"Hədəfimiz xarici tələbələrin sayını gələn il üçün daha 1000 nəfər artırmaqdır".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O bildirib ki, hazırda ölkəmizdə təxminən 10 min xarici tələbə təhsil alır.
"90-cı illərdə əcnəbi tələbələrin sayı məlum səbəblərə görə azalıb. Lakin indi yavaş-yavaş əvvəlki göstəricilərə qayıdırıq. Əcnəbi tələbələrin cəlbi həm gələcəkdə ölkəmizin təbliğatıdır, həm universitetlərimizin reytinq göstəricilərinə birbaşa təsir edir, həm də ali təhsil müəssisələrimizin daxilində beynəlxalq mühit yaranmasına və ölkəmizə əlavə valyuta axınına səbəb olur. Müəyyən mənada biz bu məsələni koordinasiya edirik, amma əsas fəaliyyət universitetlər tərəfindən aparılmalıdır və bütün dünyada da bu, belədir" - deyə Ülkər Səttarova əlavə edib.