Günay Məmmədova, Kolumbiya Universitetinin tələbəsi: “Magistr tədqiqat işimi Azərbaycanda tarix dərsliklərini təhlil edərək yazmışam”
Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər öz uğur hekayələri ilə hər birimiz üçün qürur mənbəyidir. Reytinqli universitetlərdə yüksəkixtisaslı peşəkarlar kimi yetişən gənclərimiz ölkəmizin intellekt potensialıdır. Bu dəfə onlardan biri Günay Məmmədova ilə həmsöhbət oluruq. Günay Məmmədova hazırda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində magistratura təhsili alır. G.Məmmədova bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak edib.
Günay Məmmədova Bakı şəhərində anadan olub. 2015-ci ildə Avropa-Azərbaycan Məktəbini xüsusi nümunəli şəhadətnamə ilə bitirib. 680 balla ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə bakalavr təhsilinə başlayıb. 2019-cu ildə universiteti yüksək fərqlənmə ilə bitirib. Təhsil aldığı müddətdə Böyük Britaniyanın Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib. Tələbə klubu təsis edib, dövlət qurumlarında təcrübə proqramları keçib. Azərbaycan Respublikasının Milli Məclisi və Elm və Təhsil Nazirliyində beynəlxalq əlaqələr üzrə əmək fəaliyyəti göstərib. ABŞ-də isə Kolumbiya Universitetinin Beynəlxalq Ofisində çalışıb, İƏT-in BMT yanında Daimi Müşahidəçi Nümayəndəliyində təcrübə proqramı keçib. Hazırda Kolumbiya Universitetində ən yüksək göstərici ilə magistr təhsili alır, eyni zamanda təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Federasiyası” təşkilatına sədrlik edir. 6 ildir ki, istər Azərbaycanda, istərsə də ölkə hüdudlarında bir tələbə və ya gənc kimi ictimai fəaliyyətlə məşğul olur, bir sıra yerli və beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.
- Azərbaycandakı təhsil həyatınız, orta məktəbdə ilk təhsil illəriniz, əldə etdiyiniz uğurlar barədə nə deyərdiniz?
- Avropa-Azərbaycan Məktəbində təhsil almışam, bu orta təhsil müəssisəsi mənə yalnız akademik deyil, həm də həyat məktəbi olub. Sinif yoldaşlarım ilə sağlam rəqabət və eyni zamanda sıx dostluq münasibətləri çərçivəsində əzmkarlıq və məsuliyyət kimi xüsusiyyətləri mənimsədim. Dəyərli müəllimlərim fənləri bizə həvəslə tədris edirdi. Nəticədə təhsilimi tam təqaüd ilə başa vuraraq xüsusi nümunəli şəhadətnamə ilə təltif olundum. 2014-2015-ci illərdə “Azərbaycan dili və ədəbiyyat” və “Azərbaycan və dünya tarixi” fənləri üzrə Respublika olimpiadasında birinci yerə layiq görüldüm. 40-dan çox ölkədən olan şagirdlərin iştirakı ilə Türkiyədə keçirilən 6-cı Beynəlxalq fənn olimpiadasında “İngilis dili” fənni üzrə birinci, “Riyaziyyat” üzrə isə ikinci oldum. Davamlı olaraq humanitar fənlərə daha çox maraq göstərmişəm, məktəb illərindən ən sevdiyim fənn tarix olub. Çünki mənə görə tarix bizə yalnız keçmişi deyil, həm də bu günü və gələcəyi öyrədir. Kolumbiya Universitetində magistr tədqiqat işimi də Azərbaycanda tarix dərsliklərini təhlil edərək yazmışam. Qarabağ haqqında fəsillərin də yer aldığı tədqiqat işimin proqrama qəbul olunacaq gələcək tələbələrlə nümunə kimi bölüşüləcəyi üçün qürurluyam.
Azərbaycanda bakalavr təhsilimi ADA Universitetində almışam. ADA Universitetinin mənim bir gənc kimi formalaşmağımda danılmaz rolu olub. Burada akademik uğurlar, ictimai fəaliyyət və peşəkar inkişafı sintez etməyi öyrəndim. Tam təqaüdlə təhsil alaraq universiteti fərqlənmə ilə bitirməyə, tələbə təşkilatı yaradaraq sosial və siyasi konfrans və tədbirlər təşkil etməyə, müxtəlif dövlət qurumlarında təcrübə proqramları keçməyə, tələbə mübadilə proqramında iştirak etməyə nail oldum. Bu yolda icraçı və professor-müəllim heyətinin daimi dəstəyini gördüm, məsləhətlərini aldım. Kolumbiya Universitetində tədrisə başlamazdan öncə “görəsən, bacararammı?” sualı məni narahat edirdi. İki ilin yekununda universitetdə 100% göstərici ilə təhsil alıram, uğurlarımda Azərbaycanda qurulmuş təhsil bünövrəmin rolu böyükdür.
- Hazırda təhsil aldığınız universitet və ixtisasınız barədə fikirlərinizi bilmək istərdik.
- Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün müraciət edərkən gənclər üçün yaradılan bu şansdan istifadə edərək akademik baxımdan inkişaf edəcəyim, faydalanacağım, gələcəkdə tətbiq edə biləcəyim bir təcrübə qazanacağım, eləcə də nəzərdə tutduğum ixtisas və tədris komponentlərini özündə birləşdirən dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağı qarşıma məqsəd qoydum. Nəticə etibarilə, dünya reytinq siyahısında 8-ci yerdə (Shanghai Ranking) qərarlaşmış Kolumbiya Universitetində “Beynəlxalq təhsilin inkişafı” ixtisası üzrə magistr təhsili alıram. Kolumbiya Universiteti burada təhsil aldığım hər iki il ərzində ABŞ universitet reytinqində təhsil ixtisasları üzrə 1-ci yerə layiq görülüb (US News & World Report). Proqramım çərçivəsində bir neçə ixtisaslaşma mövcuddur, mən “Qlobal idarəçilik, siyasət və planlama” üzrə ixtisaslaşıram.
Bu ixtisasa göstərdiyim marağın səbəbi əslində çoxşaxəli idi. Öncə, bu mənim peşəkar təcrübəm əsasında öyrənmə və təkmilləşmə istəyimdən irəli gəlirdi. Bir gənc kimi davamlı olaraq beynəlxalq əməkdaşlıq və əlaqələr sahəsində çalışmış, daha sonra isə təhsildə beynəlxalq əlaqələr sahəsinə keçid etmişəm. Daha geniş prizmadan yanaşsam, həm də bu sahənin akademik biliklərinə yiyələnən peşəkarların müqayisədə kifayət qədər az olduğunun fərqinə vardım. Peşəkar və gələcək akademik biliklərimi sintez edərək daha faydalı olacağıma və töhfə verə biləcəyimə inanaraq ABŞ-də yalnız bir universitet və bir ixtisas üzrə müraciət etdim. Bu ixtisası mənim üçün xüsusilə cəlbedici və faydalı edən məqamlardan biri praktik tədrisə üstünlük verilməsi idi. Elm ocağı kimi ali təhsil müəssisələri tədqiqat və nəzəri tapşırıq, təhlillərə daha yönümlüdürlər. Bu mənim ixtisasım üçün də istisna deyil. Lakin bununla paralel olaraq bizə davamlı olaraq praktiki dərslər də tədris olunur. Məsələn, ABŞ-də beynəlxalq təhsil üzrə fəaliyyət göstərən təşkilatlar üçün qiymətləndirmələr həyata keçiririk, təşkilatların iş prinsipi və strukturunu analiz edərək hesabatlar hazırlayırıq, məsləhətçi qismində dövlət qurumları üçün təhsil sistemini təhlil edir və siyasi hesabatlar, məsləhətləşmələr və təhlillər hazırlayırıq, təkliflər veririk. Xüsusilə peşəkar fəaliyyət göstərməyi planlaşdıran bir gənc kimi düşünürəm ki, bu kimi praktiki biliklərin iş mühitində tətbiqi faydalı olacaq.
- “Beynəlxalq təhsilin inkişaf etdirilməsi” bizim təhsil sisteminə nə kimi töhfələr verə bilər ?
- Etiraf etməliyəm ki, bu sahə həm dünya, həm də Azərbaycan səviyyəsində yeni bir sahədir. Biz “inkişaf etdirilməsi” ifadəsindən daha çox bir sıra ixtisaslarda “idarə edilməsi” ifadəsini eşitməyə meyilliyik. Dünya sürətlə qloballaşır, II Dünya müharibəsindən sonra yeni dünya nizamı fonunda qlobal aktorların rolu sürətlə artmışdır. Bu gün dünyanın vahid cəmiyyət halında beynəlxalq təşkilatlar tərəfindən idarə olunduğunu iddia edən nəzəriyyələr də mövcuddur.
Belə bir şəraitdə biz “Beynəlxalq təhsilin inkişaf etdirilməsi” proqramında ilkin olaraq beynəlxalq əlaqələr və əməkdaşlıq kimi mövzuları nəzəri cəhətdən öyrənib onları praktiki olaraq təhsil sektoruna tətbiq edirik. İnkişaf etməkdə olan ölkələr üzərində iş apararaq inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən layihə, qrant proqramları və yardımları təhlil edir, nəhəng beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının iş prinspini öyrənir və tənqidi analiz edirik. Beynəlxalq və milli qiymətləndirmələri araşdırırıq, nəticələrin mümkün tətbiqi üzərində çalışırıq.
Bu öyrənmənin Azərbaycan təhsil sistemi üçün də bir sıra tətbiqi imkanları və verə biləcəyi töhfələr var. Uğurlu təhsil siyasəti modelinin və ya komponentlərinin araşdırılması, təhlil edilməsi, mümkün modellərin Azərbaycan təhsil sisteminə köçürülməsi, potensial imkanlar və problemlərin araşdırılması, PISA, TIMSS kimi beynəlxalq qiymətləndirmələrdə iştirakın faydası və ya faydasızlığının araşdırılaraq növbəti addımların atılması, həyata keçirilən layihələrin monitorinq və qiymətləndirmələrinin aparılması bunlara misal ola bilər.
- Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak edibsiniz. Sammitdə hansı məsələlər müzakirə olundu və nə kimi mesajlar oldu?
- Bəli, 1000-dən çox gəncin bir araya gəldiyi Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak etdim. “İnsanlar və planet üçün irəli” şüarı altında baş tutan sammit BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında keçirildi. Sammitdə ən başlıcası “Gələcək nəsillər öhdəliyimiz, planeti qorumaq isə məsuliyyətimizdir” mesajı verildi. Tədbir zamanı BMT rəsmiləri və peşəkarlar tərəfindən gənc liderlərin öhdəlik və vəzifələri, dayanıqlı inkişaf və iqlim dəyişikliyi, insan hüquqlarında texnologiyaların rolu, münaqişə hallarında gənclər və gənclərin psixoloji davamlılığı kimi panel müzakirələri təşkil edilmişdi. Sammit çərçivəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik, BMT Fondunun Prezidenti Elizabet Kuzens, ABŞ-nin BMT-də səfiri Linda Tomas-Qrinfild, eləcə də UNICEF, BMT İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, eləcə də digər təşkilat və şirkətlərin rəsmiləri bizlərlə interaktiv panellərdə iştirak etdi.
Sammit gənclərə səsinin və birliyinin qərar qəbul etmədə nə qədər həlledici ola biləcəyini sübut etdi. Məsələn, sammitdə iqlim dəyişiklikləri üzrə gənc fəal Sofia Kianni, eləcə də sadə Amerika məktəbindən iqlim dəyişikliklərinə qarşı mübarizəsini məhkəmələrədək aparan gənc məktəbli çıxış edirdi. Mən də sözügedən paneldə tədbir iştirakçılarını bu il Azərbaycanda baş tutacaq COP29 konfransı haqqında məlumatlandırdım.
- Son illər gənclərin xaricdə təhsilə marağının artdığını müşahidə edirik. Bunu bir gənc olaraq necə dəyərləndirirsiniz?
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində yüzlərlə parlaq Azərbaycan gənci dünyanın müxtəlif qabaqcıl universitetlərində ali təhsil almaq imkanı qazanıb. Belə bir təşəbbüs vasitəsilə gənclərimizin xaricdə təhsilə maraq göstərməsi fərdi, akademik və peşəkar müstəvidə, təmsilçilik fəaliyyəti prizmasından, eləcə də uzunmüddətli dönəmdə verəcəkləri fayda və töhfə baxımından çox önəmlidir. Xaricdə təhsil alan gənclərimiz sadəcə tələbə deyil, həm də Azərbaycanın təmsilçiləridir. Onlar Azərbaycanı ən kiçik dialoqlarda istinaddan tutmuş ən mötəbər tədbirlər və dünyaca məşhur təşkilat və şirkətlərdə təmsil edirlər. Xaricdə təhsil alan gənclərimiz beynəlxalq ali təhsil müəssisələrində akademik bilik və bacarıqlara yiyələnərək qazandıqları təcrübələri Azərbaycanda tətbiq edirlər. Mənə görə xaricdə təhsil həm də bir həyat təcrübəsidir – müxtəlif xalqların nümayəndələri ilə təcrübə mübadiləsidir, gündəlik qayğılar və problemlərini həll etməkdir, müstəqil qərarlar verməkdir. Bu isə bir gəncin yetkin şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Belə gənclər əldə etdikləri bilik, bacarıq və şəxsi təcrübə ilə vətənə geri döndükdən sonra onları uzunmüddətli bir dönəmdə tətbiq etməyə başlayırlar. “2007-2015 Dövlət Proqramı” məzunlarının verdiyi töhfələr və uğurlu peşəkar fəaliyyətləri də buna əyani sübutdur.
Lakin bəzən xaricdə təhsili cəlbedici hesab edərək tələsik qərar verən gənclərlə də rastlaşıram. Xaricdə təhsilin həm şəxsin özü, həm də ölkəmiz üçün maksimum faydalı olması üçün gənclərimizi daha öncə peşəkar fəaliyyətlə (rəsmi əmək fəaliyyəti, təcrübə proqramları və s.) məşğul olmağa, sevdikləri və fayda verməyə hazır olduqları ixtisaslarda təhsil almağa səsləyirəm.
- Siz xaricdə təhsil üzrə proqramların əhəmiyyəti barədə nə deyərdiniz?
- Ümumiləşdirərək bildirmək istərdim ki, xaricdə təhsil proqramları yalnız və birbaşa tələbənin özü üçün deyil, həm də Azərbaycanın ölkə hüdudlarında təmsilçiliyi və diaspora fəaliyyəti, xaricdə təhsil alan gəncin çalışdığı sahəyə verəcəyi töhfələr və gətirəcəyi yeniliklər, bilik və təcrübəsini bölüşərək motivasiya verəcəyi şəxslər və zamanca cəmiyyətin ümumi inkişafı üçün faydalıdır.
Onu da qeyd etmək istərdim ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təyin olunmuş prioritet sahələr vardır. Bu sahələr yaxın gələcəkdə Azərbaycanın sosial, mədəni və iqtisadi inkişafına töhfə verəcək və ya müasir dünya trendlərini diktə edəcək. Peşəkarlara ehtiyac duyulan belə sahələrdə xaricdə təhsil almaq həm gənclərin, həm də ümumən ölkənin davamlı inkişafı üçün təqdirəlayiq addımdır.
- Xaricə üz tutan gənclər arasında qızlarımızın çəkisi artır. Öz timsalınızda bunu necə izah edərdiniz?
- Belə bir tendensiyanın vüsət alması məni çox sevindirir. Etiraf etməliyəm ki, hər il gənc qızlarımızın dünyanın top universitetlərindən aldığı qəbul xəbərlərini eşidəndə xüsusilə qürurlanıram. Dünya cəmiyyətində uzun illər stereotip olaraq kişilərin dəqiq elmlərdə qadınlardan daha üstün olması fikri şüurlara həkk olunub. Dərslərdə öyrəndiklərimdən deyə bilərəm ki, bu stereotipin inkişafında beynəlxalq təşkilatların apardığı tədqiqatların və beynəlxalq tələbə qiymətləndirmələrinin təhlilinin də rolu vardır. Bu gün azərbaycanlı gənc qızlarımız xaricdə həm də fizika, kimya, mühəndislik, robotexnika və kompüter elmləri kimi sahələrdə də uğurla təhsil alır və nailiyyətlər qazanırlar.
Bu mövzuda mən həmişə şanslı olmuşam. Atam mənim xaricdə təhsilimin ən böyük dəstəkçisidir. Hətta tələbə mübadilə proqramında iştirakım zamanı sənədlərimdəki uyğunsuzluq səbəbindən ilk viza müraciətim uğursuz olmuşdu. Onda mən ruhdan düşsəm də, atam məni ruhlandıraraq bu prosesə necə həvəslə hazırlaşdığım və nə kimi təcrübələr qazanacaqlarımı xatırlatdı və biz ən qısa zamanda sənədlərimi yenidən təqdim edərək müsbət cavab aldıq.
Düşünürəm, qızlarımızın xaricdə təhsil alma çəkisinin artmasını bilavasitə ailə daxilində müasir yanaşmanın inkişafı zəruri edir. Bu həm də müasir dünyanın reallığı, məlumatların əlçatanlığı, xaricdə təhsil üçün yaradılan şərait və Azərbaycanda cinsindən asılı olmayaraq fərdlərə rəqabətcil əmək bazarında kompetensiya əsaslı verilən dəyərlərlə bağlıdır.
- Hazırda tələbəsi olduğunuz universitetdə öyrənmə mühiti necədir?
- Daha öncə Avropa və Böyük Britaniya təhsil sistemini təcrübə etmiş bir tələbə kimi bildirə bilərəm ki, ABŞ təhsil sistemində öyrənmə mühiti kifayət qədər fərqlidir – şəxsin cəmiyyətin bir üzvü kimi inkişafına yönəlikdir. Kolumbiya Universitetində təhsil aldığım iki il ərzində bu öyrənmə mühitinin müsbət cəhətlərindən bacardığım qədər yararlandığımı düşünürəm.
Öyrənmə mühitini dolğun izah edə bilmək üçün bir dərs müddətini təsvir etmək istəyirəm. Hər bir tələbə dərsdən öncə təyin olunmuş məqalə və kitabları oxuyaraq dərsə hazırlıqlı gəlir. Əksər hallarda, dərsdən öncə oxuduqlarımıza dair tənqidi düşüncələrimiz və suallarımızın yer aldığı yazı yazmalıyıq. Burada məqsəd professorun heç bir rəyi və təsiri olmadan tələbədə müstəqil fikir yürütmə bacarığının inkişaf etdirilməsidir. Dərslər tələbələrin aktiv iştirakına əsaslanır. Fikir mübadiləsi aparmaq, peşəkar və ölkə təcrübəsindən misallar gətirmək, düşündürücü suallar vermək dərslərin mütləq tərkib hissəsidir. Professorlar hər kəsin fikrinə hörmətlə yanaşır, bu isə tələbələrdə özünəinam və fikrini əminliklə ifadə etmə bacarığını inkişaf etdirir. Professor – müəllim heyəti bizə yalnız akademik bilik öyrətmir, onlar həm də bizim bələdçilərimizdir. Müəllimlərimin böyük əksəriyyəti yalnız təqdiqatçı deyil, onlar həm də BMT strukturlarının, dövlət qurumlarının və ya transmilli şirkətlərin əməkdaşlarıdır və ya layihələr üzrə qarşılıqlı fəaliyyət göstərirlər. Hər bir professorun görüş saatları olur ki, burada biz həm akademik cəhətdən suallarımızı ünvanlayır, həm də şəxsi və peşəkar inkişafımızla bağlı məsləhətlər alırıq.
Kolumbiya Universitetində xüsusilə komanda ilə işləmə bacarığına böyük önəm verilir. Hər kəsin bu və ya digər formada komanda ilə işlədiyini, eləcə də cəmiyyət halında yaşadığımızı nəzərə alsaq, zənnimcə bu, çox faydalı bacarıqdır. Mənə tədris edilən elə fənlər olub ki, orada 90% nəticəmiz məhz komanda işindən asılı olub. Nəticədə müxtəlifliklərimizə, fərqli cədvəllərimizə, dünyaya baxışımıza və davranışımıza baxmayaraq semestr boyunca birlikdə irəliləyərək uğurlu komanda işi təqdim etməyə nail olmuşuq.
- Gələcək hədəfləriniz nədir?
- Bir neçə həftəyə ali təhsilimi başa vurub vətənə qayıtmaq üçün səbirsizlənirəm. Akademik və peşəkar hədəflərimlə yanaşı, Nyu-Yorkda yaşadığım müddət ərzində ən böyük hədəfim Azərbaycan gənclərini vahid cəmiyyət və rəsmi təşkilatda birləşdirərək ABŞ yerli icmaları arasında Azərbaycanı təbliğ etmək idi. Kolumbiya Universitetində keçirdiyimiz tədbirlər, Nyu-Yorkda təşkil etdiyimiz silsilə maarifləndirici aksiyalar, Amerika mətbuatında Azərbaycanın tanıtımı və gənc birliyimiz vasitəsilə ilkin hədəfə çatdığım üçün qürurluyam.
Vətənə geri döndükdən sonra da ən başlıca hədəfim əldə etdiyim bilik, bacarıq və təcrübələri maksimum tətbiq edə biləcək bir peşəkar mühitdə çalışaraq bilavasitə ölkəmə və cəmiyyətimə faydalı olmaqdır, Dövlət Proqramı məzunu kimi Vətənimə töhfə verməkdir. İştirak edəcəyim mötəbər tədbirlər və gələcək peşəkar fəaliyyətim ilə Azərbaycanı davamlı olaraq beynəlxalq müstəvidə təmsil etmək və haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq həmişə ən böyük amalım olaraq qalacaq.
Oruc MUSTAFAYEV