Mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.
“Azərbaycan müəllimi” Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq imtahanda ümumilikdə 24987 (Bakıda 17403, Sumqayıtda 877, Abşeronda 899, Naxçıvanda 86, Gəncədə 1548, Şəmkirdə 89, Tovuzda 203, Mingəçevirdə 186, Yevlaxda 92, Şəkidə 158, Zaqatalada 343, Balakəndə 242, Qəbələdə 205, Qaxda 176, Bərdədə 235, Göyçayda 207, Şirvanda 348, Lənkəranda 336, Qubada 237, Qusarda 530, Xaçmazda 587) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 112 ümumi imtahan rəhbəri, 294 imtahan rəhbəri, 2341 nəzarətçi ayrılıb, 346 buraxılış rejimi əməkdaşı (mühafizə), 112 bina nümayəndəsi ayrılıb.
İmtahanda 30 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.