Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının dövlət-özəl tərəfdaşlığı çərçivəsində VIII Forumunda iştirak etmək məqsədilə Türkiyə Respublikasında səfərdə olub.
 
TİF-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, Hibrid formatında baş tutan foruma dünyanın müxtəlif ölkələrindən 600-dən çox iştirakçı qatılıb. 3 gün davam edən forumda “maraqlı tərəflərin cəlb edilməsi”, “rəqəmsal transformasiya”, “qadınların səlahiyyətləndirilməsi”, “kiçik miqyaslı dövlət-özəl tərəfdaşlıqları” və digər mövzular üzrə 28 sessiya keçirilib. Yunanıstan və Qətərdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəb və yataqxanaların inşa və təmir edilməsi istiqamətində həyata keçirilən layihələrin nümunəsində geniş təqdimatlar edilib.
 
Səfər çərçivəsində, həmçinin Türkiyənin Bahçeşehir Universitetinin CO-OP karyera mərkəzində görüş keçirilib. Görüşün məqsədi Türkiyə təcrübəsi, karyera mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud universitet-sənaye işbirliyi, təhsil və iqtisadiyyatın inteqrasiyası mövzularına dair məlumat və mübadilə proqramının həyata keçirilməsi olub.
 
CO-OP karyera mərkəzi modelinin Türkiyənin Bahçeşehir Universiteti tərəfindən tətbiq edildiyini və geniş marağa səbəb olduğunu bildirən mərkəzin direktoru Bahri Toper, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı nəticəsində bu təhsil modelinin Azərbaycan Universitetlərində də qurula biləcəyini vurğulayıb.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova görüşdən məmnunluğunu bildirərək, Fondun fəaliyyəti, hazırda icra olunan, eyni zamanda yaxın gələcəkdə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib. Universitet-sənaye tərəfdaşlığı çərçivəsində Bakının iki ali təhsil müəssisəsində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi haqqında bəhs edən X.Daşdəmirova, yaxın zamanda regionlarda da yeni Davamlı İnkişaf Mərkəzlərinin yaradılacağını bildirib. Bu mərkəzlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində tələbələrin bilik və bacarıqlarının artırılması, onlara karyera və inkişaf dəstəyinin göstərilməsi məqsədilə yaradıldığı qeyd olunub.