Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə (https://baku.edu.gov.az/az/page/9/7314) yerləşdirilən 2 175 sorğu emal edilib.
 
Həmin sorğulardan 1 381-i müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 487 sorğu isə emal mərhələsindədir.
 
Qeyd edək ki, valideyn tərəfindən sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular yerləşdirildiyi gündən 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləməsi tövsiyə edilir.
 
Qeyd edək ki, ümumi təhsil məktəblərinin I sinfinə elektron qeydiyyat prosesi 1 may-13 sentyabr tarixlərini əhatə edir.