14 may tarixində Azərbaycan RespublikasınınTəhsil İnstitutu ilə Özbəkistan Respublikasının  Milli Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur ƏIiyev, institutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Layihələrin idarə olunması şöbəsinin müdiri Sevinc Əliyeva, Avloni adına Milli Tədqiqat İnstitutunun rektoru İsmailov Abduvali, institutun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Saidmurod Yakhyaev və Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsil üzrə Nazirliyinin baş mütəxəssisi Umijon İsroilov iştirak ediblər.
 
Qarşılıqlı müzakirə formatında keçirilən görüşdə tərəflər qurumların fəaliyyət istiqamətləri, prioritet məsələlər, eləcə də təcrübə mübadiləsi və mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Qeyd edək ki, memorandum çərçivəsində pedaqoji təcrübə mübadiləsi, akademik və elmi əlaqələrin qurulması, mütəxəssislərin yüksəkkeyfiyyətli peşəkar hazırlığının və ixtisasının artırılması sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub.