“Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib
Noyabrın 6-da 132-134 nömrəli Təhsil Kompleksində “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində infotur keçirilib. İnformasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələrini layihə ilə yaxından tanış etmək məqsədi daşıyan tədbirdə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən yeni metodologiyanın şagirdlərin “İnformatika” fənnini mənimsəməsində rolu müzakirə olunub.
“Microsoft”, “Edumedia”, “SAP”, “Bestcomp”, “İTE”, “AzEduNet”, “İT STEP” Kompüter Akademiyası kimi 10-a yaxın şirkət nümayəndəsinin qatıldığı tədbirdə qonaqlar əvvəlcə yeni formatda keçirilən “İnformatika” dərsinin gedişi ilə tanış olublar. VI siniflərdə informatika müəllimləri Ələddin Şıxzamanov, Sevda Bahadova və İlahə Orucovanın informatika fənninin nəzəri və təcrübə məşğələsində qurduqları dərsi müşahidə ediblər. Həm rus, həm də Azərbaycan bölməsində şagidlərin dərs prosesində fəal iştirakı diqqəti cəlb edib.
Tanışlıqdan sonra iştirakçılar dəyirmi masa ətrafında informatika fənninin tədrisində yeni yanaşmanı müzakirə ediblər. “Yeni tədris metodunun şagirdlərə müsbət təsiri” mövzusunda qurulan müzakirələrdə informasiya texnologiyaları sahəsində ölkədəki qabaqcıl şirkətlərin nümayəndələri xüsusi fəallıq nümayiş etdirib, təkliflərlə çıxış ediblər.
Təhsil Nazirliyinin nümayəndəsi, “Rəqəmsal bacarıqlar” layihəsinin koordinatoru Fəxri Qurbanov iştirakçılara layihə ilə bağlı məlumat verib, həyata keçirilən işlərdən, gələcək planlardan danışıb. Onun sözlərinə görə, “Rəqəmsal bacarıqlar” pilot layihəsi 2017-2018-ci tədris ilində Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
O, layihəyə start verilənə qədər aparılan araşdırmalara diqqət çəkib: “Layihə hazırlanarkən bu sahədə qabaqcıl ölkələrin təcrübəsi araşdırılıb. XXI əsrdə uşaqlara nəyi öyrətməliyik? – sualına cavab axtarılıb və tapılıb.Təhsil Nazirliyində bu istiqamətdə geniş iş aparılıb. Tətbiq ediləcək proqram və onun hazırkı tədris metodikasına uyğunluğu müəyyənləşdirilib”.
“Bestcom” şirkətinin nümayəndəsi Murad Əsgərzadə hazırkı işçilərdə təşəbbüskarlığın olmamasından şikayətlənib. Təmsil etdiyi şirkətin 250 işçisinin hamısının tapşırıq əsasında çalışdığını, onlara yol göstərilməsini gözlədiklərini vurğulayıb. Məktəbdə uşaqlara bu cür vərdişlərin aşılanmasının vacibliyini qeyd edib.
F.Qurbanov layihənin məqsədlərindən birinin də məhz bu olduğunu, müşahidələrin uşaqlarda təşəbbüs göstərmə, müstəqil çalışma kimi vərdişlərin inkişafına nail olunduğunu təsdiqlədiyini qeyd edib.
“Bestcom” şirkətinin nümayəndəsi Murad Əsgərzadə təklif edib ki, siniflərdə informatika bacarığı olan xüsusi istedadlı uşaqlar seçilsin və onlarla əlavə işləməklə gələcəyin proqramçıları yetişdirilsin.
F.Qurbanov bu təklifin də artıq Təhsil Nazirliyində müzakirə olunduğunu deyib: “Hazırda tətbiq ediləcək mexanizm üzərində iş gedir. Hesab edirik ki, məktəbin funksiyası informasiya texnologiyaları sahəsində xüsusi bacarığı və istedadı olan uşaqları üzə çıxarmaq, onlara gələcək karyera seçimində kömək etməkdir. Bunu hansı yolla edəcəyimizlə bağlı qərar verildikdən sonra tətbiqinə başlayacağıq”.
Ruhiyyə Daşsalahlı