barədə bugünkü tədbirdə müzakirələrin aparılmasının vacibliyindən danışıb. Rektor TÜRKÜNİB-ə 49 universitetin üzv olduğunu diqqətə çatdıraraq, bugünkü iclasda TÜRKÜNİB-ə üzvlük üçün müraciət etmiş 60 universitetin də müraciətinə baxılacağını və Birliyin gələcək fəaliyyəti barədə əhəmiyyətli olan məsələlərin müzakirə olunacağını qeyd edib.
Açılış mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin gördüyü işlərdən söz açıb. Baş katib təşkilatın gələcək fəaliyyət istiqamətləri, eləcə də bu istiqamətdə TÜRKÜNİB-in verəcəyi töhfələri diqqətə çatdırıb.
Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli Türk dünyası dövlətləri ilə müvafiq sahələrdə həyata keçirilən əməkdaşlıqdan və əldə olunan müsbət nəticələrdən danışıb. O, Assambleyada veriləcək qərarların bu əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə zəmin yaradacağını söyləyib.
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev TÜRKÜNİB-in 7-ci Assambleyasının ölkənin aparıcı universitetlərindən biri olan UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib. Akademik Şahin Mustafayev Türk dünyası dövlətlərinin rəhbərlərinin uğurlu əməkdaşlığından söz açaraq, bu əlaqələrin nəinki elm və təhsil sahələrinin inkişafına, ümumilikdə ortaq dəyərlərin mənimsənilməsinə münbit zəmin yaratdığını bildirib. O, təkliflərin həyata keçirilməsi məqsədilə TÜRKÜNİB-də əlaqələndirmə mərkəzinin qurulmasının səmərəli ola biləcəyini deyib. Şahin Mustafayev rəhbəri olduğu akademiyanın bu əməkdaşlığın inkişafına hər zaman dəstək göstərəcəyini diqqətə çatdırıb.
Assambleya işini müzakirələrlə davam etdirib.