“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsi qalibləri elan olundu


Azərbaycanda fəaliyyət göstərən 28 ali təhsil müəssisəsində təhsil alan tələbələr təhsilin inkişafına töhfə verəcək layihələr hazırlayıblar. 112 layihə arasından ən yaxşıları “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsində seçilib və Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri, özəl və dövlət qurumlarının nümayəndələri, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mükafatlandırılıblar.

 

Müsabiqə tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləyir

 

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və “Lenovo Global Technology Azerbaijan” MMC-nin tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş müsabiqə artıq II dəfədir keçirilir. Məqsəd Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarını dəstəkləməkdir.

 

“Təhsil inkişafında innovativ metodlar” müsabiqəsi Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə keçirilir. İki mərhələdən ibarət müsabiqəyə təhsildə inklüzivlik, təhsil prosesində İKT-nin tətbiqi, erkən və məktəbəqədər təhsil, ömürboyu təhsil, qeyri-formal və in-formal təhsil, iqlim dəyişikliklərinə qarşı mübarizədə təhsilin rolu kimi mövzular daxil edilib. Öz layihələri ilə mübarizəyə qoşulanlar arasında qızlar çoxluq təşkil edib. Belə ki, 112 müraciətdən 79-u qızlar, 33 nəfəri isə kişi tələbə olub. Müraciətçilərin 91 nəfəri bakalavriat, 21 nəfəri isə magistratura səviyyəsində təhsilalanlardır.

 

İkinci mərhələdə mübarizə aparan 13 finalçı peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında çıxış edib. Hər iki mərhələnin meyarları üzrə ən çox bal toplayan finalçı qalib hesab olunub.

 

Müsabiqənin nüfuzu artıb

 

Azərbaycan Texniki Universitetinin akt zalında baş tutan mükafatlandırma mərasimində həmin təhsil müəssisəsinin rektoru Vilayət Vəliyev qonaqlarını salamlayıb. Sözügedən müsabiqənin güclü rəqabət mühiti olan meydan olduğunu bildirib. Tələbələr arasında məhz rəqabət mühitində baş tutan bir mübarizə keçdiyini söyləyib: “Biz bu mübarizənin yekun mərhələsindən uğurla çıxanları mükafatlandırdıq. Lakin deyə bilərik ki, müsabiqəyə təqdim olunan hər layihə tələbələrin ciddi nəticələr ortaya qoyduğunu deməyə əsas verir”.

 

Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov artıq II dəfə keçirilən müsabiqənin məqsədlərindən danışıb. Onun sözlərinə görə, təhsil prosesinin mərkəzində dayanan təhsilalanların diqqətdə saxlanması müsabiqənin başlıca məqsədidir: “Ümummilli liderin təhsilə, tələbələrə qayğısının davamı olaraq düşünürük ki, bu dəfə də müsabiqədə tələbələrə ədalətli mübarizə şəraiti, özünüifadə üçün bərabər imkan yarada bildik. Hər təhsilalan üçün yaradılan bərabər şərait onların arasında uğurlu rəqabət mühiti formalaşdırıb”.

 

Ədalətin təmin olunmasını həm də müsabiqənin münsiflər heyətinin əziyyətinin, gərgin əməyinin nəticəsi hesab edən E.Nəsibov deyb ki, əksəriyyəti dövlət və özəl dövlət qurumlarının əməkdşları olan münsiflər heyətinin üzvləri də təltif ediləcəklər.

 

E.Nəsibov müsabiqənin keçirildiyi ikinci ildə 28 ali təhsil müəssisəsindən tələbələrin qatıldığını vurğulayaraq, bunu həm də müsabiqənin artan nüfuzu ilə əlaqələndirib.

 

Gənclərə dəstəyinə görə dövlət və özəl təşkilatlara təşəkkür edən E.Nəsibov bu mübarizədən uğurla çıxan finalçıların hər birinin qalib olduğunu deyib.

 

Onlar I mərhələdə ən çox bal toplayan finalçılardır

 

 

“Azərbaycan müəllim” finala çıxan layihələrin bir neçəsini təqdim edir. Məsələn:

 

Muradın “SSO” layihəsi

 

BMU tələbəsi Murad İbrahimov özünün “SSO” layihəsi ilə Azərbaycan təhsil sistemini dünyanın ən yaxşı sistemlərindən birinə çevirmək niyyətindədir. O hesab edir ki, bunun ən yaxşı yolu uşaqların psixologiyasına nəzarətdən keçir. Belə ki, insanın ən çox 14 yaşına qədər psixoloji təzyiqə məruz qaldığını və bunun insanın təhsilinə ən çox təsir edən amillərdən biri olduğunu göstərən araşdırmalara əsaslanaraq o, psixoloji mühiti yaxşılaşdırmağın əhəmiyyətinə diqqət çəkib. Bunun üçün də süni intellektdən istifadə edib: “Sinif otaqlarındakı smart kameralara süni intellekt mərkəzi aşkarlama sistemini inteqrasiya edərək valideynlərin həm 724 uşaqlara nəzarətini, həm də uşaqların əhvali-ruhiyyəsini, məruz qaldıqları təsirləri bədən dili hərəkətlərindən anlamalarını təmin edirik. Üstəlik, buna valideynlər, sadəcə 16 manat ödəməklə nail olurlar”.

 

BANM tələbələri əyalət məktəblilərinin olimpiadada iştirakını təmin edəcək platformalarını təqdim ediblər

 

Məktəb illərində olimpiadalarda iştirak edib və uğurlara imza atıblar. Amma bu böyük nəticəyə Bakı məktəblisi kimi nail olublar. Hələ o vaxt bunun bir problem olduğunu müəyyənləşdiriblər. Müsabiqəyə qatılmaq üçün aşkarladıqları bu problemi layihəyə çeviriblər.

 

Söhbət Bakı Ali Neft Məktəbinin tələbələri Tamerlan Ağayev və Əkbər Bünyadzadədən gedir. Onlar “Olympus” təqdimatı ilə bu problemə son qoymaq  üçün hamıya əlçatan onlayn platforma təklif ediblər. Platforma həm şagirdlər, həm müəllimlər üçün əlavə imkanlar yaradır. 2025-ci ilin iyun ayında hazır olacaq platformanın ilk 6 ayında qazanc götürməyəcəklərini hesablayan müəlliflər hesab edirlər ki, onlara Azərbaycan bazarında rəqib yoxdur. Beynəlxalq platformada, sadəcə 3 rəqibləri var və onlar inanır ki, bu layihə ilə daha çox istedadın yolunu açacaqlar.

 

Tələbə qızlar “Cücələrim”lə açılıb, valideynin istədiyi vaxtda bağlanan proqram təklif edir

 

Bakı Ali Neft Məktəbinin "Biznesin idarə edilməsi" ixtisası üzrə bir qrupda oxuyan 3 tələbəsi  - Nübar Həsənquliyeva, Fidan Ağakişiyeva və Aydan Eyvazova uşaqların inkişafına dəstək olmağı hədəfləyiblər. Bu məqsədlə yaratdıqları platformanı daim təkmilləşdirərək daha faydalı metodlar və üsullar tapmağı, müxtəlif yaş kateqoriyalarının iştirakını təmin etməyi planlaşdırırlar.  Belə ki, gənclər araşdıraraq öyrəniblər ki, uşaqlar cizgi filmlərinə ana dillərində deyil, ingilis, rus  dillərində baxırlar. Daha bir problem – oyunlar oynadıqları platformalarda qarşılarına zərərli məlumatlar çıxa bilər. Onlar uşaqların təhlükəsiz istifadə edə biləcəkləri proqram təklif edirlər. Uşaqların sevdiyi “Cücələrim” mahnısı ilə açılan proqram özü də “Cücələrim” adlanır. Tələbə qızlar bu proqramla ana dilini sevdirəcək, peşəkarların təsdiq etdiyi metod və yollarla onların inkişafına dəstək olacaqlar. Qızların hazırladıqları proqramın ən böyük üstünlüklərindən biri valideynə övladının kompüter arxasında nə qədər zaman keçirəcəyini müəyyən etməyə imkan verir və onun müəyyənləşdirdiyi vaxtda bağlanır.

 

Aysel Məmmədovanın “Analar məktəbi”

 

Dövlət Gömrük Komitəsi Akademiyasının tələbəsi Aysel Məmmədova “Analar məktəbi” layihəsini irəli sürməsinin səbəblərindən danışarkən deyib ki, mədəniyyət, zövq, etika, estetika, məsuliyyət, ünsiyyət və s. övladlarına ailələr aşılayır. Azərbaycan ailələrində bu vəzifələr anaların üzərinə düşür. Ona görə də analar savadlı, dünyagörüşlü olmalıdır. Odur ki, bu layihə ilə A.Məmmədova anaların qeyri-formal təhsil almasına şərait yaradacaq bir məkan təsis edilməsini təklif edir. Dövlət təhsil sənədi almasa da, orta səviyyədə biliklərə yiyələnmiş analar yetişdirəcək bir məktəb yaratmaq təklif edir.

Layihə savadsızlığı, qismən də olsa, aradan qaldıracaq, düzgün təhsil və tərbiyənin ailədən başlanmasına yol açacaq, cəmiyyət üçün  əsl vətəndaş hazırlanmasına ilkin baza yaradacaq. Aysel bu layihə ilə işləməyən qadınları faydalı məşğələlərə cəlb edəcək. Anaların akademik, sosial və psixoloji hazırlığı, effektiv dünyagörüşünün formalaşması, qadınların asudə vaxtının səmərəli təşkili layihənin hədəfləri sırasındadır.

 

Analar məktəbi ildə 2 dəfə qəbul həyata keçirəcək. Hazırlanan plan və proqramlar daim təkmilləşdiriləcək.

 

Rəvanın virtual təlim sahəsi

 

Bakı Ali Neft Məktəbinin tələbəsi Rəvan Xıdırov virtual yaşıl texnologiyalardan istifadə ilə təbiətin çirklənməsinin qarşısını almaq, iqlim dəyişmələrinin sürətini azaltmaq istəyir. “Öyrənək ki, öyrədək və planetimizi qoruyaq” devizi ilə təklif etdiyi həll günəş paneli və yaşıl texnologiyaların köməyi ilə əldə edilən 3D modelidir. Yaratdığı virtal laboratoriyanı virtual təlim sahəsi kimi düşünür və deyir ki, real texnologiyalara məktəblərin əlçatanlığı yoxdur və  böyük xərc də tələb edilməyəcək bu texnologiya problemin çözümüdür.

 

 

Bu layihədə uşaq müxtəlif səviyyələrdə coğrafi problemlərlə qarşılaşır və onu həll edir

 

Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Məmmədova “Smart Clans” layihəsi qlobal iqlim dəyişmələri, passiv öyrənmə təcrübəsi və şagirdlərdə demotivasiya problemlərinə qarşı yönəlib. Bu rəqəmsal oyun platformasında uşaq müxtəlif səviyyələrdə coğrafi problemlərlə qarşılaşır və onu həll edir.  Bu problemləri həll edən şagirdlər növbəti səviyyəyə keçir, nəticədə məktəbdə ayrı-ayrı fənlərdən öyrəndiklərini rəqəmsal platformada tətbiq edirlər. Layihə nəinki onların biliyini möhkəmləndirməsinə, həm də ətraf mühitin problemlərinə həssas yanaşmasına kömək edəcək.

 

Gənclər üçün dil baryeri aradan qalxır?

 

Bakı Mühəndislik Universitetinin tələbəsi Ayxan Ələkbərov “LearnEd” layihəsi ilə dil öyrənmək istəyənlərə danışaraq, səhvlərini bilərək öyrənəcəyi effektiv virtual mühit təklif edir. Öz məhsulunu sosial mediada bazara çıxaracaqlarını deyən Ayxan bu layihə ilə ölkə gənclərinin qarşısından dil baryerini götürməyi hədəfləyib. O, məhsulunu bu ayın sonunda bazara çıxmağı planlaşdırır.

 

Mükafatlandırma

 

Qalib 3 yerin sahibləri bu layihələr arasındadır. Belə ki, 1-ci yerin qalibləri “Olympus” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Tamerlan Ağayev və Əkbər Bünyadzadə, 2-ci yerin sahibi “LearnEd” təqdimatı ilə Bakı Mühəndislik Universitetinin tələbəsi Ayxan Ələkbərov və komanda yoldaşları Nihad Məhərrəmov, Nicat Məmmədli və Səid Quluzadədir. 3-cü yerə “Cücələrim” təqdimatı ilə Bakı Ali Neft Məktəbinin tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva layiq görülüblər.

 

Ruhiyyə DAŞSALAHLI