Kiçik Summativ Qiymətləndirmə (KSQ) və Böyük Summativ Qiymətləndirmədə (BSQ) iştirak etməyən şagirdlərlə iş aşağıdakı qaydada aparılır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, şagird KSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:
 
1. Bal və qiymət xanaları diaqonalla iki hissəyə ayrılır, xanaların hər ikisinin surətinə "q" (qaib) yazılır;
 
2. Növbəti KSQ-yə qədər şagirdin iştirakı təmin olunur və qiymətləndirilir;
 
3. Şagird növbəti KSQ-yə qədər üzrlü səbəbdən iştirak etməzsə, məxrəclərə "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınmır.
 
 
Şagird KSQ-də üzrsüz səbəbdən iştirak etmədiyi halda isə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Şagird BSQ-də üzrlü səbəbdən iştirak etmədiyi halda:
 
1. Bal və qiymət xanaları diaqonalla iki hissəyə ayrılır, xanaların hər ikisinin surətinə "q" (qaib) yazılır;
 
2. BSQ-nin keçirildiyi gündən sonra növbəti iki həftə ərzində şagirdin iştirakı təmin olunur və qiymətləndirilir;
 
3. Şagird növbəti iki həftə ərzində istənilən səbəbdən iştirak etməzsə, məxrəclərdə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Şagird BSQ-də üzrsüz səbəbdən iştirak etmədiyi halda isə bal xanasına "0" bal, qiymət xanasına "q" (qaib) yazılır və yarmilik qiymətlərin hesablanmasında nəzərə alınır.
 
Qeyd edək ki, şagirdin KSQ və BSQ-də üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən sənədin olması mütləqdir. Sənəddə tarixlər aydın şəkildə bilinməlidir.